AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusu müasir dövrdə regionun ən güclü orduları sırasındadır. Qalib ordumuz ərazi bütövlüyümüzün, xalqımızın təhlükəsizliyinin və dövlət müstəqilliyimizin təminatçısıdır. Vətən müdafiəçilərimiz 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə təsdiqlədi ki, qələbə təkcə hərbi texnika və silah gücünə deyil, eyni zamanda, hər bir hərbi qulluqçunun yüksək fiziki hazırlığına, əzmkarlığına və onların ruh yüksəkliyinə söykənir. Həmçinin qələbəni şərtləndirən amillərdən biri də şəxsi heyətin fiziki hazırlığıdır. İstər təlim-dərslərdə, istərsə də döyüş meydanında fiziki göstəriciləri yüksək olan əsgər döyüş tapşırıqlarını çevik, dəqiq və vaxtında yerinə yetirir. Ona görə də döyüş hazırlığının ayrılmaz hissələrindən biri də fiziki hazırlıqdır.
Ordumuzun bütün bölmələrində şəxsi heyətin gündəlik fəaliyyətində fiziki hazırlıq məşğələsi xüsusi önəm daşıyır. Təcrübəli komandirlər əsgərləri həm idmana, həm də sağlam həyat tərzinə həvəsləndirir, onları gələcək uğurlar üçün ruhlandırırlar.
"N" hərbi hissəsinin idman şəhərciyində məşğələ rəhbəri gizir Zöhrab Əsədov şəxsi heyətə müvafiq təlimatları çatdırdı. Sonra şəxsi heyət təlimata uyğun olaraq fiziki hazırlıq məşğələsinə başladı. Qaçış zolağında addımların ahəngdarlığı eşidilirdi, hər təkrarda iradə bir az da möhkəmlənirdi. Hər biri idman hərəkətlərini bacarıqla və həvəslə yerinə yetirirdi. Məşğələ başa çatdıqdan sonra idmanın mahiyyətini və döyüş hazırlığına müsbət təsirlərini onların öz dilindən eşitdik.
Həmsöhbətim Tovuz rayonundan olan Cavid Qasımov 6 aydır hərbi xidmətdədir. Uşaqlıq illərindən idmana böyük marağı olub. O, idman arenalarında qazandığı uğurlardan həvəslə danışırdı: "İlk dəfə güləş paltarını geyinib, idman zalına daxil olanda 10 yaşım var idi. Müəllimim mənə dedi ki, daşıdığın bu idman formasının yükü böyükdür, uğur qazanmaq üçün əzmlə məşq edən, zəhmət çəkən məğlub olmaz. Azərbaycan birinciliyində 2-ci və 3-cü yerləri tutanda bu kəlmələrin mahiyyətini anladım, bir daha əmin oldum ki, idman əzmdir, qətiyyətdir. Bu hər işdə belədir. Bir sahədə uğur qazanmaq istəyirsənsə, daim öz üzərində çalışmalısan. Hərbi xidmətdə də biz əlimizdən gələni edirik ki, qalib ordumuza layiqli, yüksək döyüş hazırlığına malik əsgərlər kimi formalaşaq. Bu prosesdə də fiziki hazırlıq məşğələlərinin mahiyyəti böyükdür. İdman bizim sağlamlığımızı möhkəmləndirir, gücümüzü və döyüş ruhumuzu artırır", - deyə Cavid Qasımov vurğuladı.
Əsgər Qafar Qəhrəmanov da uşaqlıqdan idmanla mütəmadi məşğul olub. Bakı şəhəri üzrə keçirilən yarışlarda iki dəfə 2-ci yerin qalibi olub. O, idmanın mahiyyətindən danışdı: "15 yaşımdan idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlamışam, indi də idmanla mütəmadi məşğul oluram. İdman təkcə fiziki güc deyil, həm də zehni güc mənbəyidir. Həmçinin idman insanı pis vərdişlərdən uzaqlaşdırır. Hərbi hissədə fiziki hazırlığımızı artırmaq üçün hər cür şərait yaradılıb. Hərbi xidmətin bizə aşıladığı müsbət keyfiyyətlərdən biri də idmana həvəsi artırmaqdır", - əsgər belə dedi.
Əslən Lənkərandan olan Nurəli Həxiyev idmanın qarışıq döyüş növü (MMA döyüş növü) ilə məşğul olub. O da öz uğurlarından fəxrlə danışdı: "Mən Cənub bölgəsində və respublika üzrə keçirilən yarışlarda öz yaşıdlarım arasında məşğul olduğum idman növü üzrə 2-ci yeri tutmuşam. Hərbi xidmətdə də idmanla həvəslə məşğul oluram. Bütün idman normativlərini uğurla yerinə yetirirəm. Fiziki göstəricilərimin yaxşı olması xidmətimin uğurlu təşkilinə müsbət təsir edir".
"N" hərbi hissəsində xidmət edən əsgərlərin hər addımı inamdır, qətiyyətdir. İdman meydançasında qaçan əsgərlərin hər addımı, turnikdə asılan əllərin hər dartınması və əzmlə icra edilən digər idman hərəkətləri bir amal üçündür: "Vətən üçün güclü ol!" Bu isə gümrah bədən, dəmir iradə, zirehli güc, sağlam ruh deməkdir. Güc həm də mənəvi qüdrətdir.
Bir daha şahidi olduq ki, Azərbaycan Ordusunun əsgərlərinin idmana həvəsi yüksəkdir, fiziki göstəriciləri yaxşıdır və bu da onların döyüş hazırlığının yüksəldilməsinə müsbət təsir edir. Onlar üçün idman yarışdan ibarət deyil, idman onlar üçün bu torpaq, bu Vətən qarşısında müqəddəs anddır - hər zaman güclü olmaq, hər zaman çevik, möhkəm, qətiyyətli olmaq andıdır.
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"