Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2025 16:49

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş şahmat turniri keçirildi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ölkənin hərbi qurumlarında çalışan hərbi qulluqçuların və mülki şəxslərin sosial rifahını qorumaq məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirir. 
Komitə yalnız sosial məsələlərlə kifayətlənmir, əməkdaşların asudə vaxtının səmərəli təşkili üçün də mühüm layihələr reallaşdırır, kollektivində ruh yüksəkliyi yaradır.
Komitə qarşıdakı dövrdə sosial rifahın daha da yaxşılaşdırılması, ordu içində həmrəyliyin gücləndirilməsi və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir. Mülki işçilərin hüquqlarının müdafiəsi, sosial təminat və mədəni həyatın zənginləşdirilməsi komitənin əsas prioritetlərindəndir.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə həmkarlar təşkilatı üzvləri arasında şahmat turniri keçirdi.
Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində reallaşdı.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Aygün Məmmədova turniri açıq elan edərək iştirakçılara uğurlar arzuladı: "Bu gün biz - xalq və ordu olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının şərəfli ildönümünü qeyd edirik. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk müntəzəm ordu quruculuğuna başlanıldı və bu gün - 26 İyun, müstəqil dövlətimizin hərbi qüdrətinin təməl günü kimi tarixə yazıldı.
Azərbaycanın müasir Silahlı Qüvvələri Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik strategiyasının əsas sütunlarından biri olmuşdur. Ulu Öndər hər zaman deyirdi: "Güclü ordu - güclü dövlət deməkdir". Məhz Ulu Öndərin ordu quruculuğuna verdiyi xüsusi önəm və sonrakı illərdə bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir.
2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Qarabağ zəfəri - xalqın iradəsi, ordunun qəhrəmanlığı və Vətən sevgisinin təntənəsidir.
Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir hərbi qulluqçu bizim qürurumuzdur. Onların rəşadəti, vətənpərvərliyi və fədakarlığı sayəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi təmin olunur".
Daha sonra Aygün Məmmədova yarışın şərtlərini turnir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, həvəskar şahmatçıların qatıldığı yarışda 20 nəfər həmkar üzvü birinci, ikinci və üçüncü yerlər uğrunda mübarizə aparır. Beynəlxalq dərəcəli FİDE hakimi Elvin Hüseynov və idman hakimi Kazım Kazımov bildirdilər ki, Blitz şahmat turniri 7 turdan ibarətdir. "Turnir kompüter vasitəsilə aparılır. Yerlər ardıcıllıqla müəyyən ediləcək və yekun nəticələr müəyyənləşəcək. Ən yüksək xal toplayan turnirin qalibi olacaq. Turnirdə eyni xal toplayan şahmatçıların yerləri də proqrama uyğun əmsallara görə müəyyən ediləcək. Beləliklə, daha güclü oyunçular üzərində qələbə qazanan oyunçunun əmsalları daha yüksək olacaq. Bütün bunlar kompüter sistemində öz əksini tapacaq".
Nəhayət, həmkar üzvləri arasında keçirilən şahmat turniri başladı. Gərgin və ciddi mübarizələrlə müşayiət olunan turnirdə həvəskar şahmatçılar qazandıqları bilik və təcrübələrini səfərbər edərək qalib gəlməyə çalışdılar.
Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr etdiyi şahmat turniri uğurla başa çatdı.
Yekun nəticəyə görə qaliblər müəyyənləşdirildi. Həmkarlar təşkilatı üzvləri arasında keçirilən şahmat turnirində 1-ci yerin qalibi "N" hərbi hissəsinin əməkdaşı Kəlbiyev Elbrus oldu. 2-ci yeri Milli Müdafiə Universitetinin həmkar üzvü Rövşən Abdullayev, 3-cü yeri isə "N" hərbi hissəsinin həmkar üzvü Ramin Əliyev qazandılar.
Turnirin qaliblərinə Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən pul mükafatı və fəxri fərmanlar təqdim edildi.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"