AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi 28 il davam etdi. Ordu atəşi heç zaman kəsməyən atəşkəs vaxtında da düşmənin hücumlarının qarşısını alırdı, işğalın miqyasının genişlənməsinə imkan vermirdi. O illərdə də düşmən ön xətdə hərbi əməliyyatlar keçirirdi. Belə əməliyyatların birində mövqe məğlubiyyətinə uğrayan düşmən geri çəkilməyə məcbur olmuşdu. Döyüşün içində qalmış işlək tankı çıxartmağı komandir Nail Mahmudova və daha iki əsgərə tapşırmışdı. Əsgərlər tanka çata-çatda ora düşmən mərmisi düşmüşdü, Nail şəhid olmuşdu...
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid əsgər Nail Mahmudovun anım tədbiri keçirildi. Tədbiri mərkəzin zabiti baş leytenant Elçin Salmanov açıq elan etdi. Sonra Ulu Öndər Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir açıq elan edildikdən sonra şəhid əsgər Nail Mahmudovun 19 illik ömrünə və hərbi xidmətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Nail Məqarif oğlu Mahmudov 1979-cu il noyabrın 24-də Şamaxının Çarhan kəndində anadan olmuşdu. Duyumlu uşaq olmuşdu, diqqətcil yeniyetməydi, qayğıkeş cavan kimi tanınırdı və sevilirdi. Məktəbdə müəllimləri, məhəllədə qonşuları onun xasiyyətinin gözəlliyindən ağızdolusu danışırdılar. Heç kimin xətrinə dəyməzdi, könül qırmazdı, könüllər alardı. Gücü çatan işin qulpundan yapışardı.
Müəllimlərinin də, şagird yoldaşlarının da sevimlisi idi. Sinif yoldaşlarının hamısı Naili özünün dostu bilirdi. Mehriban, həlim xasiyyətinə görə sevilən Nail təkcə sinfin deyil, məktəbin də ən nümunəvi şagirdlərindən biri idi...
Onları məktəbə aparan yol maraqlarının yolu idi, istəklərinin yolu oldu, arzularının yolu oldu. Bu yol onlara Vətəni də tanıdacaqdı. Onlar da Vətəni tanıya-tanıya sevəcəkdilər. Tanıdılar - sevdilər. Onda Nail Məqarif oğlu Çarhan məktəbinin şagirdi idi...
Nail boya-başa çatdı. Hamını sevə-sevə sevildi, hamının əzizi oldu. Xoş rəftarlı cavan kimi tanınırdı. Yalanı sevməzdi, dilinə yalan gəlməzdi.
Təhsil almaq istəyirdi. Ata-ana mehirli oğul idi. Elə təhsil almaq istəyirdi ki, bu təhsil onu kənddən qoparıb uzaqlara apara bilməsin. Torpağı sevmişdi, torpağı sevirdi. Şamaxıda Kənd Təsərrüfatı Texnikumuna daxil oldu. Təhsil aldıqdan sonra ata-anasının yanında qalacağına elə sevinirdi ki!..
Dürüstlüyü sevirdi - dürüst idi, idmana olan böyük marağı onu idmançı kimi formalaşdırmışdı. Hərbi xidmətə gedəndə hərbi hissədə həm əsgər yoldaşlarının məşqini təşkil etmişdi, həm də gözəl idman guşəsi yaratmışdı...
Vətəni sevirdi, vətənpərvər əsgər idi. Komandirlərinin bütün tapşırıqlarını məsuliyyətlə yerinə yetirirdi.
Müharibə başlamışdı. Nail və döyüş yoldaşları komandirin əmri ilə döyüşdə qalmış tankı çıxartmağa getmişdilər. Bu, ciddi hərbi əməliyyat idi. 1998-ci il iyunun 17-si idi...
Tankın on addımlığındaydılar. Nail tanka yaxınlaşanda yer-göy titrədi elə bil. Elə bil düşmən olan-qalan gücünü bura toplayıbmış. Elə bil ayaqlarının altında düşmən nəfəsi gəzişdi. Elə bil bura dünyanın qurtaran yeriydi. Nail gözucu da olsa əsgərlərə baxmaq istədi, sonra tanka sarı dönəcəkdi. Heç nə görə bilmədi. Ətraf duman idi. Dumanlığın o üzündən bir topa işıq görünürdü. O işıqda kəndlərini gördü, yol gözləyən anasını gördü, qaşları çatılmış atasını gördü, əlləri qoynunda qalmış bacısını gördü, qardaşlarını gördü - Sadiq başını Nicatın çiyninə söykəmişdi, bir qədər aralıda kölgə və bir də ağ əbalı övliya gördü...
Nail şəhid oldu...
Şamaxının Şəhidlər xiyabanında uyuyur. Şəkli sanki dil açacaq, deyəcək ki,
Göyün gözlərində yaş gilələndi,
Həsrət Göy üzündən nə dərdi, Vətən?
Sənə sevgimizlə sənə qayıtdıq,
Şəhid yaşındayıq... Sədaqətimiz
Sənin ululuğun qədərdi, Vətən!
Bir vaxt əsgər idik... Son gülləmizi
atmağa çatmadı son nəfəsimiz,
İndi də ruhumuz əsgərdi, Vətən!..
Şəhid Nail Mahmudov tarixdə də yaşayacaq, onu tanıyanların ürəyində də...
Müdafiə Nazirliyi Mətbuat və İctimaiyyətlə Əlaqədar İdarəsinin Şəhid Ailələri və Qadınlarla iş sektorunun müdiri Zümrüd Səmədova respublikamızda şəhidlərə dövlət qayğısından söz açaraq bildirdi ki, bu istiqamətdə görülən tədbirlər həmişə genişləndirilir, mahiyyətcə yenilənir. Şəhid ailələri dövlət qayğısı ilə əhatələnib ki, bu da ictimaiyyət-dövlət münasibətlərinin daha da dərinləşdiyinin təzahürüdür. Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Vidadi Kərimov şəhidlərin anım tədbirlərinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətindən danışaraq, şəhid Nail Mahmudovun anım tədbirini bu baxımdan gərəkli tədbir kimi xarakterizə etdi.
Şəhid Nail Mahmudova həsr olunmuş "Yayda sərin yel əsdi" kitabının müəllifi Rəşid Faxralı şəhid əsgərin mənəvi keyfiyyətlərini, döyüş yolunu ümumiləşdirən epizodlar danışdı...
Şəhidin atası Məqarif Mahmudov, şəhidin qardaşı Nicat Mahmudov tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Hərbi Nəşriyyatın rəisi pokovnik-leytenant Namiq Cavadov bu kimi tədbirlərin ideoloji səmərəsindən, ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında əhəmiyyətindən, Nail Mahmudovun 19 illik ömrünün azərbaycançılıq işığından söz açdı...
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri şəhid Nail Mahmudovun ruhuna həsr olunmuş vətənpərvərlik mahnıları ifa etdilər.
Tədbirin sonunda iştirakçılara şəhid əsgər Nail Mahmudova həsr olunmuş "Yayda sərin yel əsdi" kitabı hədiyyə olundu...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"