AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir ordunun qüdrəti təkcə silah və texnikanın inkişaf səviyyəsi ilə ölçülmür. Əsgərin məişət şəraiti, gündəlik rahatlığı və sosial təminatı da döyüş ruhu və hazırlığının - vətənpərvərlik hissinin möhkəmlənməsində mühüm rol oynayır. "N" hərbi hissəsində də hərbi qulluqçular üçün gərəkli şərait yaradılıb.
Şəxsi heyətin məişəti yüksək standartlara uyğun qurulub. Yaradılan şərait müasir tələblərə cavab verir. Yenidən qurulmuş və müasir avadanlıqlarla təchiz edilmiş yeməkxanaya, geniş və səliqəli yataqxanaya, təmiz və funksional hamam-camaşırxanaya, açıq və qapalı idman şəhərciyinə, habelə digər məişət otaqlarına malik olan bu hərbi hissənin əsgər yeməkxanasında təmizlik diqqətimizi cəlb etdi. Səliqə-sahman, divarlardakı təbiət mənzərələri, mətbəx avadanlıqlarının yeniliyi gigiyena və müasirliyin yüksək səviyyədə olduğunu göstərir.
Yeməkxanada çalışan heyət xüsusi geyimlərdə - əlcək və maskada xidmət göstərir. Yeməkxana növbətçisi gizir Tural Qurbanəliyev 10 ildir orduda xidmət edir, bölüyün baş çavuşudur. Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatında iştirak edib. "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Əsgərlərə naharda lobya şorbası, mərci, makaron üzərində mal əti qiyməsi, kişmiş kompotu və tərəvəz verilmişdi. Bu yeməklər həm dad, həm də kalori baxımından balanslaşdırılmışdır. Aşpazlar Firuzə Nəbiyeva, Səadət Məmmədova, Amaliya Pənahova və Qumru Sadiqovanın hazırladıqları nahar əsgərlərdə gözəl ovqat yaratdı.
Aşpaz Amaliya Pənahova şəhid bacısıdır. Onun qardaşı Mübariz Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.
Əsgərlər Fariz Nərimanlı, Rüfət Lətifzadə, Əkbər Əlişanlı, Əli Məmmədov və Asim Musayev qida rasionunun zənginliyindən razılıqlarını bildirdilər. Onlar dedilər ki, yeməklər həm dadlı, həm də bol olur, menyu gündəlik dəyişir, çeşidlər zəngindir.
Əsgər Fariz Nərimanlı: "Yeməklər həm dadlı, həm də bol olur. Evdə yediyimiz yeməklərdən heç də fərqlənmir. Aşpazlar bizə ana qayğısı ilə yanaşırlar".
Əsgər Əkbər Əlişanlı: "Gündəlik yeməklərimiz zəngindir. Tərəvəz salatları, şorbalar, isti yeməklər - hamısı yüksək səviyyədə hazırlanır. Burada olan şəraitə görə də çox razıyam".
Əsgər Əli Məmmədov: "Təmizlik, gigiyena qaydalarına riayət olunması bizə göstərilən qayğının göstəricisidir".
Hərbi hissədə yaradılmış şərait orduya və hərbi qulluqçulara göstərilən qayğının göstəricisidir. Müasir dövrün tələblərinə cavab verən belə təminat sistemi həm şəxsi heyətin xidmətə olan münasibətini yaxşılaşdırır, həm də orduya etimadı artırır. Bu da hərbi xidmətə sevginin, Vətənə sədaqətin göstəricisidir.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"