Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2025 20:24

“Bu gün kursantıq, sabah zabit olacağıq”

Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə böyük tarixi şəxsiyyət Heydər Əliyev Bakıda ibtidai hərbi məktəbin açılmasını zəruri hesab etdi. Moskva onun bu təşəbbüsünü siyasi, siyasi-milli qısqanclıqla qarşıladı. SSRİ-də Naximov və Suvorov adına ibtidai hərbi məktəblərin fəaliyyət göstərdiyinin yetərli olduğunu bildirdi. Heydər Əliyev bu səbəbsiz səbəbi ciddi arqumentlərlə təkzib etdi. Azərbaycanın İttifaqda yerini də xatırlatdı, buna haqqının olduğunu da bildirdi. Güclü məntiq, qətiyyət Moskvanın etirazını üstələdi. 1971-ci ildə Bakıda 2 saylı 8 illik internat məktəbinin bazasında Cəmşid Naxçıvanski adına ibtidai hərbi məktəb açıldı. Qısa müddətdə təhsilin təşkilinə, proqram materiallarının mənimsədilməsinə, müdavimlərin yüksək təhsil və mənəvi-psixoloji hazırlığına nail olundu.
Cəmşid Naxçıvanski adına ibtidai hərbi məktəb 1997-ci il noyabrın 24-dən fəaliyyətini Hərbi Lisey kimi davam etdirməyə başladı. Ordu quruculuğunun yeni mərhələsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Müdafiə Universiteti yaradıldıqdan sonra isə hərbi lisey fəaliyyətini bu Universitetin tərkibində davam etdirir...
Hərbi liseyin 11 məzunu Azərbaycanın Milli Qəhrəmanıdır, 19 nəfər məzunu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, yüzlərlə məzun müxtəlif orden və medallarla təltif edilib...
Hərbi liseyin 53-cü buraxılışından sonra məzunların dedikləri də sabahlar üçün tarixdir:


Kursant Ömər Məmmədzadə:
- Mən Lənkəranda doğulmuşam, burada ilk təhsil almışam. Müəllimlərimin söhbətləri, özümün oxuduqlarım, televiziyadan izlədiklərim düşüncələrimdə bir istək yaratmaqda idi. Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov haqqında eşitdiklərim də, oxuduqlarım da, qəhrəmana ümumxalq sevgisi də mənim düşüncələrimdə yaranmış istəyin istiqamətini qəti müəyyənləşdiribmiş. Hərbçi olmaq istədiyimi bildirəndə atam da, anam da bir qədər tərəddüd etdi, sonda ikisi də məni köksünə sıxdı, ikisi də niyyətimə xeyir-dua verdi. 
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldum. Dərslər, laboratoriyalarda təcrübələr, çöl çıxışları - hamısı bizim hərbi bilikləri mənimsəməyimizi, hərbi vərdişlərə yiyələnməyimizi təmin etdi. Biz hərbi liseydə təhsilimizi bitirdik. Bununla da qürurlanırıq, ali hərbi təhsil alacağımızla da qürurlanacağıq.
Mən də digər kursantlar kimi özümə hərbi ixtisas bəyənmişəm. Artilleriyaçı olmağa niyyətliyəm. Niyə məhz artilleriyaçı? - İkinci Qarabağ müharibəsində hələ çox şeyi dərindən dərk edə bilməsək də, nələrisə duyurduq. Liseyə qəbul olunduqdan sonra müharibədə artilleriyaçılarımızın necə döyüşdükləri haqqında mənim də kifayət qədər geniş məlumatlarım oldu. Bu məlumatlar məni artilleriya ixtisasına yönəltdi. Mən artilleriyaçı zabit olacam...

Kursant Amin Səmədov:
- Səkkizinci sinifdə oxuyurdum. Çoxumuz gələcəkdə hansı ixtisası seçəcəyimizi bilmirdik. Yanvar ayının son günləri idi. Təsadüfən küçədə iki cavan hərbçi gördüm. Onların geyimləri də könlümə yatdı, paqonları da. Maraqlandım. Dedilər ki, Hərbi İnstitutun kursantlarıdırlar. Eşitdiyim kəlmələr düşüncələrimdə bir tərpəniş yaratdı. O anda qəti bir qərarım olmasa da, bir neçə gündən sonra hərbçi olmağa qərar verdim. Fikrimi sinif rəhbərimizə dedim. Əlini çiynimə qoydu, "Yaxşı fikirdir, atanla da məsləhətləş...", - dedi.
Hərbi liseyə qəbul olunanda hamıdan çox atam sevindi. "Sən zabit olacaqsan, mən zabit atası. İkimiz də eyni qüruru yaşayacağıq. Mən oğlumun sevdiyimiz orduda xidmət etməsini ömrümün ən gözəl illəri biləcəm...", - dedi. Bu gün atamın üzündə gözəl bir sevinc gördüm. Digər atalar da belə sevinirdi. Atalarımız sevinirdisə, kəndimiz sevinirdi, kəndimiz sevinirdisə, məmləkətimiz. Bütün kursantlar bu gün belə bir sevincə görə bir-birini təbrik etdi. Hərbi İnstitutu da belə bitirəcəyik. Kürdəmirə onda da sevinclə qayıdacam.
Liseyimizin yaranması günü keçirilən tədbirdə İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdə liseyin məzunlarının iştirakından da danışdılar. 19 nəfərin Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülməsinə də çox sevindik, bu liseyin kursantı olmağımıza da. Bu sevinci zabit olanda da yaşayacağıq!..

Kursant Səyyad Ağazadə:
- Mən Tərtərdənəm. Babam Birinci Qarabağ müharibəsindən söz düşəndə Tərtərdən qürurla, hərdən qəhərlə danışardı. Onu qəhrəman şəhər adlandırardı. Sonralar Azərbaycanın Milli Qəhrəmanı olmuş Vəzir Orucovun döyüşlərindən də, tərtərlilərin qəhrəmanlığından da danışardı. Düşmənin hücumlarının qarşısını ordu ilə birlikdə camaat alırdı. Onda hiss etmişdim ki, camaat ordunu, döyüşənləri, yəni, zabitləri sevir. Dərk elədim ki, xalq hərbi qulluqçuları sevir. Mən də gələcəkdə belə bir sevgi ilə əhatələnməyi qərara aldım. Hərbi liseyə daxil olmaq istədim. Daxil oldum. Oxudum, oxuduqca öyrənmək istəyim daha da artırdı...
Liseyi bitirdik. Buraxılış mərasimində sevincimizlə bir sırada kövrəklik də yaşadıq. Sevdiyimiz ilk hərbi biliklərə yiyələndiyimiz liseydən ayrılırdıq. Hərbi İnstitutda yenə kursant kimi bir yerdə olacaqdıq. Zabit hazırlığı dərs otaqlarından, laboratoriyalardan, təlimlərdən başlanır. Biz bu başlanğıcın ərəfəsindəyik. Hərbi İnstituta hərbi liseyin məzunu kimi gedəcəyik. Orada məzunu olduğumuz liseyin şöhrətini də yüksəldəcəyik...
Zabitlərimizi, kursant yoldaşlarımı - sabahın zabitlərini Silahlı Qüvvələri Günü münasibətilə təbrik edirəm. Valideynlərimizi, zabitlərimizi əmin edirəm ki, onların arzuladığı kimi zabit olacağıq!..

Kursant Fərid Mahmudlu:

- Hələ Ələt qəsəbəsində orta məktəbdə oxuyanda biz də yeniyetmə təxəyyülü ilə arzularımıza, istəklərimizə uyğun olan xəyallar qururduq, özümüzü müxtəlif ali məktəblərin tələbəsi kimi təsəvvür edirdik. Hamı öz seçiminin daha gərəkli olduğunu təsdiqləməyə çalışırdı. Onda tarix müəllimimiz bizə böyük tarixi şəxsiyyət Heydər Əliyevin bir fikrini xatırlatdı: "Dünyada çox peşələr var. Hər bir ölkədə, o cümlədən müstəqil Azərbaycanda da. Amma bütün peşələrdən xalq üçün, millət üçün, hər bir vətəndaş üçün, dövlət üçün ən vacib, ən dəyərli peşə milləti, xalqı, torpağı qorumaq peşəsidir - yəni, hərbi peşədir...". Dahi insanın bu kəlamı mənim də düşüncələrimi fəth etdi. Mənim də ürəyimdə hərbçi peşəsinə maraq yarandı. Niyyətimi müəllimimə dedim. "Sən hərbi liseydə ilk hərbi təhsil ala bilərsən, Fərid, orta təhsildən sonra Hərbi İnstitutda da təhsil ala bilərsən. Seçim sənin özünündür..." - müəllimim seçimi özümə həvalə etdi. Fikrimi ata-anama tam qərara gəldikdən sonra dedim. Əvvəl hərbi liseydə, sonra Hərbi İnstitutda təhsil almaq istədiyimi bildirdim. Razılıq verdilər...
Hərbi liseyi bitirdik, təntənəli buraxılış mərasimi oldu. Qürurla bərabər kövrəklik də yaşadıq. Tədbir ərəfəsində komandirimiz bizə dedi ki, bu kövrəkliyiniz də liseyə sevginizin təsdiqidir. Təhsilinizi Hərbi İnstitutda bu sevgi ilə davam etdirəcəksiniz. Hərbi İnstitut bizə daha geniş hərbi təhsil də verəcək, Hərbi liseyə sevgimizi də də yaşadacaq...

Kursant Rəsul Məmmədov:
- Hərbi liseyə kimi seçimi ilə, özünün arzusu ilə gəlmişdi, kimi valideynlərinin məsləhəti ilə, kimi tanıdığı hərbi qulluqçuların müharibə təəssüratlarına, qəhrəmanlıqlar, qəhrəmanlar haqqında söhbətlərinin təsirinə görə. Tədris başlayanda hamı bir sevginin cazibəsindəydi: Zabit olacam! Bu sevgi ilə oxuduq, liseyi bu sevgi ilə bitirdik. Liseyə daxil olanda hamımız sevinmişdik. İki ildən sonra məzun olacağımızı bilirdik. Bugünkü buraxılış tədbirinin bizim ali hərbi təhsilimizin başlanğıcı olacağını da bilirik. Ancaq doğma liseyimizdən ayrılmağın kövrəkliyini də yaşadıq. Bu kövrəklik sevgimizin davamı idi sanki.
Kursant yoldaşlarım ilə məzun yoldaşları kimi sağollaşmaq da bizə bənzərsiz duyğular yaşatdı. Biz bir-birimizə son olaraq nə arzuladıq? - Ordumuzun nümunəvi zabiti olasan! Necə gözəl arzudu! Hər birimiz hərbi liseyə bu arzunun işığında gəlmişdik.
Məzun yoldaşlarımın əksəriyyəti ilə yenə kursant yoldaşı olacam. Nə gizlədim, bəziləri ilə gələcəkdə eyni hərbi hissədə xidmət etməyi də arzulayıram. Bu gün məzunların çoxu bu duyğuları da yaşadı.
Silahlı Qüvvələr Günü ərəfəsində məzun olduq. Komandirlərimizi, zabitlərimizi, ordumuzun şəxsi heyətini məzunlar adından bu bayram münasibətilə təbrik edir, hər birinə xidməti uğurlar arzulayıram!..

Kursant Həsən Həsənov:
- Hərbi liseydə hərbi biliklərə yiyələnirdik, bunun davamı kimi müxtəlif tədbirlərdə də iştirak edirdik. Mənəvi-psixoloji hazırlıq baxımından əhəmiyyətli olan belə tədbirlərin birində ədəbiyyat müəllimimiz bizə bir şeirin bir beytini demişdi:

Bu gün kursantam, ancaq
Sabah zabit olacam!

Kursantın bu sevgisi hamımıza gözəl ovqat yaşatmışdı. Onda bu beyt hər birimiz üçün hamıya demək istədiyimiz bir niyyətin ifadəsi olmuşdu. Liseydə belə təhsil aldıq. Liseyi bu arzu ilə bitirdik. Hərbi İnstituta da bu niyyətlə daxil olacağıq.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin hərbçi peşəsinə verdiyi dəyər məzunların ömür yolunun işığına dönüb. Hərbi liseyin buraxılış günü bizim hər birimizi Hərbi İnstitutun ilk dərs gününə aparacaq. Biz də zabit olacağıq. Biz də Azərbaycan Ordusunun zabiti olmağımızla qürurlanacağıq. Hər birimizin ömürlüyünə yazılmış hərbi liseyin məzunu olmağımızla qürurlandığımız kimi qürurlanacağıq.
Məzun yoldaşlarım adından ordumuzun bütün şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm...

Rəşid HÜSEYNOV

“Azərbaycan Ordusu”