AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müsahibimiz tarix elmləri doktoru, ehtiyatda olan polkovnik, Milli Müdafiə Universiteti Hərbi Elmi İnstitutun professoru Mehman Süleymanovdur.
- Hörmətli professor, Sizin elmi tədqiqat obyektinizin bir istiqaməti də Cümhuriyyət dövrünü əhatə edir. Müsahibəni sizin sualsız cavabınızla başlayaq.
- Olsun. Bu da orduya sevginin təzahürüdür. Mən Silahlı Qüvvələr Günü münasibətilə xidmət edən hər bir hərbi qulluqçunu təbrik edirəm. Əminəm ki, onlar fədakar, sədaqətli xidmətləri ilə Azərbaycan Ordusunu Ali Baş Komandanın sərkərdəliyi ilə daha yeni inkişaf səviyyəsinə qaldıracaq, ordumuz daha böyük uğurlar qazanacaq.
- Dövlət və ordu istilahları bir-birinin şərti və bir-birinin nəticəsidir.
- Elədir. Tarix də təsdiqləyir ki, dövlətin qurulmasında da, yaşadılmasında da ordu şərtdir. Tarixən Azərbaycan ərazisində yaranmış dövlətlərin həmişə güclü qoşunu olub. Yaşamağı, var olmağı siyasi nüfuzla bir sırada bu amil də müəyyənləşdirirdi. Azərbaycanın coğrafi üstünlükləri, əlverişli həyat şəraiti, zəngin təbii sərvətləri yadelli qüvvələri bu torpağa çəkirdi. Onlara dövlət, xalq özünün güclü qoşunu ilə müqavimət göstərirdi. Yadellilər də yaxşı bilirdilər ki, bu müqaviməti qırmaq üçün onu qoşunlardan məhrum etmək lazımdır. Çar Rusiyası da belə düşünürdü. XIX əsrin əvvəllərində dövləti ilhaq etməklə bu dövlətin (xalqın) hərbi qüvvələrini ləğv etdikdən sonra azərbaycanlıları kütləvi şəkildə hərbi xidmətə cəlb etmirdi, azərbaycanlılara silah tapşırmaq, onlara silahla davranış vərdişləri aşılamaq istəmirdi. O dövrün maarifçiləri, təfəkkür sahibləri, Çar Rusiyasının işğalçı ordusunun tərkibində xidmət edən İsmayıl bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanov, sonralar Mirzə Fətəli Axundov kimi maarifçilər heç olmasa zabitlərin rus ordusu tərkibində olmasını arzu edirdilər. Ona görə də 1917-ci ilin dekabrında Müsəlman korpusunun təşkilinə başlananda Azərbaycan xalqı Cənubi Qafqazdakı qonşu xristian xalqlarından fərqli olaraq təşkilatlanma çətinlikləri ilə qarşılaşdılar.
- Yurd sözünün müxtəlif çalarlarından biri də Vətən anlamını verir. Xalq şairi Zəlimxan Yaqub yazmışdı ki, "Ordum varsa, yurdum var!". On illər əvvəl yazılsa da, bu poetik tezisin mahiyyəti deyir ki, Cümhuriyyət yarandığı dövrdə də gerçəklik belə olub...
- Ordu əqidənin, amalın gerçəkləşdirilməsində əvəzsiz əhəmiyyətə malik olan böyük qüvvədir. Azərbaycan Demokratik Respublikası qurulan dövrlərdə də gerçəklik belə idi.
1917-ci ilin dekabrında general Əlağa Şıxlinskinin rəhbərliyi ilə Müsəlman korpusunun təşkilinə başlananda Azərbaycan hələ müstəqil dövlət deyildi. Bu korpus Cənubi Qafqazda legitim hakimiyyət funksiyasını öz üzərinə götürmüş Cənubi Qafqaz Komissarlığının qərarı ilə təşkil edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə bu korpusun formalaşdırılması üçün müəyyən işlər görülmüşdü. Cümhuriyyət elan olunandan sonra Azərbaycan hökuməti bu korpusu öz nəzarəti altına götürdü, 1918-ci il iyunun 26-da onun bazasında Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müstəqil Azərbaycan dövlətinin rəhbərləri də ordu olmadan dövlətin müstəqilliyini qoruyub saxlamağın mümkünsüzlüyünü nəzərə almışdılar.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev çıxışlarında Azərbaycan Xalq Cümhuriyyəti illərində milli ordu quruculuğu sahəsində görülən işlərə, əldə edilən nəticələrə yüksək qiymət verirdi. Əlahiddə Azərbaycan korpusunun əsasının qoyulduğu günün - 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü təyin edilməsi Cümhuriyyət Ordusu ilə müasir ordumuzu mahiyyətin eyniləşdirdiyi, bu eyniliyi yaradan və yaşadan amilləri saxlamağın zəruriliyi bir fərmanla (22 may 1998-ci il) təsbit edildi. Bu fərman əslində, Ümummilli Lider tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun təşkil edilməsi istiqamətində görülən işlərə verilən qiymətin, dəyərin ifadəsi idi.
- Cümhuriyyət Ordusu yaradılmayınca və formalaşmayınca dövləti və dövlətçiliyi qorumaq, yaşatmaq mümkün olmayacaqdı. O dövrdə tarixi şərait necə idi?
- Azərbaycan Xalq Cümhuriyyəti Ordusu çox ağır və mürəkkəb bir şəraitdə yaradılmağa başlamışdı. 1917-ci ilin oktyabrında Rusiyada dövlət çevrilişi baş verdi, bolşeviklər hakimiyyəti ələ aldı. Bu hakimiyyət Rusiyanın kənarlarında da, Cənubi Qafqazda da tanınmadı. Xalqlar öz hakimiyyətlərini qurmaqla bolşevik işğalından azad olmaq istəyirdi. Cənubi Qafqazda da belə bir vəziyyət yaranmışdı. Bu bölgənin xalqları birləşərək özlərinin hakimiyyətlərini - Cənubi Qafqaz Komissarlığını elan etdilər. Bu hakimiyyətin elan edilməsi Azərbaycan xalqını azadlığa çıxartmadı. Digər tərəfdən, Bakı neftində gözü olan ən müxtəlif qüvvələr Azərbaycanı ilhaq etməyə qərarlı idilər. Həmin vaxtlarda Rusiya bolşevik hakimiyyətini təmsil edən Bakı Soveti adlı erməni-daşnak bolşevik cütlüyü Bakıda hakimiyyəti zorla ələ aldı. Bu cütlük öz hakimiyyətini qorumaq üçün Azərbaycanın vətəndaşlarına divan tuturdu, xalqa qarşı görünməmiş vəhşiliklər həyata keçirirdi. Bakıda 1918-ci ilin mart qırğınları törədildi. Sonralar bu qırğınlar bölgələrə istiqamətləndirildi. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı Sovetinin erməni-bolşevik qoşunları Gəncə istiqamətində hücuma keçdi, camaatı qıra-qıra Göyçaya qədər irəlilədi. Həmin vaxt Lənkəran bölgəsi orada qalmış Çar Rusiyası hərbi qüvvələrinin, Qarabağ bölgəsi isə erməni-daşnak qüvvələrinin nəzarəti altına keçmişdi. Bunlardan başqa, Almaniya və İngiltərə də Azərbaycan ərazisinə qoşun çıxarmağa bir bəhanə axtarırdı. O zaman Azərbaycanın bu təcavüzkarlara cavab verməyə qadir olan müdafiə qüvvələri yox idi. Azərbaycanı bu vəziyyətdən ancaq xalqın milli ordusu çıxara bilərdi...
- Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaradılmasında siyasi çətinliklər də, maddi çətinliklər də, hərbi çətinliklər də vardı.
- Azərbaycan xalqının milli azadlıq hərəkatının liderləri də, xalq da bilirdi ki, dövləti də, dövlətçiliyi də, xalqı da müxtəlif təhlükələrdən xalqın özü və ordusu qoruya bilər.
Azərbaycana qardaş köməyinə gəlmiş Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələri bazasında yaradılmış Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Azərbaycana gələndən iki gün sonra - 1918-ci il mayın 27-də Osmanlı Türkiyəsinin Hərbi Nazirliyinə bir teleqram göndərdi. Nuru paşa həmin teleqramda Azərbaycanın ağır vəziyyətini şərh etdikdən sonra yazırdı ki, Azərbaycanda ordu qurmaq üçün kifayət qədər canlı qüvvə, xüsusilə də atlılar var. Nuru paşa həm də yazırdı ki, xalq özünün topladığı ianələrlə ordunun xərclərini də öz üzərinə götürməyə hazırdır. Lakin bu qüvvələrə kömək lazımdır. Nuru paşa da, Azərbaycan hökuməti də belə bir köməyi Osmanlı dövlətinin yardımında gördülər. Osmanlı dövləti Azərbaycanın istinad edə biləcəyi yeganə ünvan idi. Osmanlı dövləti bu köməyi göstərdi, Azərbaycana hərbi qüvvələr göndərdi. Azərbaycanın və Osmanlı dövlətinin birləşmiş hərbi qüvvələri Bakıya, sonra Şuşaya qədər zəfər dolu bir yol keçdi...
Canlı qüvvənin və müəyyən qədər maliyyə vəsaitinin olması heç də ordu qurulmasını təmin edə bilmir. Qısa müddət ərzində çoxlu sayda adam toplamaq olar. Amma onlara təlim verəcək zabitlər, bu adamların yerləşdirilməsi üçün infrastruktur olmasa, silah və təchizat mövcud deyilsə, ordu quruculuğu istiqamətində dövlət siyasəti yoxdursa, ordunun idarəetmə orqanları formalaşdırıla bilmirsə, onda toplanan adamlar say artırmaqdan başqa bir şey olmur.
Çar Rusiyasının apardığı siyasət nəticəsində Azərbaycan ərazisində hərbi infrastruktur kimi yalnız Salyan kazarmaları kimi tanınan bir neçə bina qalmışdı. Milli zabitlər həddən artıq az idi. Təchizat və hərbi texnika baxımından da böyük çatışmazlıqlar var idi. Hətta bunlar mövcud olsaydı da, döyüşə biləcək, bir xalqın taleyini müdafiə etməyə qadir olan bir ordunun formalaşdırılması üçün xeyli vaxt lazım gələrdi...
- Dedikləriniz o dövrün gerçəklikləri idi, onlar bu gün tarixdir. Elə bir şəraitdə Cümhuriyyət Ordusu necə quruldu?
- Ordu müstəqil dövlətin mövcudluq atributudur, onun təşkilatlandırılması da dövlətin qarşısında dayanan ən başlıca vəzifələrdən biridir.
Cümhuriyyət Ordusunu təsəvvürə gəlməz bir təşkilatçılıq qabiliyyəti ilə mücahidlər qurdu. Burada Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinin, parlamentinin, nazirliklərinin və Hərbi Nazirliyin yekdil fəaliyyəti indi hamımızın fəxrlə xatırladığı bir ordunun qurulmasını təmin etdi. Başlıcası isə, Azərbaycan hökuməti Cümhuriyyət Ordusunun qurulmasına rəhbərliyi Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski kimi dahi hərbçilərimizə həvalə etdi.
Səməd bəy Mehmandarov 23 ay ərzində nazir kimi möhtəşəm quruculuq işləri gördü, Cümhuriyyətin süqutuna kimi bu vəzifəni icra etdi, hərb tarixində yeni bir tarix yaratdı.
Osmanlı hərbi qüvvələri Azərbaycandan getdikdən sonra hərbi qüvvələrin mövcud strukturu dağılmışdı. Səməd bəy Mehmandarov bu strukturu yenidən yaratmalı oldu. Xidmətə başlamasının ilk günlərində o, xalqa müraciət etdi, xalqı milli ordunun qurulmasına dəstək verməyə çağırdı. Mövcud olan çətinliklərdən əlavə bir çətinlik də vardı: Birinci Dünya müharibəsinin nəticələrinə görə Azərbaycanı bir müddət nəzarət altına almış ingilis hərbi qüvvələrinin komandanı Hərbi Nazirliyin Bakı şəhərindən çıxarılmasını tələb etdi. Bütün nazirliklər Bakıda yerləşdiyi halda, Hərbi Nazirlik məcburən Gəncəyə köçürüldü. Buna baxmayaraq, Səməd bəy Mehmandarovun və onun ətrafına toplanmış vətənpərvər zabitlərin tarixi fədakarlığı nəticəsində ordu quruculuğunun dinamik inkişafı təmin edildi. Yaranan ordunun şücaəti nəticəsində 1920-ci ilin mart-aprel aylarında Qarabağı Azərbaycandan qoparmaq istəyən erməni təcavüzkar qüvvələrinə ağır zərbə vuruldu, niyyət baş tutmadı.
Cümhuriyyət Ordusunun mövcud olduğu müddət ərzində onun sıralarında xidmət keçmiş 1140 zabitin, 406 hərbi məmurun hər birinin adı xatırlanmalıdır. General Əlağa Şıxlinskinin dediyi kimi, ordu Vətənin dayağı idi və onun sıralarında xalqın ən yaxşı nümayəndələri xidmət edirdilər. Cümhuriyyətin hər bir generalı və zabiti əyninə hərbi mundir geyinmiş hər bir yurddaşımızı Vətənin dayağı kimi görür, onlara tələbkar qayğını komandirlik məsuliyyətinin ayrılmaz hissəsi hesab edirdi.
Tam artilleriya generalları Səməd bəy Mehmandarovla Əlağa Şıxlinski haqlı olaraq Cümhuriyyət Ordusunun simvoluna çevrildilər. Onlar Azərbaycanın müstəqilliyinə son dərəcə sədaqətli oldular. Belə müqtədir hərbçilərlə bir sırada neçə-neçə generalın, yüzlərlə zabitin də Cümhuriyyət Ordusunun təşkilatlanmasında, ordunun yad qüvvələrə qarşı uğurlu mübarizə aparmasında böyük xidmətləri olub. Cümhuriyyət Ordusu sıralarında 28 general (Həbib bəy Səlimov, Süleyman bəy Əfəndiyev, Həmid bəy Qaytabaşı, Teymur bəy Novruzov, İbrahim ağa Usubov, Cavad bəy Şıxlinski, İbrahim ağa Vəkilov, Məmməd Mirzə Qacar və başqaları) xidmət etmişdi. Bu generalların rəhbərliyi ilə Cümhuriyyət ordusunun milli hərbi geyimi hazırlanmışdı, orduda Azərbaycan türkcəsi tətbiq edilmişdi, ordunun şəxsi heyəti arasında savadsızlığın ləğvi və Azərbaycanın qəhrəmanlıq tarixinin öyrənilməsi üçün konkret tədbirlər həyata keçirilmişdi. Hər gün döyüş hazırlığının başlanğıcında və sonunda Azərbaycan dilində yazılmış hərbi marşlar oxunurdu ki, bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olurdu.
Cümhuriyyət Ordusu 1919-cu ilin avqustunda Lənkəran bölgəsində, 1940-cı ilin mart-aprel aylarında isə Tovuz-Qazax və Qarabağ bölgəsində təcavüzkar separatizmi aradan qaldırmışdı...
O dövrün qəzetlərində, arxiv sənədlərində qalmış yazılara görə, Cümhuriyyət Ordusu xalqın sevimlisi, fəxr etdiyi bir qüvvə idi. Cümhuriyyət zabitləri və komandirləri bu sevgini öz əməlləri, Vətənə sədaqətli xidmətləri ilə qorumağa çalışırdılar...
- Ordu quruculuğunda Cümhuriyyət ənənələri tarixi sədaqətin ifadəsidir...
- Bəli, bu sədaqət tarixə tarixi bir sədaqətdir. Cümhuriyyət Ordusu ilə hazırda dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusu fərqli zamanlarda və şəraitlərdə mövcud olsalar da, onlar arasında mahiyyət eyniliyi mövcuddur. Müasir Azərbaycan Ordusu təsdiq edir ki, dövlət rəhbərliyinin aydın, konkret, məqsədyönlü siyasəti və qayğısı olmadan güclü ordu yaratmaq mümkün deyil. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda ordu quruculuğu dünyəvi ordular formatında quruldu, bu proses dövlətin qətiyyətli rəhbərliyi ilə davam etdirildi, ordu quruculuğunun istiqamətləri ilə bağlı konkret siyasət hazırlandı, tədbirlər həyata keçirildi. İlham Əliyevin respublikaya Prezidentliyi dövründə bu siyasət qətiyyətli rəhbərliyi ilə davam etdirildi. Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir olan ordunun qurulması dövlət rəhbərliyinin siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ordumuz Cümhuriyyət illərində başlanan işi böyük Zəfərlə başa çatdırdı.
Zəfər ordusu olan Azərbaycan Ordusu daha da güclənəcək. Ordumuzun şəxsi heyətini bir daha Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, hər birinə xidməti uğurlar arzulayıram.
- Müsahibəyə görə sağ olun.
Söhbətləşdi:
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"