Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2025 20:21

107 illik tarix - Qalib Azərbaycan Ordusu

Silahlı Qüvvələrimizin yaranmasından 107 il ötür. 1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi qurum olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müvafiq fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı təqvim günü - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olaraq tarixləşdi. Ötən əsrin əvvəllərində Milli Ordumuzun yaradılmasını zəruri edən səbəblər xarici təcavüzlərin qarşısını almaq, daxili düşmən qüvvələri zərərsizləşdirmək idi ki, bu da silahlı qüvvələrin yaradılmasını şərtləndirirdi. Təşkil olunan nazirliyin formalaşmasında, ordu quruculuğunda nazir kimi Səməd bəy Mehmandarovun, nazir müavini  kimi Əlağa Şıxlinskinin böyük xidmətləri oldu. Yaradılan və formalaşan orduda mühüm islahatlar keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından sonra ordu da müstəqilliyini itirdi... 
Ötən əsrin 70-ci illərində Azərbaycanda ordu quruculuğu özünün təkamül dövrünə qədəm qoydu. Azərbaycanın müasir ordu quruculuğu mərhələsinə qədəm qoyması dahi şəxsiyyət Heydər Əliyevin sayəsində mümkünləşdi. Milli zabit kadrlarımızın hazırlanması üçün Ulu Öndər Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail oldu. Tarixi şəxsiyyət Heydər Əliyev hələ sovetlər dönəmində rəhbərlikdə olarkən prioritet olaraq seçilmiş ordu quruculuğu ölkəmizin qüdrətinin artmasında vasitə oldu. Məhz onun sayəsində xalqımızın gələcək uğurlara, gözəl günlərə olan ümidi artırdı. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut), Baki Ali Hərbi Dənizçilik Məktəbində və SSRİ-nin nəzdində digər nüfuzlu xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alırdılar.
Ötən əsrin sonlarında müstəqilliyimiz bərpa olunduqdan sonra hakimiyyətdəki qrupların səriştəsizliyi və siyasi hərc-mərclik fonunda hərbi sahədə də ciddi böhran yaranmışdı. Bundan sui-istifadə edən məkrli qonşularımız havadarları sayəsində tarixi torpaqlarımıza işğalı davam etdirirdi.
Torpaqlarımızı yaradılan könüllü yerli özünümüdafiə batalyonları müdafiə edirdi. Nizami orduya malik olmayan, komandansız hərbçilərimizin qarşısında çox çətin və şərəfli vəzifə dururdu. Vətənpərvər oğullarımız çətin şəraitdə, təminatsız və təchizatsız bir vəziyyətdə düşmənlə pərakəndə şəkildə döyüşürdülər. Könüllü batalyonlardan nizami orduya keçid lazım idi. Gün keçdikcə torpaqlarımızın işğal miqyası böyüyürdü.
Vətənə xilaskar, orduya komandan, xalqa uzaqgörən şəxsiyyət gərək idi. Bu çətin və böyük vəzifənin öhdəsindən gələ biləcək şəxsiyyət, ömrünü xalqın rifahına, Vətənin inkişafına, ordunun formalaşmasına həsr etmiş Heydər Əliyev oldu. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduqdan sonra hər bir sahədə olduğu kimi, hərbi sahədə də dirçəlişə nail ola bildik. O, yerli özünümüdafiə və könüllü batalyonları, pərakəndə silahlı birləşmələri ləğv etdi, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandan olaraq, bütün riski və təhlükəni gözə alaraq, ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi Azərbaycan əsgərinin özünəinam hissini daha da artırdı. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin komandanlığı altında ordumuz Füzulinin Horadiz istiqamətində separatçı qüvvələr üzərində tarixi qələbə qazanmağı bacardı. 1994-cü ilin 12 mayında imzalanmış atəşkəsdən sonra ordu quruculuğu fəaliyyəti heç bir kənar qüvvələrin köməyi və dəstəyi olmadan, öz iqtisadi gücümüz hesabına görülməyə başladı. Ordu quruculuğu istiqamətində köklü islahat və kompleks tədbirlər həyata keçirməklə hərbi qanunvericilik bazasının yaradılması ilə şəxsi heyətin peşəkarlığının artırılması, müasir maddi-texniki bazanın formalaşdırılmasına yönəlik təxirəsalınmaz işlər görüldü. Müasir ordu quruculuğu modern tələblər çərçivəsində, beynəlxalq təcrübələr öyrənilməklə, elmi prinsiplər əsasında aparıldı. Dünyanın aparıcı ordularının standartları nəzərə alınmaqla, ordumuzun müasir sistemə inteqrasiyası aparıldı. Təkamül, təşkilatlanma, silahlanma işləri sürətləndirildi. Hərbi qulluqçuların sosial-məişət şəraiti, təchizat vasitələri müasir tələblər nəzərə alınmaqla quruldu. Zabit kadrlarının hazırlanması, müxtəlif miqyaslı təlimlərin keçirilməsi, onların xarici ölkələrdə keçirilən kurs və məşqlərə cəlb olunması şəxsi heyətin peşəkarlaşmasında mühüm faktorlar oldu. Əbədiyaşar Komandan Heydər Əliyev tərəfindən başladılan müasir ordu quruculuğu prosesini bu gün onun siyasi və hərbi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev uğur, qürur və zəfər dolu səhifələrlə davam etdirir. 
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Heydər Əliyevin sərkərdəliyi ilə həyata keçirilən Horadiz əməliyyatından sonra ordunun şəxsi heyətinin döyüş əzmi də yüksəldi, qələbə ruhu da. Bu qələbə başlanğıc qələbə kimi tarixləşdi. 2016-cı ildə Aprel döyüşləri zamanı əsas strateji nöqtələr olan Lələtəpə və Talış yüksəklikləri düşməndən azad edildi. 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının tarixi ərazi inzibati vahidi Günnüt kəndinin işğaldan azad olunması ilə bölmələrimiz bu yurd yerimizdə də üçrəngli şanlı bayrağımızı qaldırdı. 2020-ci ilin yarısında baş verən Tovuz döyüşləri xalqımızın birliyinin sarsılmazlığının simvolu oldu. Milli Qəhrəmanımız general-mayor Polad Həşimovun döyüş meydanında qəhrəmancasına şəhadətə ucalması, xalqımızı gec saatlarda küçələrə gətirdi. Qisas hissi, birlik məfhumu, xalq təəssübkeşliyi ilə küçələrə axışan qəhrəman oğullarımız xalq-ordu-dövlət birliyimizin əsas məfhumu olan Dəmir yumruq yaradaraq Ali Baş Komandanın ətrafında sıx birləşdi. Bu hadisə düşmən üçün dərs olmalı idi, çünki onlar üzləşdiyi rəzil məğlubiyyətlərlə, nəhayət, dərk etməli idilər ki, Qarabağ Azərbaycandır! Lakin düşmən başına gələnlərdən dərs çıxartmaq istəmədi və vəziyyəti daha da gərginləşdirməyə davam etdi.
Sentyabrın 27-si təqvimimizdə Anım günü olaraq tarixləşsə də, 2020-ci ilin məhz həmin günü Azərbaycan əsgərinin Zəfər və Qisas döyüşünün başladığı gün oldu. Düşmənin həmin tarixdə törətdiyi təxribat nəticəsində yaşayış məntəqələri, döyüş mövqelərimiz artilleriya atəşinə məruz qaldı və nəticədə hərbi qulluqçularımızla yanaşı, dinc sakinlərimiz, o cümlədən 2 azyaşlı dünyasını dəyişmişdi. Ali Baş Komandanımızın tapşırığı ilə ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Hər günü bir tarix olan mübarizəmiz 44 gün davam etdi. Hər gün, hər saat, hər dəqiqə, hətta saniyə qüdrətimizi təsdiqləyir, Böyük Qələbəyə bizi yaxınlaşdırırdı. Haqq savaşımız təkcə ordumuzun gücünü deyil, xalqımızın əyilməz ruhunu, döyüşçülərimizin qələbə əzmini dünyaya nümayiş etdirdi. Hər bir soydaşımızın qəlbi öz əsgərinin yanında, döyüş meydanında idi. Sadalananlar müharibənin mənəvi və ideoloji amilləri idi. İkinci Qarabağ müharibəsi, həmçinin ordumuzun, müasir müharibədə döyüşün modern üsul və vasitələrlə, humanizm prinsiplərinə sədaqətlə döyüş aparmanın bir dərsliyi idi. Güclü ordumuz XXI əsrin döyüş üslubu və üsulunu dünyaya təqdim etməklə, müasir döyüş vasitələrinin tətbiqini də hərb elminə daxil etmiş oldu. Məhz müasir döyüş üsulunun uğurlu tətbiqinin nəticəsi idi ki, düşmənin uzun illər ərzində qurduğu bir neçə istehkam səddinin aşılmasına baxmayaraq itkilərimiz az oldu. - Torpaq, uğrunda ölən varsa, Vətəndir - müharibə itkisiz olmur. Şəhidlərimizin də gözlərini qırpmadan Vətən torpağını qanı ilə suvarmaq üçün öz canlarını fəda etməkləri vətənpərvərliyin nə olduğunun təsdiqidir. Onların hər biri igidlik, cəsarət, qorxmazlıq nümunəsi yaradaraq, qəhrəmanlıq salnaməsi yazmış şəhidlərimizdir. Təsəllimiz odur ki, qisas qiyamətə qalmadı, şəhid qanı yerdə qalmadı, döyüş meydanında qisas alındı, düşmən darmadağın edildi. İşğaldan təmizlənən tarixi torpaqlarımıza bayrağımızın sancılması qisasın alınmasından, beləliklə, minlərlə şəhidimizin ruhunun artıq şad olduğundan xəbər verirdi. Düşmənin on illərlə "möhkəmləndirdiyi" mövqelərin cəmi 44 günə zərərsizləşdirilməsi Azərbaycan Ordusunun qarşısında heç bir maneənin tab gətirməyəcəyinin təcəssümü idi. Hər gün cəbhədən gələn zəfər müjdəli xəbərlər hər bir azərbaycanlının ürəyindəkindən xəbər verirdi. 
44 günün hər günü öz müqəddəsliyini qoruyub saxlayır. İşğaldan azad olunan Vətən torpağının hər qarışı bizim üçün əzizdir, lakin Qarabağımızın tacı, mədəniyyətimizin beşiyi olan Şuşanın azad olunması və bu niyyətin necə icra olunmasına nəzər salsaq görərik ki, Azərbaycan əsgəri bu müqəddəs vəzifənin öhdəsindən peşəkarcasına gəlməyi bacarıb. Xüsusi təyinatlılarımızın sıldırım qayaları aşaraq, düşməni yaxın təmasda məhv etməsi dünyanın hərbi analitik mərkəzləri tərəfindən təhlil edilir. Şübhəsiz ki, Şuşanın azad edilməsi əməliyyatı dünya hərb tarixinə yazılmış bir əməliyyatdır. Bu gün dünya ölkələrinin müxtəlif istiqamətlər üzrə hərbi ekspert və mütəxəssisləri ordumuzun müharibədə əldə etdiyi döyüş təcrübəsini öyrənir, hərbi taktikasını analiz edir. Nəticə etibarı ilə sentyabrın 27-dən başlayan noyabrın 10-dək davam edən haqq savaşımız zamanı 5 şəhər, 4 qəsəbə, yüzlərlə kənd düşmən işğalından azad edildi. Bəyanatın şərtinə əsasən, 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları Azərbaycana qaytarıldı. Qazanılan Böyük Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda Azadlıq meydanında möhtəşəm Zəfər Paradı təşkil olundu. Parad zamanı Silahlı Qüvvələrimizin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin  məhv edilmiş və ya qənimət kimi ələ keçirilmiş  hərbi texnikaları da nümayiş etdirildi.
İmzalanmış bəyanata əsasən erməni tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə vaxtın uzadılması və yeni təxribatların törədilməsi bizim xeyrimizə deyildi. Qarşı tərəfin silahlı birləşmələrinin qalıqları torpaqlarımızı tərk etmək istəmir, revanşist qüvvələr təmas nöqtələrində öz məkrli niyyətlərini icra etmək üçün fürsət gözləyirdilər. 2020-ci ilin noyabrından, 2023-cü ilin sentyabrına qədər separatçı silahlı qruplarla hərbi qulluqçularımız arasında bir neçə dəfə qanlı toqquşmalar baş verdi. Bölmələrimizin istifadə etdiyi yollarda üçtərəfli bəyanatların imzalandığı tarixdən sonrakı dövrdə Ermənistanda istehsal edilmiş minaların basdırılması və partlayış nəticəsində hərbi qulluqçularımızın şəhid olması Dəmir yumruğun işə düşməsini şərtləndirirdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutan antiterror əməliyyatı ilə erməni silahlı birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri bir gündən az müddətdə elə sarsıdıcı zərbələrə məruz qaldılar ki, ağ bayraq qaldıraraq təslim oldular. Bununla da düşmən tamamilə məğlub edildi və xeyir bir daha şər üzərində qələbə çaldı. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və digər tarixi torpaqlarımız düşməndən təmizləndi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şanlı üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qaldırıldı.
Vətən müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkına gələn hər kəs düşmən üzərində qazanılan qələbəni əks etdirən - düşməndən qənimət olaraq götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları ilə tanış olur, Azərbaycan Ordusunun gücünü bir daha dərk edir. 
İkinci Qarabağ müharibəsi zamanı qazanılan qələbənin bu il artıq beşinci ildönümü tamam olur. Müharibədən sonra da ordu quruculuğu sahəsində addımlar atılır. Dünyada gərginləşən geosiyasi vəziyyətlərin fonunda bu gün regionumuzda yeni təhdidlərin baş verməsi labüddür. Son günlər dünyada baş verən xaosun fonunda Azərbaycan Ordusu inkişaf edir. Bugünkü dünya mühiti qeyri-sabitlik, münaqişələr, terror təhlükəsi və geosiyasi qarşıdurmalarla xarakterizə olunur. Dünyanın müxtəlif regionlarında baş verən müharibələr, siyasi böhranlar və iqtisadi çətinliklər dövlətlərin təhlükəsizliyini sual altına alır. Belə bir şəraitdə güclü orduya malik olmaq dövlətin suverenliyi və sabitliyinin təminatçısı rolunu oynayır. Bu baxımdan, son illərdə və xüsusilə son günlərdə baş verən qlobal xaosun fonunda Azərbaycan Ordusunun sürətli inkişafı həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğu sahəsində ciddi addımlar atmışdır. Lakin son illər, xüsusən də 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra Azərbaycan Ordusu keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Müharibədə əldə edilən tarixi Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Hazırda dünyada artan qeyri-sabitlik - Ukraynada müharibə, Yaxın Şərqdə davam edən qarşıdurmalar, silahlanma yarışının güclənməsi - Azərbaycan üçün təhlükəsizlik baxımından həm çağırışlar, həm də imkanlar yaradır. Azərbaycan dövləti bu çağırışlara cavab olaraq ordunun daha da modernləşdirilməsi, texniki təchizatının artırılması və döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində ciddi islahatlar həyata keçirir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu müasir silahlarla təchiz olunur, yeni hərbi hissələr açılır, kadr hazırlığına xüsusi diqqət yetirilir. Türkiyə, Pakistan və digər tərəfdaş ölkələrlə hərbi əməkdaşlıq genişlənir. Ordu sıralarında həm texniki, həm də mənəvi hazırlıq yüksək səviyyədə təmin olunur.
Bu inkişaf yalnız hərbi güc baxımından deyil, həm də regional sabitlik və sülh baxımından mühüm rol oynayır. Güclü Azərbaycan Ordusu Cənubi Qafqazda balanslaşdırılmış güc mərkəzi rolunu oynayaraq bölgədə sülhün və təhlükəsizliyin əsas təminatçılarından birinə çevrilir. Eyni zamanda, bu inkişaf Azərbaycan gənclərində vətənpərvərlik ruhunu gücləndirir və milli birliyi möhkəmləndirir.
Nəticə etibarilə, dünyanın müxtəlif nöqtələrində xaos, münaqişə və qeyri-müəyyənliklər hökm sürdüyü bir zamanda Azərbaycan kimi kiçik, lakin güclü bir dövlətin öz ordusunu inkişaf etdirməsi strateji baxımdan olduqca önəmlidir. Bu inkişaf təkcə təhlükəsizlik məsələsi deyil, həm də milli qürur və gələcəyə inam məsələsidir. Azərbaycan Ordusu inkişaf etdikcə ölkəmizin sülh içində yaşamaq haqqı da daha möhkəm əsaslar üzərində qurulur.
Bu gün Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri müasir standartlara cavab verən hərbi texnika və zəruri avadanlıqlarla zənginləşdirilir. Müdafiə Nazirliyinin strukturunda təşkilatlanma işinin təkmilləşdirilməsi prosesi icra edilir, hərbi təhsil, hərbi texniki sahənin dövrün tələbləri və dünyanın aparıcı ordularının standartları əsasında qurulub təkmilləşdirilməsi, o cümlədən yüksək dəqiqlikli silah və texnikalarla təchiz edilmiş müxtəlif bölmələrin hazırlanaraq döyüş qabiliyyətinin artırılması dövlət rəhbərliyinin ordu komandanlığının qarşısına qoyduğu əsas tapşırıqlardandır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "N" hərbi hissəsinin açılışında, şəxsi heyət qarşısında etdiyi çıxışında qeyd etdiyi kimi: “Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür".
Bəli, bu gün Azərbaycan Ordusu - Qalibiyyət Ordusu olaraq öz 107 yaşını qeyd edir. Şanlı ordumuz təkcə güc sahibi deyil, xalqının qüruru, etimad ünvanı, iradə təcəssümüdür. İllər ərzində saysız-hesabsız çətinliklərdən keçmiş, Vətən, müstəqillik, azadlıq, firavanlıq üçün canını fəda etmiş minlərlə oğlumuzun sıralarında olduğu ordumuz şərəf, qəhrəmanlıq, zəfər dolu tarix sahibidir. 107 yaşını qeyd edən Şanlı Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, şəhidlərimizin əziz ruhunu dərin ehtiramla anır, döyüşlərdə yaralananlara şəfa arzulayıram. Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"