Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2025 15:04

15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində "15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti" adlı tədbir keçirilib.
Milli Müdafiə Universiteti xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Tədbirlə əlaqədar olaraq Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinin və Milli Müdafiə Universitetinin rektorunun 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar təbriklərini iştirakçılara çatdırıb. Daha sonra isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Polis məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev, Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov çıxış ediblər.
Tədbirdə qonaq  qismində Naxçıvan Muxtar Respublikasının Daxili işlər nazirliyinin Polis məktəbinin və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər.
Sonda tədbirlə əlaqədar videoçarx nümayiş olunub və xatirə şəkli çəkdirilib.



* * *


Azərbaycanın müasir tarixi bir çox sınaqlardan, çətin və keşməkeşli yollardan keçərək bu günə çatıb. Bu şərəfli yolun mühüm tarixi var - 15 iyun. 1993-cü ilin 15 iyunu dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu tarix ölkəmizin siyasi sabitliyə qovuşduğu, vətəndaş qarşıdurması təhlükəsindən qurtulduğu, hüquqi dövlət quruculuğuna doğru ciddi addımların atıldığı bir gün kimi yadda qalıb.
1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenidən bərpa etsə də, ölkə daxilində hökm sürən xaos, silahlı qarşıdurmalar, idarəolunmazlıq, iqtisadi və siyasi böhran müstəqilliyin itirilməsi təhlükəsini real bir gerçəkliyə çevirmişdi. Məhz belə bir ağır və taleyüklü zamanda xalqın çağırışı və təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı, Azərbaycanı ağır bir fəlakətdən xilas etdi. 15 iyun 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi və bununla da ölkəmizdə yeni sabitlik, inkişaf və dövlətçilik mərhələsinin təməli qoyuldu.
Bu gün 15 İyun - Milli Qurtuluş Günü yalnız bir tarixi hadisə kimi deyil, həm də milli yaddaşımızda dövlətə, müstəqilliyə və xalq iradəsinə sahib çıxmağın simvolu kimi yaşayır. Müstəqil Azərbaycanın qurulmasında, möhkəmləndirilməsində və gələcək inkişafında Ulu Öndərin həmin qayıdışı həlledici rol oynayıb. Qurtuluş Günü həm də milli həmrəyliyin, ümumxalq birliyinin, müdrik liderə inamın və gələcəyə ümidin rəmzinə çevrilib.
Tarixi əhəmiyyəti ilə seçilən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində "15 İyun - Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi" mövzusunda tədbir keçirildi. Tədbirdə hərbi qulluqçular, tarixçilər, muzey əməkdaşları və mədəniyyət mərkəzinin üzvləri iştirak etdilər. Dövlətçilik ənənələrinin təbliği, gənc nəslin tarixi yaddaşının gücləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasının bir daha vurğulanması məqsədi daşıyan tədbir, geniş proqram və məzmunu ilə diqqət çəkdi.
Tədbirin açılışında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Elşad Pənahov 15 iyun tarixinin Azərbaycan dövlətçiliyinin xilası yolunda əhəmiyyətini xüsusi vurğuladı. O, çıxışında bildirdi:
"1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, 1993-cü ilin iyun ayına qədər olan dövrdə respublikada hərc-mərclik, anarxiya, özbaşınalıq hökm sürürdü. Dövlət çevrilişləri, silahlı toqquşmalar nəticəsində hakimiyyət tez-tez əldən-ələ keçirdi. Hakimiyyətdə olan şəxslər xalqın, dövlətin deyil, öz şəxsi mənafelərini güdürdülər. Dövlətin süqutuna çox az qalmışdı. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Məhz bundan sonra respublikada ictimai-siyasi sabitlik yaradıldı, iqtisadi islahatlara başlandı. Azərbaycan vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas oldu. Milli Ordumuzun formalaşması prosesi sürətləndi. Beynəlxalq əlaqələr genişləndi".
Muzey rəisi vurğuladı ki, 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əliyevin sədr seçilməsi, dövlətin xilası istiqamətində atılmış tarixi addım oldu. "Bu gün biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qüdrətli orduya, möhkəm iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik olan bir ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanaraq ərazi bütövlüyümüzü təmin edib".
Ehtiyatda olan polkovnik Elşad Pənahov çıxışının sonunda Milli Qurtuluş Gününün sadəcə siyasi deyil, həm də ideoloji bir başlanğıc olduğunu vurğuladı və bu günün gələcək nəsillər üçün bir dövlətçilik dərsi olduğunu qeyd etdi.
Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov tərəfindən "Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı" mövzusunda elmi məruzə dinlənildi. Məruzədə Ulu Öndərin 1990-cı illərin əvvəllərindəki çətinliklər fonunda ölkə rəhbərliyinə gəlişinin tarixi zərurət olduğu, bu qayıdışın xalqın iradəsi ilə gerçəkləşdiyi və nəticə etibarilə Azərbaycanın dövlət kimi möhkəmlənməsinin əsası olduğu diqqətə çatdırıldı.
Məruzədən sonra "Xalqın taleyini dəyişən Zəfər günü" adlı sənədli film nümayiş etdirildi. Film 15 iyun 1993-cü ildə baş vermiş ictimai-siyasi hadisələri sənədli xronika, arxiv materialları və tarixi faktlarla işıqlandıraraq iştirakçılarda dərin təəssürat yaratdı.
Tədbirin yekununda çıxış edənlər bu günün təkcə tarixdə bir dönüş nöqtəsi deyil, həm də müasir müstəqil Azərbaycan dövlətinin əsası olduğunu qeyd etdilər. Vurğulandı ki, 15 İyun - Milli Qurtuluş Günü, xalqın öz taleyinə sahib çıxması, dövlətinə və liderinə inamının təntənəsidir.
Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik ruhunda mahnılar təqdim olundu. Səsləndirilən kompozisiyalar, Azərbaycanın müstəqillik yolundakı mübarizəsini və xalqın iradəsini tərənnüm etdi.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"