Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2025 15:01

“Vətən varsa, biz varıq”

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının 53-cü buraxılış mərasimi keçirildi

Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2025-ci il üzrə 53-cü buraxılışına həsr olunan təntənəli mərasim keçirildi.
Buraxılış mərasimi münasibətilə keçirilən təbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Müdafiə Universitetinin rəhbərliyi, hərbi liseyin şəxsi heyəti, müəllimlər, valideynlər, media nümayəndələri, eləcə də digər qonaqlar iştirak etdilər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin liseyin ərazisində ucaldılmış büstləri önünə gül dəstələri qoyuldu, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirildi.
Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, Azərbaycan Respublikasının Dövlət Himni ifa edildi.
Hərbi orkestrin müşayiəti ilə hərbi liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildi.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev 53-cü buraxılış mərasimi barədə məruzə etdi. Liseyin rəisi çıxış edərək Ümummilli Lider Heydər Əliyevin böyük çətinliklərə sinə gərərək qurub-yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ölkəmizdə həyata keçirilən ordu quruculuğu prosesində və Silahlı Qüvvələrimiz üçün milli zabit kadrlarının hazırlanmasında müstəsna rolunun olduğunu qeyd etdi. "Məhz buna görə də 2003-cü ilin aprelində hərbi liseyin 30 illik yubileyi xüsusi fərmanla böyük təntənə ilə qeyd olunub. 19 aprel 2003-cü ildə Ulu Öndər təhsil ocağını ziyarət edərək hərbi liseyə Döyüş bayrağını təqdim edib. Həmin il aprelin 21-də indiki Heydər Əliyev adına sarayda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Dahi Liderimiz lisey haqqında bu sözləri deyib: "Sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax bu cür baxacağam".
Polkovnik A.Mirzəyev qeyd etdi ki, bu günə qədər hərbi liseyi 14 mindən çox məzun bitirib, onlardan 20 nəfərdən artıq məzun isə "general" ali rütbəsinə yüksəlmişdir. Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri məhz bu təhsil ocağının, 1 nəfəri isə hərbi liseyin zabiti olub. Bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub. Sentyabrın 27-də başlayan Vətən müharibəsində hərbi liseyin 60 nəfərlik hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak edib, onlardan 1 nəfər şəhidlik zirvəsinə yüksəlib. Liseyin məzunlarından 19 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adı alıb, yüzlərlə zabit isə müxtəlif orden və medallarla təltif olunub.
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək əlamətdar gün münasibətilə məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından və öz adından təbrik etdi.
General-mayor G.Əbdülov bildirdi ki, bu gün burada adi bir buraxılış mərasiminə deyil, Azərbaycanın gələcək hərbi liderlərinin, Vətənə sədaqət andı içmiş yeni nəsil zabitlərin şərəfli həyat yolunun ilk addımlarına şahidlik edirik. Bu yolda sizə möhkəm iradə, əzmkarlıq və daima uca tutacağınız bir amal arzulayırıq - Vətənə şərəflə xidmət etmək.
Milli Müdafiə Universitetinin rektoru vurğuladı ki, bundan 54 il əvvəl, milli fikirlərin səsləndirilməsinin ən təhlükəli olduğu bir zamanda, gələcəkdə Azərbaycan Milli Ordusunun yaradılması düşüncəsi ilə bütün riskləri və təzyiqləri heçə sayan, qətiyyət və cəsarət göstərərək bu gün ərazisində buraxılış mərasimi keçirdiyimiz bu müqəddəs, tarixi əhəmiyyətli hərbi təhsil ocağını xalqımıza ərməğan edən Ümummilli Lider Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edirik. "Bu gün sadəcə bir mərhələ başa çatmır, bu gün bir xalqın ümidləri yeni bir nəslə əmanət edilir. Bu gün geyindiyiniz hərbi formanın şərəfini, sabah isə əmr və məsuliyyətini daşıyacaqsınız. Biz sizin buna tam hazır olduğunuzdan əminik".
Çıxışına davam edən rektor qeyd etdi ki, builki buraxılış mərasimi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin 5 illiyinə təsadüf edir. Bu təqvim tarixin və zamanın sizə ünvanladığı çağırışdır. "İndi bu torpağın hər qarışını qorumaq, hər Zəfərini möhkəmləndirmək və bu müqəddəs mirası ləyaqətlə gələcəyə daşımaq sizin öhdəliyinizdədir. Yarım əsrdən çoxdur ki, bu liseyin hər divarında bir and var: "Vətən varsa, biz varıq!" Bu andı qəbul edərək növbəti həyatınıza qədəm qoyursunuz. Bu vətənpərvərlik məktəbi sizə dözüm, fədakarlıq, dostluq və qardaşlıq öyrətdi, daha gənc yaşlarınızda sizə liderlik və özünəinam aşıladı. Bu il Azərbaycanın bütün bölgələrindən minlərlə gənc sizin sıralarınızı doldurmaq üçün rəqabət aparır. İnanırıq ki, onların arasından ən layiqliləri müqəddəs əmanəti təhvil alacaq və sizin ardınızca şərəflə addımlayacaqlar".
Məzunların valideynlərini təbrik edən general-mayor Gündüz Əbdülov dedi ki, bu gün sizin övladlarınız artıq bir ailənin fərdi deyil, güclü bir dövlətin gələcək zabit namizədləridir. "Bu uğurun təməlində sizin fədakarlığınız, tükənməz dəstəyiniz və daim ürəkdən gələn dualarınız dayanır. Bu gündən onların qazandığı hər uğur sizin əməyinizin nəticəsi, göstərdikləri hər xidmət isə dövlətə sədaqətin ifadəsi olacaqdır. Hər kəsdən daha qürurlu olmaq ən çox sizin haqqınızdır.
Hörmətli müəllim və zabit heyəti! Sizin zəhmətinizin bəhrəsi inamlı baxışlarla formasını qürurla daşıyan, hazırda qarşınızda fəxarətlə dayanan bu gənclərdir. Əməyiniz üçün təşəkkür edirik", - deyə Milli Müdafiə Universitetinin rektoru fikrini tamamladı.
Liseyin müəllimi Rəna Seyidrzayeva məzunlara uğurlar arzulayaraq onlara Vətənə layiqli zabit olmağı arzuladı.
Valideynlər adından çıxış edən Ramin Hüseynov övladının hərbi liseyi uğurla başa vuraraq məzun olmasından qürur duyduğunu bildirdi, gənc kursantlara dövlətə, Hərbi Anda sadiq qalaraq yetişmələrini, Vətən torpaqlarını hər zaman gözbəbəyi kimi qorumağa hazır olmalarını tövsiyə etdi.
Kursantlar adından çıxış edən Rüfət Rzayev onlara göstərilən etimadı doğruldacaqlarına, Azərbaycan Ordusuna layiqli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini məsuliyyətlə yerinə yetirəcəklərinə, hərbi qulluqçu adının şərəfini hər zaman uca tutacaqlarına söz verdi.
Sonra tədrisdə və intizamda fərqlənən liseyin zabit, müəllim və kursant heyəti fəxri fərmanla mükafatlandırıldı.
Kursantlara liseyin döş nişanı təqdim olundu, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi simvol vuruldu.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verildi.
Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa etdilər və şəxsi heyət təntənəli marşla tribuna önündən keçdi.

Elçin İMANOV

"Azərbaycan Ordusu"