AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, orduda diqqət yetirilməli olan məsələlərdən biri də şəxsi heyətin sosial-məişət şəraitinin yüksək səviyyədə təşkil olunmasıdır. Bu məqsədlə də tikilərək yeni istifadəyə verilən hərbi hissələrdə əsgər yataqxanaları, xidməti və istirahət otaqları, saxlanclar, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər müasir tələblər çərçivəsində inşa edilir. Müasir standartlara cavab verən yataqxanalarda hərbi qulluqçuların istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bu cür şərait isə onlara Vətənə olan övladlıq borclarını, yəni, hərbi xidmətlərini nümunəvi təşkil etmələri üçün zəruri şərait yaradır.
"N" hərbi hissəsində əsgərlərimiz üçün yaradılan məişət şəraiti diqqətimizdən yayınmadı. Müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən hamam-camaşırxana kompleksi ilə yaxından tanış olub, burada görülən işlər barədə maraqlandıq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rövşən Əliyev bildirdi ki, əsgərlərimizin nümunəvi xidmət etmələri üçün hərbi hissəmizdə hər bir şərait yaradılıb. "Şəxsi heyətin geyimi və gigiyenası, eləcə də yataq dəstləri və digər zəruri ehtiyacları hərbi hissə komandanlığının ciddi nəzarəti altında saxlanılır. Bölmələrdən təhvil alınan yataq dəstləri və geyimlər çeşidlənərək ayrılır. Onlar paltaryuyan maşınlarda keyfiyyətli yuyucu vasitələrdən istifadə olunmaqla yuyulur. İşçilərimiz tərəfindən ütülənərək çeşidlənib səliqə ilə saxlanca yığılır. Sonra isə aidiyyəti üzrə bölmələrə təhvil verilir. Bölməmizdə bu cür müasir camaşırxananın mövcudluğu, eləcə də komandanlıq tərəfindən şəxsi heyətə göstərilən yüksək diqqət və qayğı onları hərbi xidmətlərində daha da məsuliyyətli olmağa sövq edir. Bu cür şəraitdən məmnun qalan hərbi qulluqçular isə öz növbələrində onlara göstərilən bu etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışırlar. Necə ki, biz bunu 44 günlük Vətən müharibəsində yerinə yetirdik, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qələbə qazanaraq tarixi ədaləti bərpa etdik".
Söhbət əsnasında öyrəndik ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rövşən Əliyev əməliyyatlar zamanı yaralanmasına baxmayaraq qarşıya qoyulmuş bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıb və o, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Operatorlar Elnurə Dadaşova, Südabə Hacıyeva, Zülfiyyə İbrahimova və Afaq Qasımova söhbətimiz zamanı qeyd etdilər ki, ən müasir avadanlıqlarla təchiz edilmiş camaşırxanada övladlarımızı təmiz və ütülənmiş yataq dəstləri, səliqəli geyimlə təmin etmək üçün səylə çalışır, bu işin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edirik. "Əsgər balalarımıza xidmət göstərmək hər birimiz üçün şərəfli bir işdir. Onlar bizim övladlarımız, xalqımızın güvənc yeri olan ordumuzun hərbi qulluqçularıdırlar. Bu gün qəhrəman Azərbaycan əsgərinin şücaəti və igidliyi sayəsində evlərimizdə işıqlar yanır, dədə-baba yurd yerlərimizdə toy-bayram səsləri yenidən eşidilir. Biz bütün bunlara görə, başda Ali Baş Komandanımız olmaqla, hərbçilərimizə borcluyuq. Vətənin keşiyində mətinliklə duran, düşmənə gözdağı olan övladlarımıza xidmət etməkdən qürur duyuruq".
Hamam-camaşırxana kompleksində operator xanımların işlərinə məsuliyyətli, əsgərlərimizə öz övladları kimi yanaşmaları, hərbi hissədə sosial-məişət şəraitinin yüksək səviyyədə olmasını bir daha sübut etdi.
Fürsət tapıb əsgərlərlə də həmsöhbət olduq. Onlar vurğuladılar ki, hərbi hissədə mövcud olan xidməti və digər obyektlər müasir standartlara uyğun olaraq lazımi avadanlıqlarla tam təchiz olunub. Qalib ordunun əsgərləri olaraq isə onların üzərinə yalnız intizamlı olmaq, hərbi nizamnamələrin tələblərinə ciddi riayət edərək verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək düşür.
Hərbi hissədə yaradılan yüksək səviyyədə şərait bir daha onu sübut edir ki, Azərbaycan Ordusunda aparılan islahatlar sayəsində hərbi qulluqçuların xidmət şəraitinin daha da yaxşılaşdırılması, maddi-texniki təminatının gücləndirilməsi rəhbərliyin daim diqqət mərkəzindədir və bu istiqamətdə həyata keçirilən işlər plana uyğun olaraq uğurla davam etdirilir.
Elçin İMANOV
"Azərbaycan Ordusu"