AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"N" hərbi hissəsinin sıra meydanında təşkil olunan sıra hazırlığı məşğələsindəyik. Günün nizam qaydasına uyğun olaraq keçirilən dərs zamanı şəxsi heyət məşğələ rəhbərinin tapşırığı ilə sıra hazırlığının müxtəlif elementlərini icra edirdi. Nümayiş olunan hərəkətlərin gənc əsgərlər tərəfindən dəqiq və qüsursuz icrası bölmədəki hərbi hazırlığın "əlifba"sı olan sıra hazırlığının göstəricisinin yüksək olmasının izahı idi.
Məşğələ başa çatdıqdan sonra dərsin rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Turac Məmmədovla tanış olduq.
- Sıra hazırlığında təlimatçının rolu həlledicidir. Məşğələ rəhbərinin əmrvermə bacarığı, aydın səs tonu, nizam-intizamlı davranışı dərsin effektivliyinə birbaşa təsir edir. Dərs rəhbəri məşğələ zamanı yalnız tapşırıq verməklə kifayətlənmir, eyni zamanda, əsgərlərə motivasiya aşılamalı, onların mənəvi ruhunu yüksək səviyyədə saxlamalıdır, - deyən Turac Məmmədov söhbətinə davam etdi. "Hərbi vərdişlərin formalaşmasında, uğurların qazanılmasında davamlı və məqsədyönlü hazırlığın təşkili vacib şərtlərdən biridir. Hərbi xidmət boyunca təlim prosesinin əsas tərkib hissələrindən biri də şəxsi heyətin sıra hazırlığıdır. Hərbi qulluqçuların intizamlı, sinxron və zəncirvarilik prinsipi əsasında hərəkət etməsi, rəislərə yaxınlaşması və hərbi ritualların icrasında sıra hazırlığı mühüm şərtləri özündə cəmləşdirir. Bu hazırlıq şəxsi heyətə hərbi vərdişləri aşılamaqla fiziki və psixoloji üstünlükləri də qazandıran bir vasitədir. Sıra hazırlığının əsas məqsədlərindən danışanda mütləq qeyd etmək lazımdır ki, şəxsi heyətin nizami duruşunu formalaşdırmaq, onların birgə hərəkətini təmin etmək, idarəolunma qabiliyyətini artırmaq və bölmədə şəxsi heyətin hərbi intizamını nəzarətdə saxlamaqdır. Bu hazırlıq sıravi əsgərdən yüksək rütbəli zabitə qədər hər kəs üçün vacibdir”.
Əsgər Xəyal Abdullayev sıra hazırlığının hərbi xidmətin başlanğıcından sonuna qədər əsas tərkib hissəsi olduğunu dedi: "Təsdiq olunmuş plana əsasən, komandirlərimizin rəhbərliyi altında keçirilən sıra hazırlığı məşğələsi bizim xidmətimizi düzgün, intizamlı formada təşkil etməyimiz üçün üsul və vasitədir. Digər dərslərdə olduğu kimi, bu dərsdə də böyük həvəs və maraqla iştirak edirik. Silahla və silahsız sıra elementlərini yerinə yetiririk. Təcrübəli komandirlərimiz sayəsində bu hazırlığın da incəliklərini öyrənirik. İlk günlərdə məşğələlərdə çətinlik çəkirdim, bu gün bu sahədə inkişafım bacarıqlı komandirlərim sayəsindədir. Məhz onların əməyinin nəticəsidir ki, bu gün verilən tapşırıqların elementlərinin icrasını asanlıqla edirəm".
Əsgər Murad Əhmədov da komandirlərinin onların bir əsgər kimi formalaşmasında böyük rolu olduğunu qeyd etdi: "Bu gün bir əsgər və döyüşçü kimi formalaşmağımızda komandirlərimizin misilsiz rolu vardır. Xidmətimiz zamanı onların qayğısını və diqqətini daim öz üzərimizdə hiss edirik. Xidmətdə qarşılaşdığımız çətinliklərin həllində hər zaman əllərindən gələni etməyə çalışır və bu istiqamətdə zəruri işlər görürlər. Xidmətimizi təşkil edərkən komandirlərimizə və ailəmizə daim başucalığı gətirməyi özümüzə əsas məqsədlərdən biri bilirik. Bunun üçün komandirlərimizə minnətdarıq”.
Həmsöhbət olduğum əsgərlər Hüseyn İbrahimli və Vüsal Şərbətov da öz növbəsində andiçmə günündə sıra hazırlığının tərkib hissəsi olan təntənəli marşın onların xidmətində ən yaddaqalan xatirələrdən biri olduğunu qeyd etdilər. Onlar da bu gün hərbin bütün incəliklərini öyrənmək üçün çalışdıqlarını bildirdilər. Sıra hazırlığı sadəcə bir məşğələ növü deyil, bu, hərbçinin formalaşma mərhələsinin təməli və davamıdır. Əsgərlərin bu hazırlıq mərhələsində qazandıqları bacarıqlar təkcə hərbi sahədə deyil, həyatda da onlara nizam-intizamlı və məsuliyyətli olmağı öyrədir. Çünki sıra hazırlığı hərbi uğurun başlanğıcıdır.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"