Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2025 14:53

“Ana yurdun torpağı şəhid qanı ilə suvarıldıqca müqəddəsliyini itirməz”

Səhərin ilk işıqları ilə "N" hərbi hissəsinin sakit guşəsində yerləşən camaşırxanaya daxil oluruq. Burada sadə, lakin qürurlu bir ana çalışır - Şəfəq Salahova. O, Vətənə oğul verib - elə bir oğul ki, öz canı ilə millətə şərəf gətirdi, düşmənə dərs verdi. O, Vətən müharibəsinin ilk günlərində qəhrəmancasına şəhid olan Kamil Mətləb oğlu Salahovdur.
Şəfəq xanımın səsi titrəmir, amma baxışları hər şeyi deyir.  Bu baxışlarda həm qürur, həm də nisgil var. Ona görə qürur ki, o, Kamil kimi qəhrəman bir övlad böyüdüb. Ona görə nisgilni o, bu gün oğlunu qucaqlaya bilmir...
1998-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində dünyaya göz açan Kamil Salahov hələ uşaqlıq illərindən cəsarəti ilə seçilirdi. İdmanı özünə həyat tərzi seçən Kamil zamanla bu işlə peşəkar səviyyədə məşğul olmağa başlayıb və qarışıq döyüş növü (MMA) üzrə bir neçə dəfə dünya çempionu tituluna sahib çıxıb. Gözləntilər çox idi bu gəncdən - gələcəkdə böyük uğurlar, titullar, qalibiyyətlər. Amma Kamil başqa cür qalib oldu - Vətəni üçün savaş meydanında qələbə qazandı və bu qələbə onu əbədi zirvəyə ucaltdı.
Vətən müharibəsi başlayanda Kamil düşünmədən silaha sarıldı. Cəbhənin ən ağır istiqamətlərindən olan Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etdi. O, sadəcə döyüşmədi - qəhrəmanlıq göstərdi. Düşmənin doqquz postunu yararaq irəlilədi, yaralı döyüş yoldaşlarını təhlükəli ərazidən çıxartdı. Bu, əsl igidlik idi.
Onun həyatının son anı belə fədakarlıq nümunəsinə çevrildi - Kamil Salahov snayper gülləsinə tuş gələndə, döyüş meydanında yaralı silahdaşını xilas etməyə çalışırdı. Bu qəhrəmanlıq səhnəsi ömürlük dastana çevrildi - xalqın yaddaşına, millətin qürur salnaməsinə həkk olundu.
Sentyabrın 28-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalan Kamil Salahov Yevlax qəbiristanlığında  dəfn olundu. Amma onun ruhu bu torpaqda yaşayır - azad edilən yurd yerlərində, ucalan bayraqlarda, sinəsinə medal taxılmış Vətənində...
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Salahov Kamil Mətləb oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. Bu medallar təkcə onun ailəsinə deyil, bütün xalqa verilən qürur nişanəsidir.
"Oğlum əbədi mənim yanımdadır..." - Şəfəq Salahova danışır:
"N" hərbi hissəsinin camaşırxanasındakı təmiz geyimlərin arxasında bir ana ürəyinin saf, təmiz sevgisi dayanır. Şəfəq Salahova bizlə söhbəti zamanı sakit və aramla, lakin dərin və təsirli danışdı: Kamil həmişə deyərdi ki, ana, Vətən üçün yaşamağın şərəfi başqadır. Onun dedikləri sonradan həyatının mənasına çevrildi. Mən oğlumu itirdim, amma Vətən bir qəhrəman qazandı. Hər dəfə səhər işə gələndə, camaşırxanada əsgərlərin formasını qatlayanda düşünürəm ki, bu geyimləri geyinən mənim Kamilim kimi oğullardır. Hər birinə dua edirəm. Mən Kamilin yoxluğunu yox, varlığını hiss edirəm. O, həmişə mənim yanımdadır".
Şəhid anasının bu sözlərində təkcə ağrı və nisgil yox idi, həm də millətin Vətənə bağlılığını yaşadan bir ana dözümlülüyü vardı. Kamilin yoxluğunun təsirindən Şəfəq ana özünə qapanmadı. Əksinə, o, yenidən Vətənə sarıldı - bu dəfə sadə bir əməkçi kimi, amma içində dağlar boyda qürurla.
Kamil Salahovun həyat yolu və qəhrəmanlığı təkcə bir ailənin deyil, bütöv Azərbaycanın qürur mənbəyinə çevrilib. O, müasir gəncliyin vətənpərvər obrazıdır. Onun kimi gənclər sayəsində Qarabağ işğaldan azad edildi, xalqın əzmi zəfərə çevrildi. Kamilin adı bu torpaqda əbədiləşdi - sadəcə qəbir daşında deyil, məktəblərin divarlarında, insanların yaddaşında, bayraq dalğalanan təpələrdə.
Bu gün hər birimiz Kamilin və onun silahdaşlarının qəhrəmanlığını danışdıqca, gələcək nəsillərə bir mesaj ötürürük - Vətən sevdası ilə yaşayanlar heç vaxt unudulmurlar, tarixdən silinmirlər.
Kamil Salahovun timsalında şəhidlik təkcə bir ölüm yox, bir ömür anlamına çevrildi. O, fiziki olaraq bu dünyadan getsə də, ruhən xalqın ürəyində yaşayır. Onun göstərdiyi fədakarlıq hər bir Azərbaycan vətəndaşına örnəkdir.
…Səni böyüdən anaya, səninlə çiyin-çiynə döyüşən silahdaşlara, Vətən eşqi ilə yaşayan hər kəsə minnətdarıq.
Sənin uğrunda can verdiyin torpaqda, bu gün minlərlə uşaq rahatlıqla məktəbə gedir, insanlar dinc şəkildə yaşamağa başlayıblar. Sənin qanınla yazdığın tarix bu millətin yaddaşına əbədi həkk olunub. Sən bu xalqın azadlıq salnaməsində bir qəhrəman, bir örnək, bir əfsanə olaraq yaşayacaqsan.
Əbədiyyət yolçularının ən ucası olan şəhidlər - sən və sənin kimi igidlər bu xalqın əyilməzliyinin, birliyinin, mübarizə ruhunun simvolusunuz. Sənin həyatın, mübarizən və şəhidliyin bu gün gənclərimiz üçün bir yol xəritəsidir. Hər bir gənc sənin adını eşidəndə Vətən üçün yaşamağın və ölməyin nə qədər uca bir məfhum olduğunu anlayacaq.
Sən yatmırsan, Kamil! Sən bu millətin damarlarında axan qansan, şəhid analarının gözlərindəki işıqsan, qələbənin arxasındakı səssiz qürursan.
Və nə qədər ki, bu torpaq nəfəs alır, nə qədər ki, bu xalq öz bayrağını ucaldaraq yaşayır, sənin adın da, ruhun da yaşayacaq!
Ruhun şad olsun, şəhid Kamil Salahov! Adın qəlbimizdə, izlərin bu torpaqda əbədidir!

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"