AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid polkovnik-leytenant Vidadi Xəlilovun doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Milli Məclisin üzvləri, Müdafiə Nazirliyinin zabitləri, şəhidin valideynləri, döyüşçü yoldaşları, Göyçay rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Vidadi Xəlilov 16 iyun 1982-ci ildə Göyçay şəhərində ziyalı ailəsində anadan olub. Akademik Ziya Bünyadov adına Göyçay şəhər, 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub və 2003-cü ildə "Motoatıcı" ixtisası üzrə ali hərbi məktəbi bitirib. Tədbirdə şəhid polkovnik-leytenant Vidadi Vaqif oğlu Xəlilovun həyatı və hərbi xidməti haqqında məlumat verildi. Vidadi Xəlilovun necə bacarıqlı, qorxubilməz, vətənpərvər, qarşıya qoyulan döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirən zabit olduğu qeyd olundu. Vidadi Xəlilov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 30 oktyabr 2020-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüşlərdəki xidmətlərinə görə Vidadi Xəlilov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medallarına layiq görülüb.
Milli Məclisin üzvləri Elçin Mirzəbəyli, Aydın Mirzəzadə, Nigar Məmmədova çıxışlarında şəhid polkovnik-leytenant Vidadi Xəlilovun və onun kimi minlərlə qəhrəman oğullarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə döyüşlərə qatılıb 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızı azad etdiklərini bildirdilər. Bu ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" olduğunu qeyd edən millət vəkilləri Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, beynəlxalq aləmin təşkilatları tərəfindən tanınan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandığını, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını qeyd etdilər.
Şəhid Vidadi Xəlilovun anası Əminə xanım oğlunun işığına toplaşanlara dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, Vidadi Vətənə qeyrətlə, namusla, vicdanla xidmət edib. "Onun məqsədi, məramı o zaman ermənilərin işğalı altında qalmış ərazilərimizi azad etmək idi. Hər dəfə məzuniyyətə gələndə torpaqlarımızın tezliklə azad edilməsindən söz açardı. Bunun üçün bir zabit kimi üzərinə düşən vəzifəni canla-başla yerinə yetirdiyindən danışardı. İkinci Qarabağ müharibəsi başlayanda "Bu dəfə mütləq Qarabağı azad edəcəyik!" - demişdi. 30 ilə yaxın işğalda olan kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz hissə-hissə azad olunurdu. Vidadi də ön cəbhədə döyüşürdü. Üçrəngli bayrağımızın azad olunmuş Vətən torpağında dalğalanması uğrunda döyüşən bütün oğullarımız şücaətləri, igidlikləri ilə tarix yazdılar", - şəhid anası dedi.
Polkovnik-leytenant Rüfət Məmmədov şəhid Vidadi Xəlilovu kursant dövründən tanıdığını və onunla dost olduğunu bildirdi. Zabit kimi də bir yerdə xidmət etdiyini, talenin hökmü ilə Vidadi ilə eyni cəbhədə, ayrı-ayrı istiqamətlər üzrə döyüş tapşırığını yerinə yetirdiyini dedi. Gərgin döyüşlərin birində Rüfət ağır yaralanıb, bir neçə gündən sonra isə Vidadi Xəlilov şəhid olub. Uzun illər dost olduğu insanın şəhid olmasına inanmaq istəməyib. O, hər il anım günündə Göyçaya gedib dostunun məzarını ziyarət etdiyini bildirdi.
Tədbirdə ədliyyə general-mayoru Mehdi Səlimzadə, Birinci Qarabağ müharibəsi şəhidinin övladı və döyüşçü Eldəniz Rüstəmov, İslam Hüseynli və başqaları şəhid Vidadi Xəlilov haqqında xatirələrini bölüşdülər. Şəhidlərin, döyüşlərdə yaralananların sayəsində bu gün Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğunu vurğuladılar.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirildi. Tədbir iştirakçıları şəhidin guşəsi önündə xatirə şəkilləri çəkdirdilər.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"