AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycanda siyasi vəziyyət kəskinləşmişdi. Dövlət idarəçiliyində səriştəsizlik də, ambisiyalar da əvvəl siyasi mövqe narazılığı, sonra ciddi qarşıdurma yaratmışdı. Bu qarşıdurma dövlətçilik üçün böyük təhlükə idi. Ermənistanla sərhəd rayonlarda hərbi vəziyyətin daha da kəskinləşdiyi vaxtlarda separatçılıq da, dövlət çevrilişinə cəhd də, dövlətin idarə edilməsini son dərəcədə gərginləşdirmişdi. Lənkəranda dövlət çevrilişi cəhdi, Gəncədə hərbi qiyam Azərbaycanı dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdirmişdi.
Nə etməli? - dövrün tarixi sualı belə idi. Xalq çıxış yolunu böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyət xalqın təkidli tələbini yerinə yetirdi, Bakıya qayıtdı. Azərbaycan dövlətçiliyi xilas edildi. Bu qayıdış tarixi qayıdış kimi Azərbaycan dövlətçiliyinin qurtuluş günü oldu, onun Ali Sovetin sədri seçilməsi Qurtuluş Günü kimi tarixləşdi...
Xalqın sevgisinin başlanğıcı dövlətə sevgidi. Xalq dövləti sevəni sevir, dövlətçiliyi sevəni sevir. Böyük tarixi şəxsiyyət Bakıya qayıtdı. Dövlətə, dövlətçiliyə sevgisinin işığında xalqa müraciət etdi. Bu müraciət Azərbaycan dövlətçiliyinin qurtuluşuna çağırış idi, xalq bu çağırışı ruhunda, düşüncələrində hiss etdi, bu çağırış xalqın milli-xəlqi heysiyyətini əsgərləşdirdi, xalq bu çağırışa işıq kimi gəldi, milyonlarla vətənsevər bu çağırışla Bakıda Prezident Administrasiyasının qarşısına toplaşdı.
Bu birlik dövlətçiliyə sevgi idi, bu birliyi bir çağırış yaratmışdı, bu birlik inam idi, etibar idi, etimad idi, sevgi idi. Azərbaycanda siyasi vəziyyəti gərginləşdirən, gərginliyi davam etdirməyə niyyətli olan qüvvələr (bəlkə də dövlətlər!) gördü ki, bu birlik dövlətçiliyin sipəridir. Gördü və bir daha əmin oldu ki, "El bir olsa, zərbi kərən sındırar".
Gəncədə hərbi qiyam da baş tutmadı, Lənkəranda dövlət çevrilişi də. Azərbaycan dövlətçiliyi xilas edildi.
Böyük tarixi şəxsiyyət iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlərə brifinq verdi, iyunun 21-də bir sıra dövlətlərin səfirləri, diplomatları ilə görüşdü. Bu görüş gerçəklik üzərinə çökdürülən şayiələr pərdəsini götürdü...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev müharibəyə cəlb olunmuş Azərbaycanın ərazisini müdafiə etməli olan yerli müdafiə batalyonlarının buraxılmasını zəruri saydı, orduda vahid komandanlıq yaranmağa başladı. Bu, nizami ordunun formalaşmasının başlanğıcı idi. Ordumuz yarana-yarana formalaşır, formalaşa-formalaşa döyüşürdü. Azərbaycan Ordusunun dünyanın inkişaf etmiş dövlətlərinin orduları səviyyəsində formalaşması üçün müxtəlif islahatlar həyata keçirildi. Bu islahatlar ayrılıqda da, vəhdətdə də ordu quruculuğunun dünyəvi proseslərə inteqrasiyasına əsaslanırdı…
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev ordu quruculuğunun bu mərhələsində şəxsi heyətin döyüş hazırlığı ilə bir sırada onun mənəvi-psixoloji hazırlığının da yüksəldilməsini olduqca vacib bilirdi. Bunun nəticəsi idi ki, ön xətdə, səngərlərdə hərbi qulluqçularla görüşdü. Bu görüş Azərbaycan Ordusunun güclənəcəyinə inamın görüşü oldu, əsgər azad edəcəyi ərazilərə sərkərdəsi ilə yanaşı baxırdı, həm də ürəyinin gözləriylə baxırdı. Əlbəttə ki, ruhən sərkərdəsinə "Biz ərazilərimizi işğaldan azad edəcəyik!" deyirdi! Bu görüş də, bu səssiz mükalimələşmə də Qurtuluş Gününün mənəvi işığı idi və şəxsi heyətin mənəvi-psixoloji hazırlığında olduqca əhəmiyyətli oldu…
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Ali Baş Komandan olaraq ordunun döyüş əzmini, qələbə ruhunu yüksəltməyi həmin vaxtlarda ordu quruculuğu üçün başlıca şərtlərdən biri hesab edirdi. Müharibə şəraitində belə bir yüksəlişi ancaq hərbi əməliyyat yarada bilərdi. Düşmənlə təmas xəttinə yaxşı bələd olan sərkərdə - Ali Baş Komandan belə bir əməliyyatın Horadiz istiqamətindən aparılmasını məqsədəuyğun bilmişdi.
1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu Horadiz istiqamətində hücum əməliyyatına başladı. Bu əməliyyat Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi olacaqdı, Azərbaycan əsgərinin qalibiyyət əsgəri olduğunu təsdiqləyəcəkdi. Əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu qələbə ordumuzun döyüş əzmini, qələbə ruhunu ifadə edən qələbə kimi tarixləşdi…
Sonralar peşəkar hərbçilər demişdilər ki, bu əməliyyat ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında müstəsna əhəmiyyətə malik oldu...
Ordu quruculuğunun elmi əsaslarla aparılmasında hərbi-elmi biliklərin böyük əhəmiyyəti olduğu danılmazdır. Ali hərbi təhsilli komandir və qərargah zabitlərinin ixtisasının artırılmasının, hərbi sahədə elmi-tədqiqat işlərinin təşkilinin və aparılmasının, hərbi-elmi işçilərin hazırlanmasının, dövlət orqanlarında işləyən yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsinin vahid bir mənbədən təşkil edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzaladı. Sonralar İkinci Qarabağ müharibəsində tarixi Zəfərdən sonra bu Akademiyanın bazasında Milli Müdafiə Universiteti yaradıldı. Belə bir möhtəşəm hərbi təhsil sisteminin yaradılmasının da başlanğıcı mahiyyət baxımından Qurtuluş Günü hesab edilə bilər.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər yaradılmasını da təmin etdi. Belə münasibətlər Azərbaycanın iqtisadi gücünün artırılması ilə gerçəkləşə bilərdi. Dünya dövlətləri iqtisadi gücü artan Azərbaycanla siyasi və iqtisadi əlaqələr yaratmağa, mövcud əlaqələri genişləndirməyə maraq göstərirdi. Böyük strateq, siyasi xadim və yüksək erudisiyalı tarixi şəxsiyyət olan Heydər Əliyev dünyanın aparıcı dövlətlərinin təmsil olunduğu "Əsrin müqaviləsi"nin bağlanmasını gerçəkləşdirdi, "Böyük İpək Yolu" xəyaldan həqiqətə çevrildi. "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum" neft və qaz xətləri layihələri də gerçəkləşdi.
1999-cu il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdəki çıxışında Ulu Öndər demişdi: "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır". Bu fikirlər Azərbaycanın dünya dövlətləri sırasında özünəməxsus yer tutduğunu, həm siyasi, həm də iqtisadi qüdrəti ilə bəşəri dövlətlər üçün gərəkli tərəfdaş olduğunu xatırladırdı...
Ulu Öndər Azərbaycanı sevirdi, Azərbaycan dövlətçiliyini sevirdi, Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini sevirdi. Bu sevginin təzahürü idi ki, azərbaycançılığın dönməzliyi üçün, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman imzaladı. Ulu Öndər müdrikliklə deyirdi: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən ən böyük azərbaycanlı Heydər Əliyevin tariximizə, milli-mənəvi dəyərlərimizə, xalqın tarixi və ədəbi təfəkkürünə sədaqətinin nəticəsi kimi "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi beynəlxalq miqyasda qeyd edildi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayı keçirildi, az sonra Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bunlar da, Azərbaycan xalqının tarixi keçmişinin müasirliklə bağlılığının təsdiqi kimi tarixləşən bu tədbir də, müasir Azərbaycan Ordusunun bugünkü qüdrəti də başlanğıcını Qurtuluş Günündən götürür...
15 İyun tarixi gündür, Azərbaycanın dövlətçilik tarixində siyasi, tarixi, bəşəri əhəmiyyətə malik olan gündür...
"Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin bu kəlamının fəlsəfəsini dövlətçiliyin ideoloji istiqaməti kimi yaşadır.
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"