Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2025 20:22

Hərbi vətənpərvərlik azərbaycançılıq əsasında aparılır

Ordu quruculuğu dövlətçiliyin qorunmasında və möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi kimi: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Bu güclü ordu ərazilərimizi işğaldan azad etdi və ərazi bütövlüyümüz tam bərpa olundu. Hər bir dövlətin əsas atributlarından olan milli ordunun hərbi vətənpərvərlik ruhunda tərbiyəsi əsas şərtlərdəndir. Tarixi Zəfərimizdən sonra ölkədə ordu quruculuğunun yeni mərhələsi başladı. Əvvəlki dövrlərdə ordunun başlıca vəzifələri əraziləri işğaldan azad etmək idisə, sonrakı mərhələnin missiyası torpaqlarımızın daha ciddi müdafiəsi və suverenliyimizin qəsbkarlardan qorunmasından ibarətdir. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa əsaslanan güclü müdafiə hər bir hərbi qulluqçunun xidmətinin başlıca tərkib hissəsidir...
Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltməyin müxtəlif forma və metodları var və onların hər biri klassik iş üslubunun bazasında bu üslubun ideoloji müstəvisində yeniliklər sisteminin elmi əsaslarla tətbiqi ilə yerinə yetirilir. Hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyə olunması bütün formaları və metodları ümumiləşdirir. Vətənpərvərlik ruhunda tərbiyə istilahı (termini) pedaqoji fəaliyyət deməkdir. Orduda belə fəaliyyət siniflə (auditoriya ilə) məhdudlaşmır, yeni hərbi biliklər mənimsətmək də vətənpərvərlikdir, bu bilikləri təcrübi təkmilləşdirmək də, döyüş vərdişləri aşılamaq da, ...
Vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən başlayır. Hərbi xidmətə gələn gənc əsgərin vətənpərvərlik tərbiyəsi bu mühüm basiz üzərində inkişaf etdirilir, formalaşdırılır. Hərbi hissələrdə bu proses davamlı xarakter daşıyır, azərbaycançılığa istinadən hərbi xidmət dövrünü tam əhatə edir. Azərbaycançılıq nədir? - əsgər azərbaycançılığın nə olduğunu bilməsə, onun düşüncələrini, dünyadərkini, vətənpərvərlik duyğularını, duyumunu arzulanan səviyyədə formalaşdırmaq çətin olar.
Əsgər Vətəni sevməlidir, sevir. Akademik Xudu Məmmədov deyirdi ki, uşaqlara (bu anlamda gənc əsgərlərə) Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər. Gənc əsgər hərbi xidmətə başlayana kimi Vətəni sevib, Hərbi And içib, bu sevgi Vətənin məhdud səviyyədə də olsa hüdudlarını bilir. Bu, tanımaq üçün azdır, Vətəni əsgərə azərbaycançılıq tanıdır.
Azərbaycançılıq Azərbaycan dilini sevməkdir, hərbi hissələrdə aparılan tədbirlərdə bu dilin imkanları hüdudunda təqdim edilən mətləblər, xalqımızın yaratdığı və bu günəcən qoruduğu möcüzə musiqilər, incəsənət əsərləri və s. əsgərlərin estetik baxışlarını durulaşdırır, zənginləşdirir.
Azərbaycançılıq ideologiyasına əsaslanan formalaşma prosesi dünya mədəniyyətinə, incəsənətinə inteqrasiya edir. Əsgər bilir ki, zamanında yaradılan adətlər, ənənələr xalqın mirasıdır. Mirası qorumaq azərbaycançılığın başlıca şərtlərindəndir. 1300 ildən də çox əvvəl Dədə Qorqud demişdi ki, "Torpağı qorumadınsa, onu əkib-becərməyə dəyməz". Azərbaycan əsgəri torpağı qoruyur, torpaqlarımız becərilir. Yəni, Dədə Qorqudun nəsihəti azərbaycançılığa sədaqətlə yerinə yetirilməkdədir...
İkinci Qarabağ müharibəsinin döyüşləri Azərbaycan əsgərinin Vətənə xidmətinin, azərbaycançılığa sədaqətinin döyüşləri idi. Bu müharibə xalqın müharibəsi idi, xalqın bütün milli-mənəvi dəyərləri döyüşlərə səfərbər olunmuşdu. Döyüşənlər döyüşlərdəydi, digərləri ruhən döyüşlərdəydi. Bu da azərbaycançılığa sədaqət idi. Hərbi qulluqçular da, mülki vətəndaşlar da azərbaycançılığı müharibə dövrünün tələbləri səviyyəsində yaşatdılar...
Azərbaycançılıq böyüklərə hörməti vacib sayır. Bu müddəa Hərbi Nizamnamədə də təsbit edilib. Yəni, ordumuzun Hərbi Nizamnamələri də azərbaycançılığın ifadə edildiyi rəsmi sənədlərdəndir. Zamanında məktəbli olan əsgər böyüklərə (həm yaşda, həm vəzifədə, həm də rütbədə) hörmətlə yanaşır, böyükləri dinləməyi də bacarır, onların məsləhətlərini, tövsiyələrini, tələblərini yerinə yetirməyi də. Azərbaycançılıq hərbi xidmətdə vəzifə borclarını da məsuliyyətlə yerinə yetirməyi tələb edir, Vətən naminə istənilən tapşırıqları da...
Haradasa oxuduğum bir hadisəni xatırlayıram:
Vətən müharibəsi başlayanda Samir müəllim böyük israrla döyüşə getmişdi. Kəşfiyyat taqımında xidmət edirdi. Füzuli istiqamətində növbəti hücum ərəfəsində hərbi hissəyə gələn döyüşçüləri görəndə çaşqınlıqla səsləndi: "Bəhruz!". Bəhruz müəllimini tanıdı. Həsrətlilər kimi qucaqlaşdılar.
- Sizinlə burada, döyüşdə görüşəcəyimə inana bilmirəm, müəllim, - Bəhruzun gözlərində gözəl bir sevinc çiçəkləmişdi.
- Razılaşmışdıq ki, birlikdə döyüşəcəyik, - Samir müəllim şagirdinin avtomatının qundağından yapışdı. - Barmağın tətikdə titrəməsin...
O gün müəllimlə şagirdin döyüş yoldaşı olması hərbi hissədə hamını duyğulandırmışdı... Kəşfiyyata gedirdilər. Samir müəllim və beş döyüşçü. Bəhruz da döyüşçülərin sırasındaydı. Düşmənin mövqelərinə yaxınlaşmışdılar. Samir müəllimlə Tahir beş-altı addım qabaqdaydı, o biriləri iki-iki arxada, sağda və solda. Qarşı yaxanı müşahidə etmişdilər. Düşmənlər döyüş texnikalarına texniki xidmət göstərirdilər. Döyüşçülərin vurnuxmasından hiss olunurdu ki, tapşırıq üçün vaxt azlığı var...
Qayıtmağa hazırlaşırdılar. İki-üç addım atmışdılar ki, atəşə tutuldular. Samir müəllimlə Səfər himayə atışı aparırdı, digərləri atışa-atışa uzaqlaşırdılar. Düşmənin atışı getdikcə sıxlaşırdı. Samir müəllimin əmri ilə Tahir məlumatları çatdırmaq üçün döyüşün içindən sıyrılıb uzaqlaşmışdı... Bəhruz yaralanmışdı. Samir müəllim onu bir tərəfə çıxartmaq istəyirdi. Dikələ bilmirdi. O biri döyüşçülər atışa-atışa geri çəkilməkdəydilər. Samir müəllimin Bəhruzu döyüşün içindən çıxarda bilmədiyindən xəbərsiz idilər...
Köməyə gələnlər gördüklərindən heyrətləndilər: Samir müəllimin sağ qolu Bəhruzun başının altındaydı, Bəhruzun sol qolu Samir müəllimin kürəyində. İkisi də şəhid olmuşdu...
Hərbi xidmət hər əsgərə hərbi biliklər verir, bu biliklər təlimlərlə möhkəmləndirilir, əsgərin döyüş hazırlığı mənəvi-psixoloji hazırlıqla bir sırada yüksəlir. Azərbaycan Ordusunda insan (əsgər) amili həmişə yüksək mənəvi ehtiramlar səviyyəsində dayanıb.
Azərbaycançılıq məfkurədir, məfkurə - xalqın tarixinə düşən işıqdır, mədəniyyətdir, ədəbiyyatdır, incəsənətdir. Azərbaycan Ordusu yarandığı gündən məfkurə ilə əhatələnib, məfkurənin əsgəri olub, torpağı qoruya-qoruya azərbaycançılığı qoruyub, azərbaycançılığı qoruya-qoruya məfkurəni qoruyub. Azıx mağarasını, Gəmiqayanı, Damcılını, Qobustanı, ... tanımayan düşüncələri ədəbiyyatımızdan (Dədə Qorquddan, bayatılarımızdan, nağıllarımızdan, folklorumuzdan bəhrələnməyən) Nizami, Füzuli, Nəsimi hikmətinə bələd olmayan azərbaycançılığın mahiyyətini dərk edə bilərmi? Dərk edə bilməzsə, onu necə yaşada bilər? Hərbi hissələrdə əsgərlərlə aparılan ideoloji iş bunları da əhatə etdiyinə görə əsgərlər azərbaycançılığın mahiyyətini həm dərk edir, həm də hərbi xidmət dövründə düşüncələri bu dərklə formalaşır.
Azərbaycançılığı dərk etməyən əsgər güclü əsgər ola bilməz.
Milli-mənəvi dəyərlər kamil bir sistemdir. Azərbaycançılıq bu sistemin başlıca mahiyyəti. Azərbaycançılığa görə, dostluq müqəddəs duyğudur. Azərbaycan Ordusunda bu duyğu hərbçi məsuliyyəti ilə, Vətənə sevgi səviyyəsində mənəvi dəyər kimi yaşadılır.
Xalqın müharibəsi kimi tarixləşən İkinci Qarabağ müharibəsində xalqın milli mentaliteti də müsəlləh əsgər idi. Ordu döyüşürdü, Vətənə sevgi döyüşürdü, milli mentalitet döyüşürdü, azərbaycançılıq döyüşürdü. Dostluq xalqın düşüncə sistemində qoruna-qoruna yaşadılan, yaşadıla-yaşadıla müqəddəsləşdirilən bir duyğudur. İkinci Qarabağ müharibəsində əsgər (döyüşçü) dostluğu döyüşlərin, döyüşlərdə qələbənin şərtlərindən biri olmuşdu:
İki əsgər vardı - Ziyəddin, Kəramət. Hərbi xidmətə eyni gündə gəlmişdilər. İlk "salam-əleyk"dən bu yana bir yerdəydilər. Eyni taqımda xidmət edirdilər, çarpayıları yan-yanaydı. İkisi də torpaq mehirliydi. İkisi də dürüst dost idi. Yuxuları dolaşıq düşəndə pıçıltıyla Başlıbel faciəsindən, Qaradağlı faciəsindən, Meşəli, Ağdaban, Xocalı faciələrindən danışırdılar. İşğalı sona çatdırmaq üçün, şəri biryolluq yox etmək üçün onlar da müharibə arzulayırdılar...
Müharibədə bu iki dost Füzuli istiqamətində döyüşürdü. Komandirləri onlara və daha iki döyüşçüyə döyüşlə sol tərəfdən düşmənin diqqətini yayındırmaq əmri vermişdi. Həmin tərəfdə döyüşürdülər...
Kəramətin avtomatı sus-muşdu. Ziyəddin ona sarı süründü. Sürünə-sürünə onu səslədi. Kəramətin səsi gəlmədimi, Kəramət onu eşidə bilmədimi, hər nəyiydisə, Ziyəddinin qəlbini gümanlar didişdirirdi. Bir də səslədi. Güllə səsləri içində səssizlikdən ürəyi sıxıldı. Güllələr papağını sıyırdı. Dizi üstə sürünə-sürünə dostuna yetişmək, onun hayına çatmaq istədi...
Dostunun gəlişini duyan Kəramət azca dikəldi. Elə bil gözlərinin işığı artdı. Dar macalda həzin-həzin əsən meh ümidinin köynəyinə döndü, köynəyinin məlhəminə. Dirsəklənmək istədi. Ağrılar imkan vermədi. Canını dişinə sıxıb döyüşlər gedən tərəfə baxdı. Sonra  Ziyəddinə tərəf. Gözləri torlaşmışdı...
Ziyəddinin son nəfəsi Kəramətin son nəfəsini bürüdü. İkisi də şəhid olmuşdu…
Əsgər dostluğunu azərbaycançılıq yaratmışdı, Vətən naminə döyüşmüşdülər, azərbaycançılığa sədaqətlə döyüşmüşdülər, döyüşçü dostluğunun cazibəsində şəhid oldular…
Azərbaycançılıq ideologiyadır, məfkurədir, İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər ordu quruculuğunda yeni mərhələ yaratdı. Bu mərhələdə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı azərbaycançılıq ideologiyası əsasında aparılır. Bu ideologiya Azərbaycan Ordusunun şəxsi heyətinin dünyaduyumunun fəlsəfi mahiyyətini ifadə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra ordunun yaranması gününə həsr edilmiş təntənədə dedi: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi". Bu təntənə azərbaycançılıqdan qaynaqlanan təntənə kimi - ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında tarixin yaratdığı elmi-mənəvi tezis kimi həmişə ordu quruculuğunun subyekti olacaqdır...

Rəşad ƏLİYEV

“N” hərbi hissəsi