AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda anadan olub. Atası Yusif bəy İrəvan quberniyasında məhkəmədə çalışıb. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olub və gimnaziyanı birinciliklə bitirib. O, 1900-cü ilin avqustunda orduya könüllü yazılaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında xidmət edib, "unter-zabit" rütbəsi alıb. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra 3-cü Qafqaz atıcı batalyonunda xidmətə başlayıb və "podporuçik" hərbi rütbəsinə layiq görülüb.
1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə həmin hərbi hissədə 3-cü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında "Müqəddəs Vladimir" ordeni ilə təltif edilib. Həbib bəy 1908-1910-cu illərdə 5-ci Qafqaz atıcı batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə "kapitan" rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib.
O, 1918-ci il martın 14-dən Müsəlman korpusunda xidmətə başlayıb. Sonradan korpusun üç süvari alayından ibarət briqadasının qərargah rəisi təyin edilib.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra H.Səlimov Qafqaz İslam Ordusunun tərkibində daşnak-bolşevik qoşunlarına qarşı döyüşlərdə fəal iştirak edib. Onun komandanlığı altında formalaşdırılan Müsüslü dəstəsi Müsüslü, Kürdəmir və Karrar ətrafındakı döyüşlərdə daşnak-bolşevik hərbi birləşmələri üzərində parlaq qələbə qazanıb. 1918-ci ilin iyulun ortalarında Müsüslü dəstəsinin bazasında yaradılan Cənub qrupu Həbib bəyin komandanlığı altında Bakı ətrafına qədər şərəfli döyüş yolu keçib. Azərbaycan qoşunlarının Gəncədən Bakıya qədərki yürüşü zamanı Atbulağı, Nəvahini (indiki Hacıqabul rayonunun ərazisi) və Ələti erməni-bolşevik qüvvələrindən azad edib. Bu nailiyyətlərinə görə hələ daşnak-bolşeviklərə qarşı əməliyyatların davam etdiyi dövrdə ona "polkovnik" hərbi rütbəsi verilib.
1918-ci il noyabrın 15-də Hərb Nazirliyinin əmri ilə H.Səlimov Azərbaycan Ordusunun Ümumi qərargahının və nazirliyin dəftərxanasının rəisi təyin edilib. 1919-cu ilin fevralında Nazirlər Şurasının qərarı ilə Bakının azad edilməsindəki xidmətlərinə görə "general-mayor" rütbəsinə layiq görülüb.
1919-cu ilin iyulunda briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən rus-erməni silahlı qüvvələri darmadağın edilib.
1920-ci il fevralın 17-də Həbib bəy Səlimov Hərb nazirinin əmri ilə Azərbaycan Ordusu qərargahının yenidən qurulması üçün yaradılan komissiyanın sədri təyin edilib. Azərbaycan Ordusunun vahid qərargahının yaradılmasından sonra Həbib bəy onun rəisi təyin edilib.
Həbib bəy Səlimovun başlıca xidmətlərindən biri 1920-ci ilin mart-aprel aylarında uğurla keçirilmiş Qarabağ əməliyyatıdır. Bu əməliyyat zamanı dövlətə xəyanət edərək, silahlı qiyam qaldırmış erməni-daşnak silahlı birləşmələrinə ağır zərbə vurulub, bölgədə Azərbaycanın suveren hüquqları bərpa edilib. Belə ki, 1920-ci ilin mart-aprelində Qarabağda "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın başçılıq etdiyi ermənilərin silahlı dəstələrinin üsyana qalxmasından sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun böyük bir qismi Həbib bəy Səlimovun rəhbərliyi ilə bu üsyanı yatırmaq üçün Qarabağa göndərilib. Əsgəran keçidini tutan üsyançılar Azərbaycanın digər əraziləri ilə Dağlıq Qarabağın əlaqə yolunu kəsmişdilər. Həbib bəy Səlimovun hərbi zəkası və bacarığı nəticəsində erməni üsyanı yatırılıb və onlar cəzalandırılıblar. "Əsgəran müharibəsi" adı ilə məşhur olan bu döyüşlərdə Həbib bəy Səlimov misilsiz qəhrəmanlıqlar göstərib.
Həbib bəy Səlimovun hərb tariximizdə xidmətləri və Bakının azad edilməsində sərkərdəlik bacarığı misilsizdir.
Həbib bəy Səlimov 1920-ci ilin aprel istilasından sonra ordu sıralarından istefa verib. Həmin ilin mayında Naxçıvana hərbi komissar təyin olunub.
1920-ci il sentyabrın 1-də Həbib bəy saxta ittihamlarla həbs olunub və həmin ilin dekabrın 30-da bolşeviklər tərəfindən güllələnib.
Özünü hərbi peşəyə və Vətənə xidmətə həsr edən Həbib bəy Səlimov ailə qurmayıb.
"Azərbaycan Ordusu"