AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ordu quruculuğu prosesi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra böyük islahatlar həyata keçirilməklə davam etdirilir. Bu islahatlar hərbi təhsil sistemini də əhatə edir, nəticə etibarilə zabit və gizir kadrları hazırlığı qoşunlarının komplektləşdirilməsi prosesini tamamlayır.
Heydər Əliyev adına Hərbi İnstitutu bitirib qoşunlarda xidmətə başlayan gənc zabitlərin hərbi bilikləri təhsildə çöl çıxışları ilə möhkəmləndirilirdi, qoşunlarda xidmətə başlayandan sonra təcrübə ilə Müdafiə Nazirliyinin müəyyən etdiyi plan əsasında tamamlanması istiqamətində hərbi hissələrdə müəyyən tədbirlər də həyata keçirilir. Bunların mahiyyəti hərbi təhsil prosesinin davamıdır; gənc zabit qoşunlarda xidmətə daha mükəmməl hazırlıqlı zabit kimi başlayır və nəticə etibarilə ordunun döyüş hazırlığı yüksəlir.
"N" hərbi hissəsində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq tapşırığına əsasən, bölmələrdə xidmətə başlayan gənc zabitlər üçün aylıq toplanışlar təşkil olunur. Bu toplanışlar hərbi xidmətə başlayan gənc zabitlərin praktiki və nəzəri biliklərinin yüksəldilməsində, xidmətini daha bacarıqlı zabit kimi davam etdirməsində əhəmiyyətli olur. Belə toplanışlar da mahiyyəti baxımından tədris prosesinin davamı hesab edilə bilər.
Leytenant Emil Mustafayev bu toplanışların əhəmiyyəti haqqında dedi:
- Mən də ixtisasım üzrə müəyyən biliklər öyrənmişdim, təcrübi vərdişlərə yiyələnmişdim. Hərbi hissədə xidmətə başlayanda belə toplanışların təşkil edilməsinə mən də, digər gənc zabitlər də sevindik. Bu toplanış bizim zabit kimi formalaşmağımızda əhəmiyyətli olacaq. Bir ay müddətində həftədə bir dəfə keçirilən belə məşğələlərdə konkret tapşırıqlar yerinə yetiririk, başlıca olaraq hesablamalar aparırıq ki, bu da bilavasitə xidmətimizin tərkib hissələrindən biridir.
Gənc zabitlər üçün təşkil edilən bu toplanış kompleks məşğələ formatında həyata keçirilir, həftə ərzində öyrədilmişlərin (əslində, xatırladılanların) necə mənimsənildiyi test üsulu ilə yoxlanılır. Toplantının xarakterində müəyyən sərbəstlik olduğuna görə gənc zabitlər sual-tapşırıqları daha sərbəst yerinə yetirirlər.
Leytenant Emil Mustafayev bildirdi ki, kursant olanda biliklərimizi fərdi hazırlıqla da artırırdıq. "Onda nəyi necə mənimsədiyimiz imtahanlarda bilinirdi. Bu toplantıda da fərdi hazırlıqdan bəhrələnilir, toplantıya cəlb olunmuş gənc zabit konkret tapşırığı necə mənimsədiyini həftənin sonunda bilir. Çatışmazlıq varsa, onu aradan qaldırmağa çalışır və buna nail olur. Belə toplantılar hərbi xidmətə başlayan gənc zabitlərin nəzəri bilikləri ilə təcrübi vərdişlərinin vəhdətini formalaşdırır, zabitin onların hərbi tapşırıqlara tətbiqini təmin etmə bacarığını da təkmilləşdirir. Bu baxımdan hərbi hissəmizdə təşkil edilən bu toplanış döyüş hazırlığının yüksəldilməsi üçün əhəmiyyətlidir".
Emil Mustafayev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Heydər Əliyev adına Hərbi İnstitutun məzunudur. İxtisası üzrə institutu ən yaxşı nəticələrlə bitirənlərdən biri olub. Qoşunlarda xidmətə taqım komandiri kimi başlayıb. Bu toplantıda da verilmiş tapşırığı vaxtından əvvəl yerinə yetirdi. Təlim rəhbərindən öyrəndim ki, tapşırığı düzgün həll edib.
Taqım komandirinin bacarığı taqımın şəxsi heyətinin bacarığı deməkdir, taqımların döyüş hazırlığı - ordunun gücü. Bu baxımdan gənc leytenantların komandirlik səriştəsinin yüksəldilməsi bilavasitə ordu quruculuğu prosesinin tərkib hissəsi olur.
Leytenant Emil Mustafayev əminliklə dedi ki, yüksək döyüş hazırlığına malik olan şəxsi heyət istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Digər taqımların şəxsi heyəti kimi bizim taqımın şəxsi heyəti də İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanmış igidlərimizin döyüş yolunu davam etdirməyə hazırdır...
Gənc zabit ordumuzun qüdrəti ilə də qürurlanır, əsgərlərin dövlətə, dövlətçiliyə, orduya, Hərbi Anda sədaqəti ilə də...
"Qürurlanıram ki, hərbçiyəm, qürulanıram ki, artilleriyaçıyam...", - leytenant Emil Mustafayev ehtirama layiq hərbçi ömrü yaşayacağına əmindir. Məsuliyyəti ilə, sevgisi ilə...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"