Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2025 20:22

“Vətən sevgisi hər şeydən üstündür”

Mən Azərbaycan Ordusunda xidmət edən bir əsgərəm. Bu müqəddəs torpağın keşiyində dayanmaq, şəhidlərimizin canlarından keçdiyi bu Vətəni qorumaq mənim üçün böyük fəxrdir, şərəfdir. Hər nə qədər ailəmdən, yaxınlarımdan uzaqda olsam da, səhərlər əsgər yoldaşlarımın ümid dolu baxışlarını gördükdə, səngərdə "Vətən sağ olsun!" deyə səsləndiklərini eşidəndə bu torpağı qorumaq üçün daha da ilhamlanıram, özümdə güc tapıram. 
Hərbi xidmət asan deyil. Burada işimiz təkcə səngərdə durmaqla bitmir. Əsgər həyatı bizi dözümlü edir, ruhumuzu gücləndirir. Biz burada dostlar qazanırıq, çörəyimizi bölüşür, bir-birimizin dərdinə şərik oluruq. Asudə vaxtlarımızda bir-birimizin bacarıqlarını kəşf edirik. Hər gün səhər idmanından başlayaraq nizam-intizamı, döyüş hazırlığını, silahın sirlərini və taktiki məşqləri öyrənirik. Boş vaxtlarımızda kitab oxuyur, tədbirlər keçirir, musiqi dinləyir, Vətənə olan sevgimizi daha da ucaldırıq. Bəzən evimizə məktub yazırıq - valideynlərimizə, doğmalarımıza... Bəzən də Vətənin hər bucağından gələn məktublar ruhumuzu ilhamlandırır. Bütün bunlar əsgər həyatının unudulmaz anlarıdır. Burada hər kəsin bir amalı var: Vətəni qorumaq.
Hər qarış torpaqda şəhidlərimizin qanı var. Onların müqəddəs xatirəsi bizim üçün ən böyük dəyərdir. 44 günlük Vətən müharibəsi xalqımızın birliyini, əsgər iradəsini və şəhidlərimizin canı bahasına qazanılmış şanlı Qələbəmizi göstərdi. Bu Zəfər daim yolumuzu işıqlandıracaq.
Əsgərlik həm də bizə həyat dərsi verir. Burada öyrəndiyim ən dəyərli dərs odur ki, Vətən sevgisi hər şeydən üstündür. Silahı tutmaq, ürəyindəki inamı qorumaq vacibdir. Əgər ürəyin Vətənlə döyünürsə, heç bir güc səni məğlub edə bilməz. Xalqımızın inamı, duaları bizə güc verir. Biz buradayıq və Vətənin keşiyindəyik. Əsgərin yolu şərəflidir, müqəddəsdir. Vətən sağ olsun!

Əsgər

Maqsud SOLTANOV “N” hərbi hissəsi