AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün regionun ən güclü ordusu olan Azərbaycan Ordusunun qüdrəti onun şəxsi heyətinin döyüş hazırlığı ilə bağlıdır. Bunu 44 günlük Vətən müharibəsi və digər uğurlu döyüş əməliyyatları, qazanılan qələbələr, əldə olunan nəticələr tam təsdiq etdi.
Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığını artıran əsas amillərdən biri də mütəmadi olaraq keçirilən təlim və məşğələlərdir ki, bu da gənc əsgər hazırlığı dövründən başlayır. Hərbi xidmətə yeni çağırılmış gənc əsgərlər hərbin ilkin sirlərinə yiyələnir, sonrakı dövrlərdə isə ona aşılanan bilikləri müxtəlif təyinatlı təlimlərdə daha da möhkəmləndirirlər. Keçirilən hər bir məşğələ, hər bir təlim real döyüş şəraitinə uyğunlaşdırıldığı üçün hərbi qulluqçular da öyrəndikləri nəzəri bilikləri praktiki məşğələlərdə tətbiq edərək bilik və bacarıqlarını daha da təkmilləşdirirlər. İllik hazırlıq planına əsasən keçirilən təlimlərdə ən son döyüş əməliyyatlarında qazanılan təcrübələr daha əhatəli şəkildə hərbi qulluqçulara aşılanır.
"N" hərbi hissəsində mühəndis bölmələrinin şəxsi heyəti ilə keçirilən məşğələnin şahidi oldum. Hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində ərazinin kəşfini aparır, minaaxtaranlar vasitəsilə mina və partlamamış döyüş sursatlarını aşkar edib zərərsizləşdirir, eləcə də digər tapşırıqları praktiki olaraq icra edirdilər.
Torpaqlarımızın ərazi bütövlüyü ilə suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında mühəndis qoşunları da digər hərbi birləşmələrlə birlikdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, Qələbənin əldə olunmasında və xalqımıza tarixi zəfərin sevincinin yaşadılmasında mühüm rol oynamışdır. Əməliyyatlar zamanı keçidaçma, mühəndis maneələrinin dəf olunması, partlayıcı qurğu və döyüş sursatlarının zərərsizləşdirilməsi, təminat yollarının salınması və digər mühəndis təminatı üzrə fəaliyyətlər mühəndis-istehkam bölmələri tərəfindən qısa zamanda müvəffəqiyyətlə icra olunaraq, qoşunlarımızın hərəkəti üçün əlverişli şərait yaradıbdı.
Qələbə ilə yekunlaşan əməliyyatlardan sonra da mühəndis-istehkam bölmələrimiz öz fəaliyyətlərini davam etdirərək, ata-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz yurd-yuvalarına qayıtması, onların həyat təhlükəsinin aradan qaldırılması üçün işğaldan azad olunmuş ərazilərimizdə xidməti fəaliyyətlərini müvəffəqiyyətlə davam etdiriblər.
Hərbi hissənin zabiti mayor Anar Bəxşəliyev ilə məşğələ yerinə yollandım. Zabit dedi ki, keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmada olan müasir mühəndis avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilir. "Hərbi qulluqçular onlara təhkim edilmiş avadanlıqların taktiki-texniki göstəricilərini, istismar xüsusiyyətlərini mükəmməl mənimsəməlidirlər. Nəzəri baxımdan mənimsənilmiş biliklər isə ancaq məşğələ və təlimlərlə möhkəmləndirilir. Buna görə də şəxsi heyət məşğələlərə məsuliyyətlə yanaşır, öyrədilənləri praktiki tətbiq edərək döyüş hazırlıqlarını artırırlar. Məşğələlərdə əsgərlərə ixtisasları barədə lazımi məlumatlar verilir. Bu məlumatların praktiki tətbiqetmə üsul və formaları da xatırladılır. Mütəmadi olaraq keçirilən bu cür dərslər Vətən müdafiəçilərinin döyüş hazırlığının artırılmasında əhəmiyyətli olur".
Baş leytenant Kənan Rzayev dedi ki, mühəndis-istehkamçılar döyüş zamanı əhəmiyyətli vəzifəni yerinə yetirirlər. "Əməliyyatlar zamanı bölmələrimizin hərəkəti üçün keçidlərin açılması və müxtəlif mühəndis maneələrinin dəf olunması döyüşün gedişatına təsir edən amillərdən biridir. Qazanılan müsbət nəticə bir çox hallarda mühəndis təminatı üzrə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsindən də asılıdır. Hər birimiz üzərimizə düşən məsuliyyəti dərk edir və mütəmadi olaraq keçirilən dərslər zamanı tabeliyimizdə olan şəxsi heyətin praktiki vərdişlərinin artırılmasına çalışırıq. Mühəndis-istehkamçıların peşəkarlığının artırılmasında keçirilən bu cür məşğələlərin böyük əhəmiyyəti vardır. Bugünkü məşğələdə xüsusi təchizatla təmin olunmuş mühəndis-istehkam qrupu tərəfindən ərazidə mühəndis kəşfinin aparılması, mina və partlamamış döyüş sursatlarının aşkar olunması, eləcə də digər mühəndis təminatı üzrə fəaliyyətlər icra olunur. Hərbi qulluqçularımız bu cür məşğələ və təlimlərdə yeni-yeni təcrübələr qazanır, vərdişlərini təkmilləşdirirlər".
Əsgər Ramal Musayev qısa bir müddətdə komandirlərindən mühəndis-istehkam peşəsinin sirlərini öyrəndiyini, istənilən tapşırığı icra etməyə hazır olduğunu bildirdi. "Mütəmadi olaraq dərslər keçirilir, öyrəndiklərimizi praktiki olaraq icra edirik".
Əsgər Şahmar Mirzəyev qeyd etdi ki, harada olmağımızdan asılı olmayaraq Vətənimizi sevməli, azad etdiyimiz torpaqlarımızı göz bəbəyimiz kimi qorumalıyıq. "Bu səbəbdən də təcrübəli döyüşçü kimi formalaşmaq əsas vəzifəmizdir. Vəzifələrimizin öhdəsindən layiqincə gəlmək üçün komandirlərimizdən hər şeyi öyrənməyə çalışır, təlim zamanı üzərimizə düşən tapşırıqları əzmlə yerinə yetiririk. Hər birimiz xidmətimizə məsuliyyətlə yanaşırıq".
Əsgərlər Xəyyam İmanov, Vasif Əliyev, Samir Rzayev, Sərxan Rzayev və başqaları da qeyd etdilər ki, həm sinif, həm də çöl dərslərində qarşımıza qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirmək üçün əlimizdən gələni əsirgəmir, Azərbaycan əsgəri adını layiqincə daşımaq üçün səylə çalışırıq.
Elçin İMANOV
"Azərbaycan Ordusu"