Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2025 20:22

Çar ordusunun “Xan” ləqəbli sərkərdə generalı

"Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn xan Naxçıvanski komandanlıq edirdi". Bu sətirlər A.Soljenitsin "14 avqust" romanındandır. Rusların Zaqafqaziyanı (indiki Cənubi Qafqaz) işğalından sonra Naxçıvanski soyadını qəbul edən Kəngərlilər nəsli Azərbaycanın hərb tarixinə 5 general bəxş edib. Ehsan xan, Kəlbəlı xan, İsmayıl xan, Hüseyn xan və Cəmşid xan Naxçıvanskilər bu nüfuzlu nəslin nümayəndələridir. Rusiya hərb tarixinə adı qızıl hərflərlə həkk olunmuş Hüseyn xan Naxçıvanski nəinki böyük bir nəslin, həm də Azərbaycan xalqının qəhrəman oğlu kimi hərb tariximizə şan-şöhrət qazandırıb. Bu araşdırma yazımda əsas yeri və önəmi çar ordusunun nüfuzlu sərkərdəsi, tam süvari generalı Hüseyn xan Naxçıvanskinin Birinci Dünya müharibəsində azərbaycanlı oğlu kimi döyüş cəbhələrində apardığı əməliyyatlarına və hərbi yaradıcılıq fəaliyyətinə vermişəm. 
Birinci Dünya müharibəsində 2 hərbi koalisiya formalaşmışdı: Almaniya, Avstriya-Macarıstan və İtaliya - Üçlər İttifaqı; - İngiltərə, Fransa, Rusiya-Antanta adı almış hərbi blok yaratdılar. 1914-cü ildə çar Rusiyası dünyada ən böyük orduya malik olmuşdur. Ordunun tərkibində 1816 batalyon, 1110 eskadron, 7088 top var idi. Rusiya bu hərbi gücün təxminən 85%-ni Avropadakı hərbi əməliyyatlara yönəltmək məqsədi güdürdü. Belə ki, Çar Rusiyası sayı 1 milyon 300.000 nəfər olan ordu və 5 milyon 650.000 nəfər olan təlim keçmiş ehtiyat qüvvəsinə malik idi.
Alman ordusunun 788.000 nəfər, ehtiyatda isə 4 milyon 900.000 canlı qüvvəsi var idi. Əksər ölkələrin silahlı qüvvələri quru qoşunları və hərbi dəniz donanmasından ibarət olub. Quru qoşunlarına piyada, süvari, topçu, xüsusi, mühəndis, rabitə hissələri, arxa cəbhə xidmətləri daxil idi. O zaman aviasiya və zirehli qüvvələr, yəni, zirehli avtomobillər və zirehli qatarlar mühəndis qoşunlarına aid idi. Qoşunlar ordularda birləşirdi, ordu isə korpus və diviziyalardan ibarət idi. Piyada diviziya 2 piyada briqada hər birində 2 alay, top briqadası, 1-3 süvari eskadronu, 1-2 istehkamçı bölüyü və arxa cəbhə bölmələrindən ibarət idi. Diviziyada 16-21.000 canlı qüvvə cəmlənmişdi.
Rusiya ilə müharibə Şərqi Prussiya üçün almanlar tərəfindən çox yaxşı möhkəmləndirilmiş döyüş meydanına çevrilmişdi. Bu meydanın sol cinahı yaxşı təchiz olunmuş Königsberq qalası ilə müdafiə edilirdi. Bu bölgədə Almaniyaya qarşı hərbi əməliyyatlar Şərqi Prussiya əməliyyatları adını aldı. Əməliyyatların aparılması Şimal-Qərb cəbhəsinə tapşırılmışdı. Cəbhə qarşısında qoyulmuş başlıca vəzifə, aşağı Visla da daxil olmaqla, Şərqi Prussiyanı ələ keçirtməkdən ibarət idi. Bu vəzifənin həyata keçirilməsi üçün cəbhə boyu 2 ordu düzülmüşdü.
Süvari generalı Pauel Karloviç von-Rennenkampfin komandanlığı ilə 1-ci ordu və süvari generalı A.V.Samsonovun komandanlığı ilə 2-ci ordu generalı P.K.Rennenkampfinin 1-ci ordusunu sağ cinahdan qorumaq üçün tərkibində 1-ci və 2-ci süvari qvardiyası və 3-cü süvari diviziyaları olan xüsusi süvari dəstəsi təşkil olunmuşdu. Dəstəyə komandanlıq general-leytenant Hüseyn xan Naxçıvanskiyə həvalə olunmuşdu. Bu avanqard dəstəyə Stalüpenin və Qumbineninin Şimalından keçməklə İnstenburq üzərinə hücum etmək əmri verilmişdi, digər qüvvələrin qarşısında isə Cənubdan hücuma keçməklə alman qruplaşmasını mühasirəyə salmaq məqsədi qoyulmuşdu.
Xan Naxçıvanski "yuxarıdan" göstərişləri gözləmədən sağlam düşüncəyə və silahdaşlarının cəsarətinə güvənərək sərbəst hərəkət edirdi. Süvari alayının tarixi Hüseyn xan Naxçıvanskinin süvari dəstəsinin şücaəti, əməliyyatları şanlı döyüş salnaməsi kimi qorunub saxlanılıb. Süvari dəstəsinin komandanı 1-ci Almaniya süvari diviziyasının Pilkallen şəhərində yerləşməsi haqqında məlumat alıb, ona hücum etmək qərarını verdi. General-leytenant Hüseyn xan Naxçıvanskinin dəstəsinin itisürətli hücum əməliyyatları nəticəsində alman şəhəri Pilkallen ələ keçirildi. Elə həmin avqust günlərində hərb tarixinə Kauşen döyüşü kimi daxil olmuş hadisələr başladı.
Avqustun 6-da səhər general-leytenant Hüseyn xan Naxçıvanski İnster çayının sol sahilində, Kauşen və Nauninqken arasındakı sahədə düşmənin keşikçi mühafizəsinin aşkarlanmasına dair məlumatlar aldı. Eyni zamanda, düşmənin piyada kolonunun Kraupişken kəndinə tərəf hərəkəti qeydə alınmışdı. Alman piyada qoşun hissələrinin ordunun sağ cinahı üçün çox təhlükəli ola biləcəyini nəzərə alan Hüseyn xan Naxçıvanski düşməni vurub geri atmaq, İnster çayı üzərindəki keçidi tutmaq qərarına gəldi. Keçidi yalnız Pelleninken kəndi yaxınlığında tutmaq əmri almasına baxmayaraq, Naxçıvanski öz qərarını dəyişmədi və bu gözlənilməz şəraitdə özünün cızdığı plan əsasında hərəkət etdi. Pilkallen və  Kauşen kəndlərindən yağdırılan şiddətli çarpaz atəş süvari qvardiyasının irəliləməsinin qarşısını almasına baxmayaraq, xan Naxçıvanskinin yanında fəaliyyət göstərən böyük knyaz Dmitri Pavloviç komandirindən kəşfiyyat aparmaq və düşmən qüvvələrini dəyərləndirmək əmrini alaraq, riskli əməliyyatın öhdəsindən layiqincə gələ bildi.
Almanlar əks-hücum edəcəyi halda yenə də riskli əməliyyatın yerinə yetirilməsinə xan Naxçıvanskinin şəxsi ehtiyatında olan 3-cü eskadronun komandiri rotmistr baron P.N.Vrangel cəsarət etdi. Rotmistr Vrangelin cəsarətli həmləsi qurbanlar bahasına başa gəlsə də, bu xan Naxçıvanskinin süvari dəstəsi ilə birgə döyüşü qələbə ilə yekunlaşdırmağa imkan verdi. Süvari alayının qəniməti 2 top, 4 yeşik partlayıcı maddə və artilleriya müşahidə qülləsindən ibarət oldu.
Kraupişken kəndi yaxılığında ağır döyüşdə igidliklərinə görə xan Naxçıvanski süvari qvardiyaçılardan general-mayor Skoropadskinə, rotmister baron Vrangelə və böyük knyaz Dmitri Pavloviçə ən mühüm hərbi orden olan 4-cü dərəcəli ”Müqəddəs Georgi” ordenini təqdim etdi. Avqustun 12-də səhər tezdən xan Naxçıvanskinin süvari dəstəsi Allenburq üzərinə istiqamət götürdü, öndəki hissələr Pregel çayına yaxınlaşdı. Köniqsberq üzərinə ümumi hücum başlandı. Süvari dəstəsi Allenburq istiqamətində hərəkət etməli idi. Generalın süvari dəstəsi qarşıya qoyulmuş vəzifənin öhdəsindən bacarıqla gəldi.
Şərqi Prussiyada ağır avqust döyüşlərində Hüseyn xan qolundan yaralansa da, döyüş meydanını tərk etmir. 13 oktyabr 1914-cü il tarixdə Hüseyn xan 2-ci süvari korpusunun komandiri təyin olunur. Korpusa 12-ci süvari diviziya və Qafqaz yerli süvari diviziyası daxil idi.
General-leytenant Hüseyn xan Naxçıvanski süvari korpusu üzrə özünün 1 nömrəli əmrini Peremişel yaxınlığında Sombora adlanan yerdə 4 dekabr 1914-cü il tarixdə gündüz saat 1-də imzalamışdı.
İlk əmrdə göstərilirdi ki, korpus ertəsi günü, yəni, 5 dekabr tarixində Avstriya ordusuna zərbə endirməlidir. Digər qoşun hissələri - kəşfiyyat və rabitə də daxil olmaqla tabeliyindəki 2 diviziyanın döyüş vəzifələrini korpus komandiri dəqiq müəyyənləşdirmişdi. 1 nömrəli əmrlə iki müavin təyin edildi: biri general-leytenant Kaledin, ikincisi  general-mayor əlahəzrət böyük knyaz Mixail Aleksandroviç idi. Sonrakı əmrlərdən göründüyü kimi, xan Naxçıvanskinin rəhbərliyi ilə tədricən digər birləşmələr verilir, eyni zamanda, vəzifələr böyüyür və mürəkkəbləşirdi. 14 dekabr 1914-cü ildə səhər saat 10:40-da imzalanmış əmrlər uğurla yerinə yetirilmişdi. Taktiki səhvlərə baxmayaraq, ikinci süvari korpusu uğurlu əməliyyatlar aparır, onun gücü əlavə edilmiş birləşmələr hesabına artırdı. Korpusun tərkibinə general-leytenant A.İ.Denikinin komandanlığı ilə atıcı briqada verilmişdi. Bir müddət general-leytenant Denikinin briqadası, sonra isə qarışıq dəstəsi xan Naxçıvanskinin tabeliyində olmuşdu.
Bir ildən bir az artıq vaxt keçəcək və Qalisiyadakı Lutski əməliyyatı yeni cəbhə komandanı general Aleksey Brusilovun şöhrətini göylərə qaldıracaqdır. Brusilovun uğur yolunda ilk rolu olan hərbi birləşmələrdən biri xan Naxçıvanskinin  komandanlığındakı 2-ci süvari korpusudur. Rus ordusunun ali komandanlığı general-leytenant Hüseyn xan Naxçıvanskinin süvari dəstələrinin 1914-cü ilin avqustunda Şərqi Prussiyadakı fəaliyyətini əsas götürərək, hərbi orden sayılan "Müqəddəs Georgi" ordeninə, bu dəfə daha yüksək 3-cü dərəcəli ordenə layiq gördü. 2-ci "Müqəddəs Georgi" ordenini Hüseyn xan 1914-cü ilin oktyabrında döyüşən orduya baş çəkən hökmdar imperatorun öz əllərindən qəbul etmişdi.
12 noyabr 1914-cü il tarixdə Qalisiyada, xüsusən Stanislav şəhərində Avstriya-Macarıstan qoşunlarına qarşı ağır döyüşlərdə yenidən fərqləndiyinə görə general-leytenart xan Naxçıvanski növbəti döyüş ordeni ilə təltif edilir.
Bu gün Rusiya Dövlət Hərbi Tarix arxivində 1915-ci ilin mart-aprel tarixlərində imzalanmış 2-ci süvari korpusu üzrə məxfi əmrlər qovluğu saxlanılır. Həmin əmrlər korpus komandiri Hüseyn xan Naxçıvanski tərəfindən şəxsən tərtib edilmiş və imzalanmışdır.
Dnestr üzərində Zaleşiki şəhəri yaxınlığında əməliyyat ayrıca bir hərbi epopeyadır. O, məşhur əməliyyat olmasa da, Cənub-Qərb cəbhəsinin hərbi şəraiti üçün əsas idi. Zaleşiki əməliyyatı süvari də daxil olmaqla bir çox qoşun növlərinin döyüşlərdə göstərdikləri hünər və rəşadətin parlaq nümunəsidir. RDHTA-da Hüseyn xan Naxçıvanski tərəfindən Zaleşiki şəhərindəki döyüşlərin gedişi zamanı yazılmış və imzalanmış əmrləri tapmaq mümkündür. 5 aprel tarixli əmr xan Naxçıvanskinin imzaladığı sonuncu əmr oldu. Korpus komandiri ağır kontuziya alır və bu dəfə döyüşən ordunu tərk etmək məcburiyyətində qalır. 1915-ci il mayın 1-də döyüşən ordunu tərk edən Hüseyn xan Naxçıvanskiyə əlahəzrət mükafatı - düşmənə qarşı əməliyyatlarda fərqləndiyinə görə "Ağ Qartal" ordeni təqdim olunur. Ənənəyə görə bu ordenlə generalitet həm də yalnız hərbi şücaətə görə təltif olunurdu. Bu təltifdən 1 ay sonra - 1 iyun 1915-ci ildə Hüseyn xan rus ordusunda ən yüksək hərbi rütbəyə layiq görülür. Hökmdar imperator Nikolay Aleksandroviç bu yüksək rütbəyə aid ali dövlət aktlarını şəxsən özü imzalayırdı: "Hərbiyyə üzrə Əlahəzrət əmri. 1 iyun 1915-ci il, Çarskoya Seloda. Təyin olunur: Süvari üzrə: Qvardiya kavaleri 2-ci süvari korpusun komandiri general-leytenant Hüseyn xan Naxçıvanski - imperator Əlahəzrətlərinin general Adyutantı (tutduğu vəzifədə) saxlanılmaqla".
Son olaraq onu da qeyd etməliyəm ki, tam süvari generalı Hüseyn xan Naxçıvanski çar Rusiyasının nizami ordusunda nəinki imperator Nikolay Aleksandroviçin çarlığı dövründən, ümumilikdə, Böyük Pyotr zamanından dövrümüzədək yeganə müsəlman general-adyutant olub.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"