Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2025 20:22

Sağlam əsgər - güclü ordu, güclü ordu - müstəqil və təhlükəsiz dövlət deməkdir

Zaman dəyişir, cəmiyyət inkişaf edir, dövlətlər güclənir. Bu dəyişikliklərin mərkəzində isə insan amili dayanır. İnsan sağlamlığı - istənilən inkişafın əsası, hər bir dövlətin prioritet məqsədidir. Məhz bu baxımdan son illərdə Azərbaycanda səhiyyə sisteminin müasirləşdirilməsi, əhalinin tibbi xidmətə əlçatanlığının artırılması, müasir standartlara cavab verən infrastrukturun yaradılması və kadr potensialının gücləndirilməsi sahəsində həyata keçirilən islahatlar böyük önəm kəsb edir. 
Azərbaycan dövləti bu sahədə həm paytaxtda, həm də regionlarda irimiqyaslı layihələrə imza atmışdır. Yeni xəstəxanaların tikilməsi, tibb müəssisələrinin əsaslı təmir olunaraq müasir tibbi avadanlıqlarla təmin edilməsi, peşəkar tibbi heyətin hazırlanması istiqamətində görülən işlər səhiyyənin ümumi səviyyəsini yüksəltmiş, vətəndaş məmnunluğunu artırmışdır. Bu prosesdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də diqqətdən kənarda qalmamış, mütəmadi olaraq təşkil olunan yerli və beynəlxalq təlimlər vasitəsilə həkimlərin bilik və bacarıqları yüksəlmişdir.
Səhiyyə sahəsindəki bu inkişaf dinamikası, təbii olaraq, ölkənin təhlükəsizliyində mühüm rol oynayan hərbi tibb sahəsinə də öz təsirini göstərmişdir. Müasir ordu yalnız yüksək döyüş qabiliyyəti ilə deyil, həm də sağlam, psixoloji baxımdan sabit və peşəkar şəxsi heyəti ilə fərqlənir. Məhz bu səbəbdən Azərbaycan Ordusunda tibb xidmətinin təşkili və inkişafı strateji məsələ olaraq daim diqqət mərkəzində saxlanılır.
Hazırda Azərbaycan Ordusunda fəaliyyət göstərən tibb xidmətləri yüksək təşkilati struktur, müasir texniki-tibbi baza və peşəkar tibbi heyətlə təmin olunmuşdur. Hərbi hissələrdə, xüsusilə cəbhəyanı ərazilərdə yerləşən tibb məntəqələrində yaradılmış şərait hərbi qulluqçuların sağlamlığının qorunması, vaxtında müayinə və müalicə olunması, zərurət yarandıqda isə təxliyə və ixtisaslaşmış tibb müəssisələrinə çatdırılması baxımından mühüm rol oynayır.
"N" hərbi hissəsinin tibb məntəqəsində apardığımız müşahidələr də dediklərimizi bir daha təsdiq edir. Burada fəaliyyət göstərən tibb personalı yüksək peşəkarlığı, intizamı və vətənpərvərliyi ilə fərqlənir. Məntəqə müasir tibbi avadanlıqlarla təchiz olunmuş, dərman və digər tibbi ləvazimatlarla təmin edilmişdir. Hərbi qulluqçular mütəmadi olaraq tibbi müayinədən keçirilir, onların sağlamlıq vəziyyəti daim nəzarətdə saxlanılır. Tibb heyəti gündəlik iş rejimində fövqəladə hallara hazırlıqlı olmaqla yanaşı, həm də profilaktik tədbirlərə xüsusi diqqət yetirir.
Məntəqənin feldşeri gizir Peman Səfa oğlu Ağayev söhbətimiz zamanı bildirdi ki, burada çalışan heyət təkcə tibbi biliklərinə görə deyil, həm də psixoloji dayanıqlıq və insani keyfiyyətlərinə görə seçilir. "Bizim üçün hər bir əsgər əmanətdir. Onların sağlamlığı, rifahı və döyüş hazırlığı  əsas vəzifəmizdir".  O qeyd etdi ki, son illər ərzində tibbi heyət üçün təşkil olunan ixtisasartırma kursları, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən seminarlar onların biliklərini müasir səviyyəyə çatdırmağa imkan verir.
Gizir Peman Ağayev bu peşəni sadəcə bir vəzifə kimi deyil, həm də Vətənə xidmət missiyası kimi qəbul edir. 2002-ci il martın 9-da Qəbələ rayonunun Tikanlı kəndində anadan olan Peman Ağayev 2019-2021-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil alaraq feldşer ixtisasına yiyələnib. Hələ kursant olduğu dövrdə Vətən müharibəsində iştirak edib. Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə yaralıların həyatını xilas etmək üçün cəbhənin ön xəttində xidmət göstərib.
Onun peşəsinə və Vətəninə bağlılığı təkcə müharibə dövrü ilə məhdudlaşmır. Peman 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatında da böyük fədakarlıq göstərib. Yaralıların təxliyəsi zamanı avtomobilin partlaması nəticəsində borotravma almasına baxmayaraq, xidmətini davam etdirmək əzmini itirməyib. Bu ağır təcrübə onun iradəsini sarsıtmayıb, əksinə, daha da möhkəmləndirib. Bu peşəyə sevgisinin təməlində isə həm öz iradəsi, həm də atasının istəyi dayanır. Onun həyat yolu və fəaliyyəti tibb məntəqəsində çalışan gənc feldşerlər üçün nümunədir.
Tibb məntəqəsində olduğumuz zaman növbətçi-həkim gizir Peman Ağayev əsgərlərin planlı tibbi müayinəsini aparırdı. Müayinə zamanı əsgər Rövşən Qarayevin ayaqlarında yüngül şişkinlik müşahidə olundu və dərhal ilkin diaqnostik tədbirlər görüldü. Gizir Ağayev onun ayağında hər hansı travmatik fəsadın yaranmaması üçün əlavə müayinələrə ehtiyac olduğunu qeyd etdi. 
Digər əsgər Elşad Quliyevin isə döş qəfəsində ağrılar vardı. Peman diqqətli şəkildə ilkin müayinələr apardı, simptomların daha da ağırlaşmaması üçün dərhal tədbir gördü və əlavə müayinə üçün yönləndirmə etdi. Bu proses bir daha göstərdi ki, məntəqədə fəaliyyət göstərən tibb personalı hərbi qulluqçuların sağlamlığını diqqətlə izləyir, hətta ən cüzi narahatlıqlara belə biganə yanaşmır.
Şübhəsiz ki, hərbi tibb sahəsində həyata keçirilən tədbirlər təkcə müharibə şəraitində deyil, həm də sülh dövründə ordunun döyüş qabiliyyətinin qorunması üçün vacibdir. Əsgərin sağlamlığı onun silahı qədər önəmlidir. Sağlam əsgər  sağlam ordu deməkdir. Bu isə Vətənin etibarlı müdafiəsi anlamına gəlir.
Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə zamanı da hərbi tibb xidmətinin rolu danılmazdır. Döyüş meydanında yaralanmış əsgərlərin vaxtında və peşəkar tibbi yardımla təmin olunması, onların tez bir zamanda təxliyəsi və müalicəsi nəticəsində yüzlərlə insanın həyatı xilas edilmişdir. Bu uğurun arxasında məhz belə hazırlıqlı və fədakar tibb heyətinin əməyi dayanır.
Bu gün Azərbaycanın hərbi tibb sistemi ölkənin ümumi səhiyyə siyasətinə inteqrasiya olunmuş vəziyyətdə fəaliyyət göstərir və müasir çağırışlara cavab vermək qabiliyyətinə malikdir. Hərbi tibb xidmətinin bu səviyyəyə çatdırılması dövlətin orduya, onun hər bir əsgərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu istiqamətdə aparılan islahatlar davamlı şəkildə həyata keçirilir və gələcəkdə daha yüksək nəticələrə yol açacaqdır".
Unutmayaq ki, sağlam əsgər güclü ordu, güclü ordu müstəqil və təhlükəsiz dövlət deməkdir. Bu həqiqət əsasında qurulan siyasət Azərbaycanın sabaha daha inamla addımlamasını təmin edir.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"