AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yayın ilk ayı olsa da istidi, bürküdü. Bir yarpaq titrədəsi yel də əsmir. Yolların insan yükü azalıb. Biz tələsirik, elə bil zaman ötüşmür. Amansız zamanın sərhədlərini keçib hərbi hissəyə çatmaqdayıq. Bir azdan əl əldə isinəcək, söz sözə söykək olacaq. Baxışların səmimi kəlmələşməsi işığa dönəcək, bu işıq bizim də düşüncələrimizi təlimə yönəldəcək. Bizə də doğma olan təlimi ürəyimizin gözü ilə izləyəcəyik. Bu artilleriya qurğusu "Qrad" beş il əvvəl düşmənlə döyüşmüşdü, onun dəqiq atışları döyüşənlərimizi neçə-neçə qələbəyə çatdırmışdı. Bu artilleriya qurğusunun müharibədə duyduğu təmaslar dəyişib - döyüşənlər tərxis edilib, lakin doğmalıq eynidi. Azərbaycan əsgəri döyüş hazırlığını təlimlərlə, təlim-məşqlərlə təlim sahəsində bu istidə də, bürküdə də artırır, təkmilləşdirir.
Günəş buludların arxasına çəkilməkdədi. Təbiət bu təlimin iştirakçılarına - qəhrəmanların davamçılarına can yandırır elə bil. Yellərin yetirdiyi sərinlik də hiss olunmaqdadı.
Təlim-məşqin başlama ərəfəsində kapitan Teymur Süleymanov heyət üzvlərinə məsləhətlər verir. Düşmənin görünməyən hədəflərinin vurulması təkrarlanmalıdır. Tam artilleriya generalı Əlağa Şıxlinskini, "Şıxlinski üçbucağı"nı xatırlayıram. Atışlar bu artilleriya düsturuna əsaslanacaq. Məlum məsafəyə əsasən bucaq müəyyənləşdiriləcək.
Təlim öyrənilmişlərin təcrübi möhkəmləndirilməsidi. Hərbi xidmətdə hər təlim əsgərin döyüş hazırlığının yüksəldilməsi üçündür. Azərbaycan əsgəri İkinci Qarabağ müharibəsi ərəfəsində də ilkin hərbi bilikləri mənimsəmişdi, öyrəndiklərini müxtəlif təlimlərlə təkmilləşdirmişdi. Ordumuz əsgərlərin zamanında mənimsədiyi hərbi biliklərin, bu bilikləri sistemləşdirən, mükəmməlləşdirən təlimlərin işığında döyüşə-döyüşə Böyük Qələbəyə sarı irəliləmişdi, tarixi Zəfər qazanmışdı.
Şərti düşmənlə döyüş vərdişləri aşılayan müxtəlif təyinatlı, müxtəlif miqyaslı təlimlər hərbi hissədə vaxtaşırı keçirilir. Belə planlı təlimlər hər əsgərin hərbi xidmətinin mahiyyətini müəyyənləşdirir...
Xidmətə yaxın vaxtlarda başlayan əsgərlərin təlimidi. Birinci Qarabağ müharibəsində Murovdağ dağ silsiləsində döyüşçülər demişdilər ki, təbiət bizim döyüş əzmimizi, qələbə ruhumuzu titrədə bilməz. Mənə elə gəlir ki, belə təlimin mahiyyətində də beş il əvvəl eşitdiyim həmin duyğusal doğmalıq var. Maşın heyəti şərti düşmənin komanda məntəqələrini, mövqelərini dağıtmağa qadir olan artilleriya qurğusunun istismar xüsusiyyətlərini daha mükəmməl mənimsədən təlimdədi.
Kapitan Teymur Süleymanov bildirir ki, bu əsgərlər hərbi xidmətə təzəlikcə başlayıblar. Artilleriyaçı kimi ilkin bilikləri öyrəniblər, öyrənirlər, ilkin təmrinləri mənimsəyirlər. Bugünkü təlim də onların peşəkarlaşmasına yönəldilmiş təlimlərdən biridir. Bu təlim əsgərlərin ixtisaslar üzrə hazırlığının təkmilləşdirilməsini, verilən komandanın yerinə yetirilməsinin səlisliyini, vaxt amilinin gözlənilməsini və s. əhatə edir. Bu gün təlimə cəlb olunmuş əsgərlər belə təlimlərlə qısa müddətdə hazırlıqlı artilleriyaçı olacaqlar.
Təlimi bu inamın zəmanəti ilə izləyirik.
Əsgərlər heyət komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mahmud Paşayevin əmri ilə yerinə yetirməli olduğu vəzifənin nədən ibarət olduğunu deyir, təmrini əvvəl nisbətən aramla, sonra sürətlə, gerçək döyüşün tələbi səviyyəsində icra edirlər. Komandirin əsgərə nəyisə yenidən izah etməsi gerçək dərs prosesini xatırladır: irad yerində, məqamında bildiriləndə səmərəli olur. Bu tezisə hərbi xidmətdə daha həssaslıqla əməl edilir.
Heyət üzvləri yerinə yetirməli olduğu təmrinləri beləcə təkrarlayırlar. Top heyəti şərti düşmənin şərti mövqeyinə atış aparacaq. Əsgərlərin hərəkətlərində nisbi həyəcan hiss olunur. Mənə elə gəlir ki, bu həyəcanın ömrü "Atəş!" əmri veriləndə bitəcək.
Öyrənirik ki, bu batareyada da həm təlimlərdən əvvəl, həm də asudə vaxtlarda maşının heyətinə İkinci Qarabağ müharibəsinin döyüşlərindən danışılır, bu hərbi hissənin artilleriyaçılarının, bu qurğuların Füzuli, Xocavənd, Şuşa istiqamətlərində döyüşənlərimizə atəş dəstəyi verdiyini, onların qələbələr qazanmasına mərmi-mərmi yol açdığını, döyüşənlərlə döyüşə-döyüşə Qələbəyə getdiyini, ... deyilir. Əsgərlər deyilənləri müharibə tariximizin bir zərrəsi bilməklə düşüncələrinə hopdurur, öyrədilənləri daha böyük sevgilərlə öyrənirlər. Bir dəfə əsgərlərdən biri deyib ki, biz komandirimizin icazəsi ilə tərxis olunanda "Qrad"ımızın yanında xatirə şəkli çəkdirəcəyik. Bu, həm hərbi xidmətə sevgidi, həm də artilleriyaçı olmağın qürurudu. Gözəl sevgidi, gözəl qürurdu...
Heyət üzvləri - Əli Fərhadov da, Xəyal Aslanov da, Əziz Əjdərov da, Rəhim Dadaşov da əmrə müvafiq vəzifələrini yerinə yetirməyə hazırdırlar. "Atəş!" əmri verilir. Bayaq duyduğum həyəcan sovuşub. Əsgərlər əmri rəvanlıqla, tələsmədən, ləngimədən yerinə yetirirlər. Komandir atışın aparılmasından da, şərti nəticəsindən də razı qalıb. İncə bir təbəssümlə maşının heyətinə baxır. Mənə elə gəlir ki, bu baxış, belə baxış İkinci Qarabağ müharibəsində Füzulidə, Xocavənddə atışları beton səddi dağıdandan sonra Şuşa istiqamətində batareya komandirlərinin əsgərlərin üzündə gəzişmiş baxışlarının eynidi. Heyət üzvləri fikrimi bəyənir, komandir fikrimi təsdiqləyir. Gülümsünür. Bu gülümsəmənin səbəbini top heyətinə də bildirirəm. Bayaqkı baxışların eyni indi onun özünə ünvanlanır. Tarixi Zəfərə görə, torpaqlarımızın işğaldan azad edilməsinə görə.
Azərbaycan əsgəri üçün bir fəsil var: Vətənə sevgi fəsli...
Təlim davam edir...
Heyət komandiri Mahmud Paşayev deyir ki, təmrinlər təkrarlandıqca daha etibarlı səviyyədə mənimsənilir. Bu, peşəkarlaşma prosesidir. Həqiqi hərbi xidmətdə olanda biz də belə öyrənirdik, təlimlərlə belə peşəkarlaşırdıq. Yüksək döyüş hazırlığına nəzəri biliklərin təcrübi təkmilləşdirilməsi ilə nail olunur.
Tuşlayıcı Əli Fərhadov deyir ki, hərbi xidmətə gələn əsgər hansı hərbi vəzifələri yerinə yetirəcəyini bilmir. Tapşırılan işi məsuliyyətlə və vaxtında yerinə yetirmək onun əsgəri borcudur. Top heyətimiz artilleriyaçı olması ilə qürur duyur. Hələ hərbi xidmətə gəlməmişdən əvvəl televiziyada bir artilleriyaçı əsgərin...
Əsgər Əziz Əjdərov əsgər yoldaşının fikrini tamamlayır:
- ...Vüsal Şahkərimovu deyirsən. O, hamının yaddaşında Topçu Vüsal kimi qalıb...
- ...atəş əmrini necə yerinə yetirdiyini, atəşin dəqiqliyinə necə sevindiyini görmüşdük. Artilleriyaçı kimi xidmətə başlayanda biz də onun kimi peşəkar artilleriyaçı olmağı qərara almışdıq. Nələrisə öyrənmişik, hələ çox öyrənəcəyik. Komandirimiz deyir ki, öyrənməyin nəhayəti olmur.
- Artilleriyaçı kimi öyrəndiklərimiz hələ çox genişlənəcək. Biz də nə vaxtsa Vüsal Şahkərimov kimi peşəkar topçu olacağıq. Asudə vaxtlarımızda bizdən əvvəl xidmət edən əsgər yoldaşlarımızla söhbətləşirik, onlardan da nələrisə öyrənirik ki, biz də onlar kimi kamil artilleriyaçı olaq.
- Nə vaxtsa gənc əsgərlər bizi də belə tanıyacaq, - Əli Fərhadov inamla belə deyir. Bu inam həm hərbi xidmətə sevgidi, həm də artilleriyaçı ixtisasına...
Kapitan Teymur Süleymanov deyir ki, hərbi hissəmiz tarixi döyüş yolu keçib. Neçə-neçə döyüşdə qələbə artilleriyaçılarımızın dəqiq atəşləri ilə qazanılıb. Onlar müxtəlif döyüşlərdə də döyüşənlərimizə vaxtında və sərrast atəş dəstəyi vermişdilər. Bir dəfə sizin qəzetdə bir yazı oxumuşdum: artilleriyaçı zabit müharibədə bir topdan düşmənə atılan mərmilərin sayını "Vətənə lazım olan qədər" kimi bildirmişdi. Gözəl cavab bütün artilleriyaçılara onda da xoş gəlmişdi, indi də xoş gəlir.
- Yəqin ki, bu "Qrad"dan da düşmənin komanda məntəqələrinə, mövqelərinə elə o qədər mərmi atılıb, - deyirəm. Zabit fikrimi təbəssümlə təsdiqləyir...
Təlim davam edir. Şərti komanda məntəqəsindən şərti düşmənin dayaq məntəqəsinin koordinatları verilib. Top heyəti "Atəş!" əmrini yerinə yetirməyə hazırdır. Hamısı əmrin veriləcəyi anı gözləyir...
Bir dəfə təlimdə soruşmuşdum ki, darıxırsınızmı? Mənə könül xoşluğu verən cavab eşitmişdim. Sualım hərbi xidmətə aid olsa da, əsgər sualın cavabını məhz həmin təlimin zaman sərhədinə sığışdırmışdı: "Hazır ol!" komandasından "Atəş!" əmri verilən ana kimi darıxırıq. Mənə belə gəlmişdi ki, İkinci Qarabağ müharibəsində bütün artilleriyaçılarımız döyüşdə belə darıxıblar. Həm əmri yerinə yetirmək üçün, həm də bu əmrlərin gətirəcəyi Zəfər üçün! Tarixi Zəfərdən sonra xidmət edən bütün artilleriyaçı əsgərlər də özlərini qaliblərin davamçısı bilirlər...
Təlim başa çatır. Əsgərlər hərbi xidmət dövründə hələ neçə-neçə təlimlərlə peşəkarlaşacaqlar. Bu, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi prosesidir...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"