AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində asudə vaxtın səmərəli təşkil olunması mühüm əhəmiyyət kəsb edir. Əsgərin asudə vaxtını səmərəli keçirməsi onun xidmət dövründə dünyagörüşünün artmasına səbəb olur. Ordumuzda hər bir hərbi qulluqçunun döyüş hazırlığı ilə yanaşı, asudə vaxtı da səmərəli təşkil olunur və bu sahəni şərtləndirən prinsiplər tətbiq edilir.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbəsindən bəhs edən yeni nəşrlər, jurnallar və digər əyani vəsaitlər çap edilərək, şəxsi heyətin asudə vaxtlarında mütaliəsi üçün hərbi hissələrə göndərilir. Artıq bu ənənə davamlı hala çevrilib. Əlamətdar tarixlərdə, bayram günlərində şəxsi heyətin asudə vaxtını səmərəli keçirməsi üçün lazımi şərait yaradılır. Bu sırada hərbi hissələrdə mədəni-kütləvi tədbirlər, viktorinalar, stolüstü idman oyunları keçirilir, Heydər Əliyev Mərkəzlərinə, muzeylərə, tarixi yerlərə ekskursiyalar təşkil olunur. Bütün bunlar da əsgərlərin bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayır.
"N" hərbi hissəsində ezamiyyətdə olarkən şəxsi heyətin asudə vaxtının təşkili ilə maraqlandıq. Öyrənirik ki, şəxsi heyət asudə vaxt zamanı hərbi hissənin geniş, işıqlı, zəngin ekspozisiya quruluşuna malik ideoloji otaqda toplanır. Əsgər yataqxanasına quraşdırılan geniş ölçülü televizor, ideoloji otaqda ədəbi-bədii ədəbiyyatlardan ibarət guşə şəxsi heyətin istifadəsindədir. Əsgərlər asudə vaxtlarda toplaşıb hərbi vətənpərvərlik və müharibə mövzusunda çəkilən filmlərə baxır, qəzet, jurnal və kitab oxuyurlar.
Əsgərlərdən Rauf Cəlilov kitab, Elmir Kərimov isə qəzet oxumağı sevir. Əsgər Rauf Cəlilov söhbət zamanı dedi ki, o, mütaliəni çox sevir. "Asudə vaxtımız səmərəli təşkil olunur. Hərbi xidmətə gəldiyim gündən burada çoxlu bədii kitablar, sənədli povestlər, romanlar oxumuşam. Kitab oxumaq vərdişimi daha da təkmilləşdirmişəm".
Əsgər Elmir Kərimov idman, müasir silah və texnikalar haqqında qəzet xəbərlərini, rəngli, maraqlı şəkillərlə zəngin jurnal yazılarını oxuduğunu dedi.
Əsgərlər Nəcəfəli Süleymanov və Ramal Bağırzadə stolüstü idman növü olan dama oyunu ilə məşğul idilər. Üstünlüyü əsgər Ramal Bağırzadə qazanmışdı. Görünür, Ramal dama oyununun peşəkarıdır.
Eyni zamanda, şəxsi heyət ordumuzun təbliğat orqanı olan "Azərbaycan Ordusu" qəzetinin bütün saylarını maraqla oxuyur, mətbuat sahəsində mütaliələrini daha da artırır və asudə vaxtlarda təşkil olunan mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir, konsert proqramlarını yüksək əhval-ruhiyyə ilə dinləyir.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"