Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2025 17:56

General-mayor Feyzulla Mirzə Qacar

Feyzulla Mirzə Qacar 1872-ci il dekabrın 15-də Şuşada general-mayor Şəfi xan Mirzənin ailəsində dünyaya gəlib. Əmisi Rzaqulu Bəhmən Mirzə oğlu da general olub. Dörd general əminin - Rzaqulu Mirzə, Əmir Kazım Mirzə, Əmənulla xan Mirzə və Məhəmməd Mirzənin ilk "general-mayor" rütbəsi alan qardaşı oğludur.
Feyzulla Mirzə ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. 1891-ci ilin avqustunda Peterburqdakı Nikolayevski süvari peşə məktəbinə qəbul olmaqla hərbi xidmətə başlayıb. 1893-cü ilin avqustunda bu məktəbi bitirdikdən sonra ona "kornet" hərbi rütbəsi verilib və 43-cü Tver draqun alayına göndərilib. 1899-cu ilin martında "leytenant" rütbəsi alıb. 1901-ci ilin  noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunub. 1903-cü ilin martında “rotmistr” rütbəsi alıb.
Rus-yapon müharibəsi başladıqdan sonra 43-cü Tver draqun alayının qərargah rotmistri Feyzulla Mirzə Qacar 1904-cü ilin martın sonunda "podyesaul" (Kazak qoşunlarında kapitan) rütbəsi alaraq polkovnik Hüseyn Xan Naxçıvanski tərəfindən yeni formalaşdırılan 2-ci Dağıstan süvari alayına göndərilib.
Feyzulla Mirzə Qacar 1904-1905-ci illərdə Port-Arturun müdafiəsində uğurla iştirak edib. 1905-ci il yanvarında Landunqou kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, gərgin döyüşlərin birində sağ ayağından ağır yaralanıb.
Həmin ildə nəşr olunan "Niva" jurnalının 18-ci nömrəsində igid həmyerlimizin foto-şəkli dərc edilib.
Müharibə bitdikdən sonra 1906-cı ilin martında 43-cü Tver draqun alayına qaytarılıb. Noyabrda 4-cü eskadronun komandiri təyin edilib.
1912-ci ilin aprelində general-mayor Hüseyn Xan Naxçıvanskinin Rus imperatorunun hərbi-səhra kanselyariyasının rəisi knyaz V.N.Orlova məktubundan: "Onu (şahzadə Qacarı) döyüş keyfiyyətləri baxımından da görkəmli sayıram: bir çox işlərdə iştirak edərək dəfələrlə şücaət və igidlik sərgiləyib. Xüsusən də Sandepu yaxınlığında gedən döyüşlərdə fərqlənib, 1905-ci ilin yanvarın 15-i müvəqqəti olaraq 100 hərbçiyə rəhbərlik edərkən Landunqou kəndinin yanında Dağıstan alayının atlı hücumunda iştirak edib və ayağından ağır yaralanıb".
1912-ci ilin avqustunda xidmətində fərqlənmələrə görə "podpolkovnik" rütbəsi alıb.
Çarın 1913-cü ilin aprelində verdiyi əmrilə podpolkovnik Feyzulla Mirzə Qacar 10-cu Novqorod Virtemberq kralı alayına təhkim edilib. Orada qərargah zabiti vəzifəsində xidmət edib.
1914-cü ilin noyabrında Feyzulla Mirzə Qacar Qafqaz yerli süvari alayına təhkim edilmək üçün Lvova - general-leytenant Hüseyn Xan Naxçıvanskinin rəhbərlik etdiyi 2-ci kavaleriya korpusuna göndərilib.
1915-ci ilin yanvarında (1914-cü ilin avqusutun 31-də baş vermiş döyüşdə fərqləndiyinə görə) "polkovnik" hərbi rütbəsinə layiq görülüb. 
Onun komandirlik məharəti barədə "Kaspi" qəzetinin 1916-cı il fevral sayında yazılıb: "Çeçen süvari alayının komandiri, dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenli şahzadə podpolkovnik Feyzulla Mirzə Qacar 1915-ci il fevralın 15-də şəxsi təşəbbüsü ilə sıralarında yalnız bir zabiti olan Ulan-Kazak alayının dörd bölüyünə komandanlığı öz üzərinə götürmüşdür. Güclü tüfəng və pulemyot atəşindən məharətlə istifadə edən cəsur komandir Feyzulla Mirzə Qacar Brın kəndini düşməndən itkisiz geri almışdır. Belə mühüm əhəmiyyətli döyüş sahəsini düşməndən təmizlədiyinə görə igid komandir Feyzulla Mirzə Qacar üçüncü dərəcəli "Müqəddəs Vladimir" (qılıncla birgə) və ikinci dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə) ordeni ilə təltif olunmuşdur. Şahzadəyə həm də polkovnik rütbəsi verilmişdir".
1916-cı ilin dekabrında Rumıniyanın Vali-Salçi kəndinin yaxınlığındakı döyüşdə ağır yaralanıb və müalicə olunması üçün Rusiyaya təxliyə edilib. 1917-ci ilin fevralında sağalaraq yenidən ordu sıralarına qayıdıb və çeçen alayına komandir təyin olunub.
1917-ci ilin mayında məhz Birinci Dünya müharibəsi illərində göstərdiyi qeyri-adi igidliyə və əla komandirlik məharətinə görə polkovnik Feyzulla Mirzə Qacara "general-mayor" hərbi rütbəsi verilib. Həmin il mayın 30-u isə Qafqaz müsəlmanlarından təşkil olunan Birinci Qafqaz süvari diviziyasına komandir təyin olunub.
Feyzulla Mirzə Qacarın "general-mayor" olması haqqında K.A.Zalesskinin 2003-cü ildə Moskvada nəşr olunan "Birinci Dünya Müharibəsində kim-kim olmuşdur" adlı hərbi ensiklopedik kitabında da məlumat verilib (səh. 876).
Rusiyadakı inqilabi çevrilişdən sonra Qafqazdakı rus ordusu buraxılarkən general-mayor Feyzulla Mirzə Qacar Zaqafqaziya Komissarlığının sərəncamı ilə Gəncəyə göndərilib.
Vətənə qayıdan Feyzulla Mirzə Qacar 1918-ci ilin yaz və yayında Azərbaycan korpusunda xidmət edib. Azərbaycan korpusu buraxıldıqdan sonra onun hissələri yeni gəlmiş Türkiyənin 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyaları ilə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibinə qatılıb. O, kavaleriya inspektoru vəzifəsinə təyin edilib. 1918-ci ilin dekabrında AXC-nin süvari diviziyasının komandiri olub.
O, bundan sonra da Azərbaycan Milli ordusunda xidmətini davam etdirmək istəyir. Bu məqsədlə 1918-ci il dekabrın 23-də Baş Qərargah rəisinin adına belə bir raport yazıb: "Yenidən hərbi xidmətimi davam etdirmək arzusu ilə mənim Azərbaycan ordusu sıralarına qəbul olunmağım haqqında zəmanət vermənizi xahiş edirəm".
General-mayor Feyzulla Mirzə Qacarın müraciətindən sonra - 1919-cü il yanvarın 9-da Hərb naziri tam artilleriya generalı Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi polkovnik Həbib bəy Səlimovun əmrilə o, Gəncə qarnizonuna rəisi təyin olunub.
General-mayor Feyzulla Mirzə Qacar Milli ordu quruculuğunda, Qarabağda ermənilərin müsəlman kəndlərinə hücumlarının, habelə erməni silahlı birləşmələrinin Gəncəbasarda milli zəmində törətmək istədikləri neçə-neçə terror əməllərinin qarşısının alınmasında fəallıq göstərib.
1920-ci ilin aprelində bolşevik-daşnak qoşunları tərəfindən ölkəmizin istilasına dözməyən Azərbaycan Ordusunun mərd əsgər və zabitləri ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də istilaçılara tabe olmaq istəməyən əhali üsyana qalxıb. Bu ağır döyüşlərdə Feyzulla Mirzə Qacarın iki əmisi - general Əmir Kazım Mirzə və general Məhəmməd Mirzə son nəfəsinə qədər vuruşaraq Vətən uğrunda şəhid olublar.
Gəncə üsyanından sonra xalqımızın qəhrəman oğlu, peşəkar hərbçi-xadim general-mayor Feyzulla Mirzə Qacar həbs olunaraq Bakıya gətirilib. O, erməni-bolşevik qüvvələri tərəfindən Müsavat siyasi xadimləri ilə birgə Nargin adasında güllələnib.
Feyzulla Mirzə Qacar xidməti müddətində ona verilən əmr və tapşırıqların vaxtında, qüsursuz və dəqiq icrasına, yüksək komandirlik bacarığına, hərbçi peşəkarlığına, döyüşlərdə göstərdiyi şücaətlərə və xüsusi fərqlənmələrə görə bir çox orden, medal və müxtəlif qiymətli hədiyyələrə layiq görülüb. Bunlardan "İgidliyə görə" yazısı olan dördüncü dərəcəli "Müqəddəs Anna" (1904), Yaponiya ilə müharibə zamanı müxtəlif fərqlənmələrə görə qılınc və bantlı üçüncü dərəcəli "Müqəddəs Stanislav" (1905), Bensixu ərazisində gedən döyüşlərdə göstərdiyi şücaətlərə görə qılınc və bantlı üçüncü dərəcəli "Müqəddəs Anna", qılınclı ikinci dərəcəli "Müqəddəs Stanislav" (1907), Rostoki kəndinin yaxınlığında baş vermiş döyüşdə fərqləndiyinə görə qılınc və bantlı dördüncü dərəcəli "Müqəddəs Vladimir", Kuskovçı kəndi yaxınlığında baş vermiş döyüşdə göstərdiyi şücaətə görə qılınclı ikinci dərəcəli "Müqəddəs Anna", dördüncü dərəcəli "Müqəddəs Georgi" (1915) və İranın üçüncü dərəcəli "Şire-Xorşid" (1907) ordenini misal göstərmək olar.
Feyzulla Mirzə Qacar Xurşid xanım Naxçıvanski ilə ailəli olub.

"Azərbaycan Ordusu"