Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2025 17:56

Yaxşı istirahət edən əsgərin xidmət keyfiyyəti də yüksək olur

Azərbaycan Ordusu müstəqilliyimizin və dövlətçiliyimizin əsas dayağıdır. Qədim dövrlərdən etibarən xalqımız öz dövlətçiliyini qoruyub saxlamaq, Vətəni müdafiə etmək uğrunda igidliklə döyüşüb. Bu gün müasir, qüdrətli Azərbaycan Ordusu isə bu şərəfli ənənələrin layiqli davamçısıdır.
Ordumuzun qüdrətinin əsasını onun peşəkar şəxsi heyəti, hərbi qulluqçuların yüksək döyüş ruhu, həmrəyliyi və vətənpərvərliyi təşkil edir. Hər bir hərbi qulluqçu öz canı, qanı bahasına torpaqlarımızın ərazi bütövlüyü və suverenliyini qoruyur. Onların Vətən müharibəsində göstərdiyi şüacət və qazandığımız möhtəşəm Zəfər Azərbaycan Ordusunun gücünü, iradəsini bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu gün ən müasir silah və texnika ilə təmin olunan Azərbaycan Ordusu regionda sülhün, sabitliyin və inkişafın təminatçısıdır.
Azərbaycan əsgərinin ən güclü silahı isə onun ürəyindəki Vətən sevgisidir. Tariximizin hər mərhələsində olduğu kimi, bu gün də hərbçilərimizin Vətən uğrunda fədakarlığı, qəhrəmanlığı xalqımızın qürur yeridir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi məhz bu ruhla bərpa olunub, hazırda da bu ruhla qorunur. 
Biz də bu müqəddəs ruhların birləşdiyi yerə səfərə çıxdıq. Yolumuz igid Azərbaycan əsgərinin xidmət etdiyi bölmələrdən birinədir.
Hərbi qulluqçuların rahat və səliqəli şəraitdə xidmət etməsi müasir ordunun əsas tələblərindən biri hesab olunur. Əsgər yataqxanaları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Olduğumuz bölmədə əsgər yataqxanasında mövcud olan şəraitlə tanış olmaq məqsədilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Şahin Sücəddinov ilə birlikdə ora yollandıq. Ş.Sücəddinov bizə əsgər yataqxanası barədə məlumat verərək dedi ki, adətən ikimərtəbəli çarpayılarla təchiz olunan yataqxanada hər bir əsgərin şəxsi əşyalarını yerləşdirməsi üçün ayrıca dolabı olur. Yataqxananın təmizliyi hər gün yoxlanılır, əsgərlərin öz yerlərini səliqəli saxlamalarına ciddi nəzarət edilir.
"Yataqxanalarda, həmçinin qış aylarında istilik sistemi, yay aylarında isə havalandırma sistemi işləyir. Bu, isə əsgərlərin sağlamlıqlarının qorunmasına imkan yaradır", - deyə Ş.Sücəddinov bildirdi. Hərbi qulluqçumuz onu da qeyd etdi ki, yaxşı istirahət edən əsgər xidməti yüksək səviyyədə təşkil edir. 

Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"