Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2025 17:56

Əziz xalqımız, Qurban bayramınız mübarək!

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
“İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir”. 

Hər xalqın min illərlə yaşadılan adətləri, ənənələri var. Bu adət-ənənələr xalqın xalq kimi formalaşmasında, gənc nəslin milli-mənəvi dəyərlər əsasında vətəndaşlaşmasında əvəzsiz vasitə olur. Yeniyetmələr çağırışçı yaşına belə çatır, çağırışçılar hərbi  xidmətə bu dünya duyumu ilə gedirlər.
Hər bayram, hər tarixi günün mahiyyəti Vətənlə, bu baxımdan vətənpərvərliklə bağlıdır. Qurban bayramı xalqımızın böyük ümidlərlə, böyük inamla, böyük sevgilərlə qeyd etdiyi bayramlardan biridir. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. 
Əməkdaşlarımız hərbi qulluqçularımızla görüşərək onların Qurban bayramı ilə əlaqədar təəssüratlarını öyrəniblər. Onların təəssüratlarını oxucularımıza təqdim edirik.
"Azərbaycan Ordusu"

Əsgər Rəvan Axundov:
- Uşaqlığımdan valideynlərimdən müqəddəs Qurban bayramı haqqında söhbətlər eşitmişəm. Bu söhbətlər mənim də düşüncələrimə hopub, bu bayramın mahiyyətini mən də dərk etmişəm. Nənəm bu bayrama "İsmayıl qurbanlığı" bayramı deyərdi. Sonra bizə niyə belə deyildiyini izah edərdi.
Böyüdükcə Qurban bayramının aşıladığı gözəl duyğuları dərk etməyə başladım. Mən də yaşıdlarım kimi belə böyüdüm, çağırışçı yaşına çatdım...
İndi əsgərəm. Hərbi xidmətdə xalqımızın bütün adət-ənənələrini yaşadırlar. Biz hərbi qulluqçular da bu yaşadılan, yaşadılmalı adət-ənənələrin gözəlliyi ilə xidmət edirik. Bilirik ki, ailəmizdən uzaqda olsaq da, Qurban bayramının bərəkəti ilə əhatələnəcəyik, hərbi hissəmizdə qurbanlar gözəl niyyətlərlə, Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bir daha pozulmamasının, ordumuzun daha da güclənməsinin, dövlətçiliyimizin daim qorunmasının duaları ilə kəsiləcək...
Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı və ordumuzun şəxsi heyətini öz adımdan, əsgər yoldaşlarım adından təbrik edir, onlara möhkəm cansağlığı, uğurlar arzulayıram...
 
Əsgər Əli Vəliyev:

- Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra bütün bayramlar, o cümlədən Qurban bayramı da böyük sevinclə, inamla, imanla, sədaqətlə qeyd olunur. Uşaqlığımda atam bu bayramında qurban kəsərdi, bayram sevincini qonşularımızla birlikdə yaşayardıq. Qonşularımızdan birinin atası Füzulidə doğulub boya-başa çatsa da, Birinci Qarabağ müharibəsindən sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra onlara da öz ata-baba yurdlarından mənzil verildi, Füzuliyə köçdülər. Sinif yoldaşımız olmuş Səməd 2024-cü ilin Qurban bayramında bizə video göndərmişdi - Füzulidə Qurban bayramı qeyd olunurdu!
Füzulililərin sevinci bənzərsiz sevinc idi. Həm bayramın sevinci, həm də bu bayramı öz doğma yurd yerlərində qeyd etməyin sevinci. Sinif yoldaşımızın paylaşdığı videoya bir şərh yazmışdıq: "Bütün məcburi köçkünlər bayramlarını dədə-baba yurdlarında qeyd etsinlər...".
Ali Baş Komandanımızın sərkərdəliyi ilə ərazi bütövlüyü və suverenliyimiz tam bərpa olundu. Bütün azərbaycanlıların Qurban bayramı duası yerinə yetdi...
Mən də xalqımızı və silahdaşlarımı Qurban bayramı münasibətilə təbrik edirəm.

Əsgər Renat Gereyxanov:
- Hələ uşaq yaşlarımdan əsgər olmaq, tarixi torpaqlarımızı işğaldan azad etmək arzusu ilə böyümüşəm. Çünki Vətən müdafiəçisi olmaq hər birimizin vətəndaşlıq borcudur. Ailədə, məktəbdə Vətən sevgisi, orduya xüsusi məhəbbətlə tərbiyə olunmuşuq. Orta məktəbdə hər kəsin ən sevdiyi, arzusunda olduğu peşə hərbçi peşəsi idi. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlər zamanı əsgər yoldaşlarım kimi, mən də məktəbli idim. Sıralarında xidmət etdiyim qalib Azərbaycan Ordusu bu müqəddəs missiyanın öhdəsindən layiqincə gələrək xalqımıza qələbə sevincini yaşatdı. İndi daha yaxşı anlayıram ki, bu peşə, həqiqətən də, ən şərəfli peşədir.
Bu gün isə mən qəhrəman şəhidlərimizin, igid oğullarımızın sayəsində öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş rəşadətli ordunun əsgəriyəm. Vətənimin keşiyində dayandığım üçün fərəhlənirəm.
Xidmət müddətində elə məqamlar olur ki, onlar mənim xatirəmdə əbədi olaraq tarixləşir. Qurban bayramı da bu cür yaddaqalan, tarixləşən hadisələrdən biridir. Hamı kimi mən də qürurluyam ki, bu müqəddəs bayramı burada əsgər yoldaşlarımla birgə qeyd edirəm. Bu bayram xidmət müddətimə təsadüf edən digər bayramlar kimi mənim həyatımda silinməz tarix olacaq. Xidmətimiz uğurla davam edir. Bütün təminatlarımız qaydasındadır, məişət şəraitimiz də yüksək səviyyədədir. Hərbin sirlərinə dərindən yiyələnmişik. İstənilən təxribatın qarşısını qətiyyətlə almağa hazır əsgərlər kimi formalaşmışıq. Əsas məqsədimiz bizə əmanət olan torpaqlarımızı göz bəbəyimiz kimi qorumaq, lazım gələrsə onun ərazi bütövlüyü və suverenliyi uğrunda qanımızdan, canımızdan hər an keçməyə hazır olmaqdır. Mən də öz növbəmdə komandirlərimi, əsgər yoldaşlarımı, xalqımı müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, edilən duaların, kəsilən qurbanların qəbul olunmasını arzu edirəm.
Qurban bayramınız mübarək!
 
Əsgər Akşin Hüseynov:

- Hərbi xidmət bizə Vətəni daha dərindən sevməyin, döyüş növbətçiliyini məsuliyyətlə aparmağın vacibliyini öyrədir. Üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edir, keçirilən dərsləri tam şəkildə mənimsəyərək nümunəvi əsgər olmağa çalışırıq. Komandirlərimizin sayəsində hərbi biliklərimizi daima artırır, Vətənimizi göz bəbəyimiz kimi qoruyur, onun müdafiəsində ayıq-sayıq dayanırıq.
Bu gün müqəddəs Qurban bayramını döyüş növbətçiliyində, Vətən keşiyində qeyd etdiyim üçün fərəhlənirəm. O növbətçilik ki, neçə-neçə igid oğullarımızın, şəhidlərimizin qəhrəmanlıq yolunun başlanğıcı olub. Torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının şərəfli xidmət və döyüş yolu bizim üçün örnəkdir. Biz öz şücaətləri ilə adlarını Zəfər salnaməmizə qızıl hərflərlə yazmış qəhrəmanlarımızın davamçılarıyıq.
Mən də başda komandirlərim olmaqla, Azərbaycan Ordusunun şəxsi heyətini, valideynlərimi, yaxınlarımı və xalqımızı bu bayram münasibətilə təbrik edirəm. Arzu edirəm ki, bu müqəddəs bayram ölkəmizə firavanlıq, süfrələrimizə bol ruzi-bərəkət gətirsin. Bayramınız mübarək!
 
Əsgər Niyaz Əhmədov:

- Əziz ailəm və xalqım, dəyərli silah yoldaşlarım və dostlarım! Qurban bayramının müqəddəs günlərində hər birinizi ən səmimi duyğularla təbrik edirəm! Bu bayramın gətirdiyi xoş əhval-ruhiyyə qəlbinizi sevinc, evinizi bərəkət və ruhunuzu əmin-amanlıqla doldursun.
Bu bayram bizə bir olmağın, bərabərliyi qorumağın və həmrəylik göstərməyin nə qədər vacib olması ilə bərabər, həm də ətrafımızdakı insanlara qarşı daha diqqətli olmağı, çətinlikdə olanlara əl uzatmağı, öyrədir.
Unutmayaq ki, həyatımızın ən dəyərli anları sevdiklərimizlə keçirdiyimiz zamanlardır.
Qurban bayramı yalnız bir ənənə deyil, həm də insanlar arasında sevgi və anlayış körpüsüdür. Bu bayram münasibətilə sizə və sevdiklərinizə səmimi ürək sözlərimi çatdırmaq istərdim. Arzu edirəm ki, bu xüsusi günlər sizə çoxlu və sevincli anlar bəxş etsin. Həyatınızda xoş xəbərlər sonsuz, hər gününüz bayram tək əziz və dəyərli olsun.
Qoy hər bir ailədə xoşbəxtlik, firavanlıq, qarşılıqlı sevgi hökm sürsün. Süfrələriniz həmişə bol, eviniz həmişə işıqlı, əhvalınız yüksək, arzularınız çin olsun. Sevdiklərinizlə bir araya gəlib, unudulmaz anlar yaşayasınız. Hər birinizə, eləcə də doğmalarınıza və yaxınlarınıza sağlamlıq, uğurlu və bərəkətli günlər arzulayıram.
Bu gözəl bayramda sizə ən gözəl duyğularla xoşbəxtlik, rahatlıq və könül xoşluğu diləyirəm. Həyatınız boyu üzünüzdən təbəssüm, qəlbinizdən sevinc əskik olmasın. Hər zaman sevdiklərinizlə birgə xoşbəxt anlar yaşayasınız. Qurban bayramınız mübarək olsun!
 
Əsgər Elxan Əhmədli:
- Əziz və dəyərli ailəm, doğmalarım, silahdaşlarım!
Qurban bayramı münasibətilə hər birinizi dərin sevgi və ehtiram hissi ilə səmimi qəlbdən təbrik edirəm! Bu müqəddəs və mənəviyyat dolu bayramın bəxş etdiyi yüksək duyğuları sizinlə bölüşmək, bu gözəl gündə hər birinizə ürəyimdən gələn xoş diləkləri çatdırmaq istərdim.
Bu bayram ruhun saflaşdığı, könüllərin birləşdiyi, insanlığın, mərhəmətin, paylaşmanın və yardımlaşmanın ən ali dəyərlərlə qeyd olunduğu müqəddəs bir gündür. Bu bayram insanlar arasında mehribanlıq, anlayış və qarşılıqlı hörmətin daha da güclənməsinə səbəb olur. İnsanlar bu günlərdə ehtiyacı olanları sevindirir, qəlblərə ümid və sevinc toxumu səpirlər.
Arzu edirəm ki, bu mübarək günlərdə etdiyiniz hər bir dua, kəsdiyiniz hər bir qurban, söylədiyiniz hər bir xoş söz Allah dərgahında qəbul olunsun. Bu bayram sizə və ailənizə bol ruzi-bərəkət və daimi rifah gətirsin. Hər bir evdə sevinc gülüşləri eşidilsin. Hər kəsin niyyət və arzusu gerçək olsun. Müqəddəs bayramınız mübarək olsun!