Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2025 17:55

Möhkəm iradə, böyük amal

Hər bir gəncin uşaqlıqdan qəlbində bəslədiyi bir arzu, gələcək üçün qurduğu bir xəyal olur. Kimisi müəllim, kimisi həkim, kimisi isə Vətənin keşiyində dayanmaq üçün hərbçi olmaq istəyir. Qəhrəmanımız İsbəndiyar Qarayev də uşaq yaşlarından bu müqəddəs peşəyə könül verənlərdəndir. Onun bu arzusu illərlə qəlbində yaşayaraq böyüyüb və nəhayət, reallığa çevrilib - o bu gün Azərbaycan Ordusunun gənc tankçı zabitidir.
İsbəndiyar Qarayev 5 may 2002-ci ildə Azərbaycanın igid oğullar diyarı olan Goranboy rayonunun Yeniyol kəndində anadan olub. Bu kənd  həm zəhmətkeş insanları, həm də Vətənə sədaqətli övladları ilə tanınır. Məhz bu torpağın suyunu içib, havasını udaraq böyüyən İsbəndiyarın xarakterinə bu xüsusiyyətlər siraət etmişdir.
O, ilk təhsilini şəhid Çingiz Hümbətovun adını daşıyan Yeniyol kənd tam orta məktəbində alıb. Hələ məktəb illərində qayda-qanuna, nizam-intizama xüsusi həssaslıqla yanaşan İsbəndiyar müəllimlərinin də, sinif yoldaşlarının da həmişə rəğbətini qazanıb. Məktəb illərində Vətənə sevgi, torpağa bağlılıq kimi dəyərlərlə böyüyən bu gənc gələcəyini hərb sənəti ilə bağlamaqda qərarlı idi.
İsbəndiyar Qarayevin gələcək yolunu müəyyən edən əsas amillərdən biri, heç şübhəsiz, onun Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olması oldu. Bu mərhələdən sonra onun həyatı intizam, zəhmət və məsuliyyət anlayışları üzərində quruldu. Hərbi liseyin sərt, lakin formalaşdırıcı mühiti İsbəndiyarın həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən möhkəmlənməsinə, məsuliyyətli zabit kimi formalaşmasına mühüm təsir göstərdi.
Liseyi bitirdikdən sonra o, indiki  Heydər Əliyev adına Hərbi İnstitutda təhsilini davam etdirdi. Bu illər ərzində İsbəndiyar təkcə nəzəri biliklərlə kifayətlənməyərək, həm də döyüş texnikası, xüsusilə tankların idarə olunması və taktiki tətbiqi üzrə dərin biliklərə yiyələnib. Son nəticədə o, tankçı zabit kimi formalaşıb.
Müasir dövrdə hərb sənəti daim yenilənir və inkişaf edir.  Bu baxımdan, peşəkar hərbçi olmaq istəyən şəxsin öz üzərində daimi işləməsi, bilik və bacarıqlarını təkmilləşdirməsi vacibdir. Leytenant İsbəndiyar Qarayev də bu prinsipə sadiq qalaraq Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. Bu kurs zamanı o, döyüş əməliyyatlarının planlaşdırılması, texniki vasitələrin səmərəli istifadəsi və müasir döyüş şəraitində idarəetmə bacarığının formalaşması üzrə biliklərini daha da inkişaf etdirib.
İsbəndiyar Qarayev hələ çox gəncdir. Lakin daxili dünyasında daşıdığı güc, vətənpərvərlik hissi və peşəsinə olan sevgisi, inanırıq ki, ona hərbi sahədə daha böyük uğurlar qazandıracaq. Tankçı zabit  olaraq  zirehli texnikaya təkcə idarəetmə vasitəsi kimi yanaşmır - onun üçün bu, Vətənin qorunmasında əvəzsiz silah, düşmənə qarşı sipərdir.
Zabit döyüş hazırlıqlarında, taktiki məşqlərdə daim fərqlənir, şəxsi heyətə örnək olur.  Liderlik  keyfiyyətləri ilə seçilən İsbəndiyar həm də kollektiv içində rəğbət və hörmət qazanmağı da bacarıb.
Leytenant İsbəndiyar Qarayevin həyatı sadəcə bir şəxsin həyat yolu deyil. Bu, bir amalın, bir arzunun həyata keçməsi, bir gəncin Vətənə olan sədaqətinin bariz nümunəsidir. Onun timsalında biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin möhkəm dayaqlar üzərində qurulduğunu və etibarlı əllərdə olduğunu bir daha görürük.
Olduğu yerdən asılı olmayaraq dövlətinə xidmət edən hər bir gəncin yolu Vətənə sədaqətin, ailəyə, torpağa və millətə bağlılığın, daim öyrənmək və xidmət etmək ruhunun yoludur.

Eltun MƏMMƏDOV 
"Azərbaycan Ordusu"