Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2025 17:55

Göstərilən tibbi xidmət əsgərlərə ruh verir

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nurlan Muradov hərbi hissədə  sanitar-təlimatçı, həm də İkinci Qarabağ müharibəsi iştirakçısıdır. 27 sentyabr 2020-ci ildə başlayan haqq savaşında erməni təcavüzünün qarşısının alınması məqsədilə dövlətimizin başçısı dərhal orduya əks-hücum əmrini verdi.
Həmin gün Nurlan da gündəlik xidməti fəaliyyəti ilə məşğul idi. Müharibə başlayanda o da Ali Baş Komandanın bu əmrinə sevindi. Çünki 30 ilə yaxın ermənilərin işğal etdikləri torpaqlarımız azad ediləcək. Nurlan da hamı kimi hərbi hissə komandirinin əmrini gözləyirdi. Çox keçmədi ki, onların da hərbi hissəsi döyüş əməliyyatına cəlb edildi.
Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində gedən döyüşlər zamanı Nurlan yaralı döyüşçülərə ilk tibbi yardım göstərdi. Onların həyatlarını xilas etmək üçün üzərinə düşən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə çalışdı. İkinci Qarabağ müharibəsindəki xidmətlərinə görə kiçik çavuş Nurlan Muradov da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad  olunmasına  görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Kiçik çavuş Nurlan Muradov hazırda hərbi hissənin tibb məntəqəsində müraciət edən əsgərləri əvvəlcə qeydiyyata alır, sonra onları müayinə edir, səhhətləri ilə bağlı gərəkli tövsiyələr verir. Sanitar-təlimatçı dedi ki, son günlərdə daha çox müraciət edən  hərbi qulluqçuların şikayəti hərarətin yüksək olması və halsızlıqla bağlıdır. Əsgər Amil Mirzəyev səhhəti ilə bağlı tibb məntəqəsinə müayinə olunmaq üçün gəlib. Sanitar-təlimatçı Nurlan Muradov əsgəri müayinə edəndən sonra səhhətində ciddi, narahat olacaq heç nəyin olmadığını bildirdi.
Hərbi hissənin tibb məntəqəsinə müraciət edən əsgərlərdən Rəhman Məmmədzadə, Nicat Zeynalzadə, Vilayət Rəhimli və Elşən Ələsgərli də müayinə olunandan sonra bir müddət həkim nəzarətində olmaları üçün tibb məntəqəsinin palatasına yerləşdirildilər. Kiçik çavuş Nurlan Muradovun tibb məntəqəsində müalicə olunan əsgərlərə qayğı ilə yanaşdığını görürük. O, tez-tez palatalara baş çəkir, əsgərlərin səhhətləri ilə yerində tanış olur, onların müalicə prosesini müntəzəm olaraq nəzarətdə saxlayırdı.
Ordumuzda Nurlan Muradov kimi öz xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran hərbi qulluqçularımız çoxdur. Onun kimi tibb işçilərinin fəaliyyəti komandirlər tərəfindən yüksək qiymətləndirilir. Ümid edirik ki, göstərilən yüksək tibbi xidmət sayəsində tibb məntəqəsində müalicə olunan əsgərlərin sayı ən az həddə olacaq. Çünki göstərilən xidmət bu cür deməyə əsas verir.

Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"