"N" hərbi hissəsində olduğumuz zaman şəxsi heyət günün nizam qaydasına uyğun olaraq müxtəlif məşğələ və dərslərlə məşğul olur, nəzəri və praktiki vərdişlərini təkmilləşdirirdi. İlk şahidi olduğumuz dərs prosesi sıra hazırlığı oldu. Burada Vətən müdafiəçilərimiz leytenant Eşqin Nəsiblinin nəzarəti altında sıra hazırlığının fənn və elementlərini, sıranın müqəddəsliyini, eləcə də digər incəliklərini öyrənirdilər. Sıra hazırlığının elementlərini icra edən əsgərlərin verilən komandaları düzgün yerinə yetirməsi mənə xoş ovqat aşılayırdı.
Məşğələ rəhbəri leytenant E.Nəsibli məşğələ haqqında məlumat verərək bildirdi ki, sıra hazırlığı hərbi qulluqçu üçün ən vacib hazırlıqlardan biridir. "Bu səbəbdən də əsgərlərimiz digər dərslərdə olduğu kimi, sıra hazırlığı məşğələsində də yüksək əzmkarlıq göstərirlər. Onlar məşğələ zamanı hər hansı bir hərəkəti yanlış icra edərlərsə əvvəlcə əyani şəkildə izah edir, daha sonra isə praktiki olaraq hərəkətin düzgün qaydasını göstəririk. Nəticə etibarı ilə əsgərlərimiz sıra hazırlığının bütün hərəkətlərini səhvsiz icra edirlər".
Məşğələ haqqında geniş məlumat verən zabit dedi ki, sıranın idarə olunması zamanı verilən komandalar xəbərdarlıq və icra komandalarından, yaxud da ancaq icra komandasından ibarət ola bilər. Hər hansı xəbərdarlıq komandası veriləndə sırada və sıradan kənarda olan hərbi qulluqçular "Farağat" vəziyyəti alırlar. Sırada hərəkət edənlər isə ayaqlarını yerə daha möhkəm vurmalıdırlar.
"Bizim əsas vəzifəmiz keçirilən məşğələlər zamanı bütün bilik və bacarıqlarımızı səfərbər edərək, əsgərlərimizin hərtərəfli inkişafını yüksək səviyyədə təmin etmək, onları əsl döyüşçü kimi formalaşdırmaqdır. Onlar da öz növbələrində məşğələlərdə həvəslə iştirak edir, verilən tapşırıqları cəld və düzgün yerinə yetirirlər", - deyə zabit E.Nəsibli vurğuladı.
Əsgər Cavidan Yusifov keçirilən dərslər sayəsində hərbin bütün sirlərinə dərindən yiyələndiyini dedi. "Peşəkar komandirlərimizin köməkliyi ilə verilən bütün tapşırıqların öhdəsindən çətinlik çəkmədən gəlməyə qadirik. Əlbəttə bununla kifayətlənmir, zabitlərimizin köməkliyi ilə hərbi biliklərimizi gündən-günə daha da artırmağa, əsl peşəkar döyüşçü kimi formalaşmağa çalışırıq. Yaxşı bilirik ki, qəhrəman oğullarımızın qanı və canı bahasına azad edilən torpaqların müdafiəsi bu gün bizim üzərimizə düşür. Hər birimiz bu vəzifəni düzgün yerinə yetirmək və ailəmizin, doğmalarımızın yanına başıuca qayıtmaq üçün səylə çalışırıq".
Əsgər Ağahüseyn Kərimov bildirdi ki, xidmətə başladığı ilk gündən etibarən hərbi hissədə sıra hazırlığına çox üstünlük verirdilər. "Biz də hər zaman çalışırıq ki, keçirilən sıra hazırlığı məşğələlərinin bütün incəliklərini tam mənimsəyək. Təcrübəli komandirlərimizin əziyyəti və gərgin əməyi nəticəsində buna nail olduq. Xidmətimin bir qisminin geridə qalmasına baxmayaraq, mən də digər əsgər yoldaşlarım kimi öz üzərimdə daima çalışıram".
Digər hərbi qulluqçularımız Kamran Məmmədov, Tural Məmmədli, Bayram Həsənov və Hicran Pircanov qeyd etdilər ki, bölmədə bütün hazırlıq məşğələləri kimi, sıra hazırlığı məşğələsi də yüksək səviyyədə təşkil olunaraq keçirilir. Sıra elementlərinin bütün vərdişlərinə yiyələnən hərbi qulluqçularımız verilən heç bir komandanı yerinə yetirməyə çətinlik çəkmirlər. Keçirilən məşğələdə şəxsi heyətin hazırlığının yüksək səviyyədə olduğunun əyani şahidi olduq.
Elçin İMANOV
"Azərbaycan Ordusu"