AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tankların hərb tarixində rolu danılmazdır. Dünyanın ilk tankı sayılan "Mark I" 1916-cı ildə Böyük Britaniya tərəfindən yaradılmış və Birinci Dünya müharibəsi zamanı döyüşlərdə istifadə olunmuşdur. Birinci Dünya müharibəsində səngər döyüşləri orduların hərəkətliliyini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemi həll etmək üçün Britaniya mühəndisləri zirehli və hərəkət qabiliyyətli bir maşın hazırlamağa qərar verdilər. Nəticədə, düşmən səngərlərini yarmaq və əsgərlərin irəliləməsini təmin etmək məqsədilə "Mark I" tankı yaradıldı.
Tankları idarə edən şəxslərə də tankçılar deyilir. Tankı idarə etmək üçün bir neçə nəfərdən ibarət heyət tələb olunur. Ənənəvi tank heyəti, adətən üç və ya dörd nəfərdən ibarət olur və hər bir üzvün özünəməxsus vəzifəsi var.
Ağır hərbi texnikanı idarə edən tankçılar xüsusi bilik və bacarıq tələb edən peşənin daşıyıcılarıdırlar. Azərbaycan Ordusunda da bu məsuliyyətli peşəni ləyaqətlə yerinə yetirən hərbi qulluqçular çoxdur. Onların arasında xalqımızın qəhrəman oğlu iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun yolunu davam etdirən bacarıqlı və Vətəninə sadiq tankçılar da yer alırlar.
Onlardan biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sadiq Quluzadədir. O, 5 ildir ki, Azərbaycan Ordusunun sıralarında xidmət edir. Sadiq bu illər ərzində tankçı peşəsinə böyük maraq göstərərək bu sahəni dərindən mənimsəyib, hərbi təlimlərdə daim fəal iştirak edib, bilik və bacarığı ilə seçilib. "Tankçı olmaq dözümlülük tələb edir. Gərək fiziki cəhətdən güclü olasan. Hər insanın bu həyatda bir vəzifəsi var, bizim də müqəddəs vəzifəmiz Vətəni qorumaqdır".
Sadiq 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində, həmçinin 2023-cü ilin antiterror əməliyyatında da fəal iştirak edib. Onun göstərdiyi şücaət və vətənpərvərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilib. Sadiq Quluzadə "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Azərbaycan Ordusunun peşəkar tankçılarından biri də çavuş Elgiz Hacıyevdir. O, artıq 11 ildir ki, ordu sıralarında xidmət edir. Mərdliyi və döyüş bacarığını hələ 2016-cı ilin Aprel döyüşlərində sübut edən Elgiz Hacıyev 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında da fəal iştirak edib, tankçı kimi yüksək peşəkarlığını döyüş meydanında nümayiş etdirib.
Xidmət illəri ərzində qazandığı təcrübəni bizimlə bölüşən çavuş Elgiz Hacıyev dedi ki, Azərbaycan Ordusunda xidmət etmək mənim üçün qürurverici bir hissdir. "Çünki illərdir həsrətində olduğumuz torpaqlarda artıq rahat nəfəs ala bilirik. 44 günlük şanlı tarixi yazan igidlərimizlə fəxr edirəm. Bu yolda şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın valideynlərinə səbir diləyirəm".
Onun da döyüş meydanında göstərdiyi şücaət layiqincə qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Elgiz Hacıyev "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Tarix boyu tanklar müharibələrin gedişatını dəyişdirən texnikalardan olub. Bu gün isə daha müasir və sürətli tanklar yüksək hazırlıqlı heyətlə birlikdə müasir orduların döyüş potensialını əhəmiyyətli dərəcədə artırır. Azərbaycan Ordusu da bu sahədə mühüm uğurlar əldə edib, peşəkar və vətənpərvər kadrlar yetişdirib. Xüsusilə tankçılar yalnız texnikanı idarə etməyi deyil, həm də döyüş meydanında düzgün qərar verməyi, koordinasiyalı hərəkət etməyi və yüksək dözümlülük göstərməyi bacaran mütəxəssislərdən ibarət olmalıdır.
Əli ABIYEV
"Azərbaycan Ordusu"