AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qalib Azərbaycan Ordusunda aparılan islahatlar sırasında şəxsi heyətin döyüş hazırlığı cəmləşmiş bütün parametrləri ilə mühüm əhəmiyyət kəsb edən faktorlardan biridir. Belə ki, ordu sıralarında xidmət edən əsgərlərin formalaşması və bir döyüşçü kimi yetişməsində əsas yük məhz döyüş hazırlığı məşğələlərinin üzərinə düşür. Qarşıya qoyulmuş tapşırığın icrasına malik ordunun formalaşmasında döyüş hazırlığı məşğələlərinin rolu böyükdür. Keçirilən təlim, təşkil olunan məşğələlər əsgərlərin Vətən müdafiəsi kimi ümdə vəzifənin öhdəsindən layiqincə gəlməsində mayak rolunu oynayır. Döyüş hazırlığı məşğələ və təlimlərinin uğurla keçirilməsində isə yüksək hərbi bilik və bacarığa malik kadr heyətinin əhəmiyyəti ön plana çıxır. Çünki təcrübəli komandir heyəti tərəfindən yetişdirilən əsgər həm fiziki, həm mənəvi-psixoloji hazırlığı ilə fərqlənir, həm də döyüş hazırlığı yüksək olur. Bir sözlə, gənc əsgər bir döyüşçü kimi yetişir, özünü yüksək hazırlıqlı hərbi qulluqçu kimi təkmilləşdirir.
"N" hərbi hissəsində zenit-raket-artilleriya bölməsinin şəxsi heyətinin iştirakı ilə təşkil olunan çöl dərsi zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rəşad Hacıyevin fikirlərini qələmə aldıq: "Günün nizam qaydasına və döyüş hazırlığı planına uyğun olaraq əsgərlərimiz keçirilən çöl dərsində iştirak edirlər. Dərs zamanı həm nəzəri biliklər, həm də praktiki vərdişlər real şəraitdə tətbiq olunur. Çöl məşğələsi zamanı şəxsi heyət ərazidə mövqelənmə (həmçinin yerdəyişmə), texnikanın döyüş vəziyyətinə gətirilməsi, verilən komandaların icrası (məlumatı qəbuletmə, hədəfi təyinetmə, tuşlama və s.) və digər ixtisas biliklərini dərindən mənimsəyir, xüsusi hazırlıq üzrə tapşırıqları normativə uyğun yerinə yetirir. Siz də şahid oldunuz ki, bölməmizin əsgərləri öz ixtisasının nəzəri hissəsini mənimsəyib. Onlar öz üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir, verilən ümdə vəzifələri ləyaqətlə icra edirlər. Keçirilən hər bir dərs əsgəri əsl döyüşçü kimi formalaşdırır".
Rəşadla söhbət əsnasında onun İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatının iştirakçısı olduğunu öyrənirəm. Müsahibim ordu quruculuğunda döyüş hazırlığının rolunun danılmaz olduğunu da qeyd etdi: "Məlumdur ki, ordunun güclənməsində, onun özünümüdafiə və döyüşaparma qabiliyyətinin yüksəlməsində əsgərin döyüş hazırlığının mühüm təsiri var. Bunun üçün də təşkil olunan dərslərdə yüksək bilik və bacarığa yiyələnən əsgərlərimiz bu gün öz çevikliyi, intizamı, dözümlülüyü ilə ordumuzun güclənməsinə xidmət edirlər", - deyən çavuş Hacıyev bizi məşğələ iştirakçısı olan əsgərlərlə tanış etdi.
Əsgər İbrahim Ağayev mütəmadi keçirilən dərslər və tədricən mənimsənilən mövzular barədə danışdı: "Təşkil olunan dərslər əvvəlcə siniflərdə, sonradan isə çöl şəraitində keçirilir. Öyrənilən nəzəri biliklər praktikada icra olunur. Komandirlərimiz bizi öncə silahla tanış edir, onun taktiki-texniki xüsusiyyətləri barədə məlumatlandırır. Daha sonra vəzifələrə ayrılan şəxsi heyət öz işinin incəliklərini öyrənir. Hər bir heyət üzvü öz ixtisas bilikləri ilə yanaşı, fiziki, mənəvi-psixoloji hazırlığını da diqqətdə saxlayır. Bu gün Vətən səmalarının keşikçiləri bizik. Vətənimizin hər qarışı bizim üçün əzizdir. Başımızın üzərində dalğalanan bayrağımız isə qürur mənbəyimizdir".
Əsgər Maqsud Soltanov qüdrətli ordunun sıralarında xidmət etməyin insandan güclü hərbi bilik, hərbi intizam və dərin məsuliyyət tələb etdiyini bildirdi: "Qalib Azərbaycan Ordusunun əsgəri adını daşımaq sözlə izaholunmaz fəxrdir. Güclü ordunun güclü əsgəri olmaq, komandirlərimə və doğmalarıma başucalığı gətirmək üçün ixtisasımın incəliklərini öyrənirəm. Vətənə və xalqıma sədaqətlə xidmət etmək mənim başlıca qayəmdir. Ümdə amala xidmət etmək qürurdur. Bu qüruru layiqincə yaşamaq üçün öz bilik və bacarıqlarımızı artırırıq. Bu işdə bizə dəstək olan komandirlərimizə minnətdarıq. Bizim əsl hərbçi kimi yetişməyimizdə onların zəhməti danılmazdır".
Bölmənin növbəti heyət üzvü əsgər Rauf Cəlilov keçirilən dərslər sayəsində öz ixtisas biliklərinin incəliklərini mənimsədiyini qeyd etdi: "Təcrübəli komandirlərimizin rəhbərliyi altında nəzəri biliklərimizi sinif dərslərində, praktiki bacarıqlarımızı çöl dərslərində artırırıq. Bölməmizdə əsl kollektiv mühiti mövcuddur. Hər birimiz dərslərdə fəal iştirak edir, tapşırıqların icrası üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq".
Əsgərlər Amin Verdiyev və Sənan Qafarov da xidmətləri dövründə döyüş hazırlığı planına əsasən keçirilən məşğələ və təlimlər sayəsində yetərincə təcrübə qazandıqlarını qeyd etdilər. Təşkil olunan nəzəri və praktiki dərslərdən başqa keçirilən təlimlərdə də öyrəndiklərini sınaqdan keçirən əsgərlərimiz hava məkanının müdafiəçiləri kimi formalaşdıqlarını bildirdilər.
Vətəni sevmək, onun havasını, suyunu, torpağını sevməkdir. Əsgərlərimiz ərazi bütövlüyümüz ilə yanaşı, səmamızın da təhlükəsizliyini qoruyurlar. Bu gün səma keşikçisi olan əsgərlərimizlə tanışlıqdan sonra bir daha əmin oldum ki, səmamızda bir daha qara buludlar, şər qüvvələr olmayacaq. Çünki Azərbaycan əsgəri Vətənə övladlıq borcunu həm vətənpərvərlik hissi ilə, həm də yüksək döyüş hazırlığı ilə ödəyir. Onların hər biri dərk edir ki, Vətəni qorumaq vəzifələrin ən ümdəsidir.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"