AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusu hər bir azərbaycanlının qürur mənbəyi, milli birliyimizin və dövlətimizin güvənc yeridir. Bu ordunun hər bir əsgəri Vətənə sadiq xidmət edir, torpaqlarımızın müdafiəsində canından keçməyə hazırdır. Hərbi forma isə yalnız geyim deyil, həm də bir öhdəlik, şərəf nişanəsidir. Azərbaycan Ordusunun igid övladları tarix boyunca ölkəmizin müdafiəsində məğrur dayanıblar.
Belə qəhrəmanlardan biri də 8 dekabr 2006-cı ildə Beyləqan rayonunun Milabad kəndində anadan olan əsgər Emil Hikmət oğlu Babaşovdur. Emil bildirdi ki, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra şəhid övladı kimi atasının qəhrəman yolunu davam etdirmək arzusundadır. "Azərbaycan Ordusunun sıralarından ayrılmaq mənim üçün düşünülməzdir. Hərbi formanı daşımaq mənim üçün çox qürurvericidir. Bu forma bizim tariximizin, şanlı qəhrəmanlığımızın simvoludur. Torpaqlarımız uğrunda şəhid olmuş qardaşlarımızın qanı yerdə qalmadı. Onların qəhrəmanlığı bizim üçün əbədiyyətə bərabərdir".
Əsgər Emil Babaşovun atası kiçik çavuş Hikmət Firudin oğlu Babaşov 22 il Azərbaycan Ordusunda şərəflə xidmət edib. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək, qəhrəmanlıq göstərib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində isə döyüşlərin ən ağır və həlledici məqamlarında ön cəbhədə vuruşub. Füzuli, Qubadlı, Hadrut, Tuğ, Zəngilan və Şuşa istiqamətlərində gedən döyüşlərdə onun şücaəti və fədakarlığı Azərbaycan xalqının qəhrəmanlıq tarixində parlaq səhifələrdən biridir. Kiçik çavuş Hikmət Babaşov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Bu yüksək mükafatlar onun mərdliyinə, şücaətinə və vətənpərvərliyinə verilən dəyərdir.
Digər əsgər Ülvi Qulam oğlu Abışov 22 iyun 2003-cü ildə Neftçala rayonunun Qazaxbərəsi kəndində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xanəndə” ixtisasını bitirmiş gəncdir. Hərbi xidmətini başa vurduqdan sonra mədəniyyət sahəsində öz töhfəsini vermək niyyətindədir. Ülvi üçün bu sənət onun Vətən sevgisinin, millətinə bağlılığının ifadəsidir.
Ülvini daha da qürurlandıran isə onun qardaşının qəhrəmanlıq tarixidir. 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı qardaşı qəhrəmancasına şəhid olub. Ülvi qardaşının xatirəsini hörmət və ehtiramla yad etdi: "Qardaşım Habil Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə fərqlənib. O, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub".
Azərbaycan xalqı hər zaman mərd, igid və vətənpərvər oğullarına güvənib. Onlar Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün canlarından keçməkdən çəkinməyiblər. Tarix boyu bu vətənpərvərlər xalqın azadlıq və qurtuluş mübarizəsinin ən önündə dayanıblar. Onların igidliyi və şücaəti gələcək nəsillərə örnəkdir. Bu gün də həmin qəhrəmanların ruhunu yaşadan gənclərimiz var. Onlar şəhidlərinin xatirəsinə hörmətlə yanaşır, Vətənə sadiq qalaraq Azərbaycan Ordusunun sıralarında xidmət edirlər.
Əli ABIYEV
"Azərbaycan Ordusu"