AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İdmançıların və hərbçilərin həyat yolu çox zaman həm çətin, həm də ilhamverici olur. Səid Qaraşlı da bu yolda addımlayan gənclərimizdən biridir. 17 iyun 2006-cı ildə İmişli rayonunda doğulan Səid, uşaqlıqdan özünü yaşıdlarından müsbət xüsusiyyətlərinə görə fərqləndirməyi bacarıb. O, hər zaman idmana və zəhmətə əhəmiyyət verib, əlindən gələnin ən yaxşısını etməyə çalışıb. Məhz bu əzmkarlıq və iradə ona hədəflərinə çatmaq üçün lazımi təkan verib.
Səidin idman dünyasına ilk addımları 6 yaşında atılıb. Bu yaşda karate ilə tanış olan Səid, bir müddət sonra özündə böyük bir potensial görüb. Gələcəyinə olan inamla gündəlik məşqlərinə daha çox vaxt sərf etməyə, hər bir təcrübəni öz üzərində sınamağa başlayıb. Bu əzmkarlıq qısa müddət ərzində özünü göstərib və Səid yeniyetmələrarası Bakı birinciliyində üç dəfə birincilik qazanıb. Bu uğur onun idmançı kimi yüksəlişinə zəmin yaradıb.
Səidin idman yolunun növbəti mərhələsi respublika üzrə əldə etdiyi uğurlar olub. Yeniyetmələrarası respublika çempionatında iki dəfə birinci, bir dəfə isə ikinci yer tutaraq, dövrünün ən güclü karateçilərindən biri olduğunu sübut edib. Bu nailiyyətlər onun yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da tanınmasını təmin edib. Səidin 2015-ci ildə Ukraynanın Odessa şəhərində keçirilən kişi yeniyetmələrarası Dünya kubokunda qazandığı birincilik idman həyatında ən böyük uğurlarından biri olub. Bu yarışda finalda erməni idmançısını nakautla məğlub edərək, həm öz gücünü, həm də iradəsini bir daha sübut edib. Dünya kubokunda qazandığı birincilik onun idmançı kimi əzmkarlığının və döyüş qabiliyyətinin təcəssümü idi.
Səidin həyatı yalnız idmanla məhdudlaşmır. O, mühəndis-istehkam bölməsində əsgər olaraq Vətəninə xidmət edir. Bu, onun üçün yalnız yeni bir vəzifə deyil, həm də yeni bir həyat mərhələsi, yeni təcrübələr və təlimlərlə dolu bir dövr olub. Hərbi xidmətin ən mühüm tərəfi onun üçün nizam-intizam, Vətənə bağlılıq və döyüş ruhudur. Hər bir gün yeni bir yeni bir dərs deməkdir. Hərbi xidməti boyunca Səid yalnız fiziki gücünü deyil, həm də mənəvi keyfiyyətlərini inkişaf etdirir. Onun üçün hər bir tapşırıq, hər bir təlim gələcəkdəki hədəflərə bir addım daha yaxınlaşmaq, bir az daha güclü olmaq deməkdir.
Səid Qaraşlı yalnız idman arenasında qazandığı medallarla deyil, həm də hərbi xidmətindəki nizam-intizam və əzmkarlığı ilə hörmət qazanan bir əsgərdir. Onun həyatı sadə bir gəncin böyük uğurlar əldə etməsinin simvoludur. O, çalışqanlığı, iradəsi və döyüşçü ruhu ilə yalnız özünü deyil, ailəsini və Vətənini də qürurlandırır.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"