AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi xidmətdə asudə vaxtlarda düzgün təşkil edilən söhbətlərin mahiyyəti pedaqoji proseslə eyniləşir. Bu söhbətlərlə Vətən qoruyucularına nələrsə öyrədilir, nələrsə aşılanır. Bu baxımdan əsgərlər hərbi xidmət müddətində həm öyrənir, həm də öyrənə-öyrənə formalaşırlar. Belə söhbətlərdə əsasən, Vətəndən danışılır, qəhrəmanlardan, onların döyüşlər zamanı göstərdikləri igidliklərdən söhbət açılır. Hər söhbət mənəvi-psixoloji hazırlıqda gərəkli vasitədir. Hərbi xidmət müddətində əsgərlərlə asudə vaxtlarda təşkil edilən söhbətlər həmişə səmərəli olur. Səmimi söhbət hərbi kollektivdə formalaşan səmimi münasibət deməkdir.
Əsgərlər belə söhbətlərdə daha çox öyrənməyə maraqlı olurlar. Ən çox da komandirlərindən müharibə tarixindən danışmalarını xahiş edirlər. Bu xahişlər həm öyrənmək istəyidir, həm də vətənsevərliyi formalaşdıran tarixi amildir.
"N" hərbi hissəsinə səfərimiz Böyük Vətən müharibəsində qazanılan qələbənin 80-ci ildönümünə təsadüf etdi. Kapitan Ülvi Məmmədli əsgərlərlə söhbətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir fikrini də xatırlatdı: "Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı Qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir".
Əsgərlər azərbaycanlı zabitlərə Sovet İttifaqı Qəhrəmanı adı verilən döyüşlərlə də ciddi maraqlanırlar. Onlar Gəray Əsədovun, Ziya Bünyadovun, Mehdi Hüsenzadənin qəhrəmanlığını xatırladılar. Əsgərlər yoldaşlarının söhbətlərini maraqla dinləyirlər. Zabit Ü.Məmmədli deyilənləri ümumiləşdirdi:
- Xalqımızın tarixi mübarizələr tarixidir. Müxtəlif dövrlərdə müharibələr də olub, yadellilərə qarşı mübarizələr də. Tarix Əlincə qalasının, Şuşa qalasının müdafiəçilərinin qəhrəmanlığını da qürurla xatırlayır, ötən əsrin əvvəllərində ermənilərə qarşı mübarizəni də, döyüşləri də. Bu tarixlər 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində də qəhrəmanlıqlarla təkrarlandı. Qəhrəman şəhidlərimizin, igid oğullarımızın şücaəti sayəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız yağı düşməndən azad olundu, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. İkinci Qarabağ müharibəsi təkcə bunlarla tarixləşmədi, həm də tarixi ədalət bərpa olundu. Döyüşlərdə qazanılan tarixi Zəfər də təsdiqlədi ki, Ali Baş Komandanımızın dediyi kimi, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır".
Kapitan Ü.Məmmədli əsgərlərə İkinci Qarabağ müharibəsinin döyüşlərindən birini xatırlatdı:
- Döyüşün gedişində əsgərlərdən biri yoldaşının yaralandığını hiss edir. Atəş altında irəliləyərək ona yaxınlaşır ki, yarasını sarısın, döyüşün içindən bir tərəfə çəksin. Yaxınlaşır, yaralı döyüşçüyə çatanda özü də güllə yarası alır. Hər ikisi də şəhid olur.
Əsgərlərdən biri həmin döyüşçülərin kimliyini bilmək istədi. Zabit xatırlayana kimi əsgərlərdən biri hamımıza xoş gələn gözəl bir cavab verdi: Nə fərqi var, hər ikisi də qalib Azərbaycan Ordusunun döyüşçüsü olub. Yəni, bu, qəhrəmanlıq Azərbaycan əsgərinin qəhrəmanlığıdır.
Kapitan Ü.Məmmədli hərbi hissənin şəxsi heyətinin də döyüşlər zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiyini vurğuladı. "Qarşısında dayandığımız xatirə kompleksi əməliyyatlar zamanı hərbi hissəmizin şəhid olan hərbi qulluqçularının xatirələrinin əbədiləşdirilməsi məqsədilə salınıb. Şəhidlik ən uca qəhrəmanlıq zirvəsidir. Onlar tarixi torpaqlarımızın azad olunması uğrunda öz canlarından, qanlarından keçdilər. Şəhidlərimizin döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar hər birimiz üçün örnəkdir. Onların əziz xatirəsini daim yad etmək, bizə əmanət qoyduqları Vətənimizi göz bəbəyimiz kimi qorumaq hər birimizin borcudur".
Tarixi Zəfərdən sonra ordu quruculuğunun yeni mərhələsi başladı. Bu mərhələdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı müharibənin döyüş təəssüratları ilə də yüksəldilir.
Kapitan Ülvi Məmmədlinin döyüşlər haqqında xatirələri bizi də qürurlandırdı. Asudə vaxtlarda təşkil edilən bir söhbət formatında belə bir mənəvi kamillik hamıya xoş gələcək. Zabit Azərbaycan əsgərinin dünyaduyumunu mənəvi kamillik adlandırdı...
Elçin İMANOV
"Azərbaycan Ordusu"