AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi hissədə onun nümunəvi xidmət etdiyini, batareyanın şəxsi heyətinin yüksək döyüş hazırlığına malik olduğunu, şəxsi heyətin döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlığın tamamladığını dedilər. Onu da bildirdilər ki, kapitan Teymur Süleymanov asudə vaxtlarda batareyanın şəxsi heyəti ilə müntəzəm söhbətlər təşkil edir ki, bu da mənəvi hazırlıqda kömək olur.
Teymur Süleymanov Naftalanda anadan olub, burada orta təhsil alıb, hərbi xidmətə buradan çağırılıb. Digər həmyaşıdlarından fərqli olaraq Teymur müharibənin nə olduğunu daha yaxşı bilirdi. Valideynləri Goranboy rayonundan idi və onların kəndlərinə yaxın ərazilərdə də döyüşlər gedirdi. O döyüşlər haqqında sonralar Teymura da danışmışdılar. Göylərini barıt tüstüsü bürüyən kəndlərin müharibə taleyi onun da düşüncələrində titrəyişlər yaratmışdı. Həqiqi hərbi xidmətdən tərxis ediləndə bəlkə də bunları da xatırlayıb, xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirməyi qərara alıb. Nizam-intizamlı olması, hərbi bilikləri yaxşı mənimsəməsi, marağı və sevgisi onun zəmanəti olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kursunu bitirib. Qoşunlarda xidmətə başlayıb.
"Müddətli həqiqi hərbi xidmətdə də, müddətdən artıq həqiqi hərbi xidmətdə də bir gerçəkliyi həyat yolumun mənası bilmişəm: Harada olursan ol, sevgi ilə yaşamalısan, təyin olunduğun sahəyə məhəbbətin olmalıdır. Hərbçilər buna daha həssaslıqla əməl edirlər. Əsgər olanda da belə xidmət edirdim, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olanda da, indi də...", - kapitan Teymur Süleymanov belə dedi.
Aprel döyüşlərinə onun xidmət etdiyi divizion da cəlb olunmuşdu. Diviziona düşmənin dayaq məntəqəsini dağıtmaq əmri verilmişdi. Bu əmr vaxtında və dəqiq yerinə yetirilsə, döyüşçülərimiz düşmənin nizamını pozacaqdı, hücumun genişlənməsinin qarşısı alınacaqdı. Əmr hamısının ilk döyüş əmri olsa da, onu mükəmməl yerinə yetirdilər; atışlar dəqiq oldu. Düşmənin dayaq məntəqəsi dağıdıldı...
Talış kəndi istiqamətində döyüşürdülər. Divizion Tapqaraqoyunlu istiqamətində mövqe tutmuşdu. Döyüş getdiyi vaxtlarda yaxınlıqlarına düşmənin atdığı top mərmisi düşsə də, döyüşü davam etdirdilər. Komandanlığın əmri ilə koordinatları verilmiş mövqelərə davamlı atışlar apardılar. Döyüşlər qələbəmizlə başa çatdı.
Teymur Süleymanov Lənkəran Dövlət Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsi"ni bitirmişdi, ali təhsilli mütəxəssis idi. Ancaq hərbi xidmətini davam etdirmək istəyirdi.
2017-ci ildə zabit olmaq istəyib. Hərbi hissə komandiri onun istəyini və xidmətini nəzərə alıb, "Ehtiyat zabit hazırlığı kursu"na göndərib. Xeyir-dua da verib: Bir qədər də yaxşı hazırlaş, Süleymanov, yaxşı zabit olmağın yolu yaxşı hazırlıqdan keçir...
2020-ci il iyulun 14-ü idi. Tovuz döyüşləri gedirdi. Düşmən yaxın mövqelərimizi minaatanlarla intensiv olaraq atəşə tutmuşdu. Döyüşün içində olan general-mayor Polad Həşimov şəhid olmuşdu. Komandanlıq şəhid generalın nəşini döyüşün içindən çıxartmaq əmri verdi, həm də əmr tez, təxirə salınmadan yerinə yetirilməli idi. Ləngidilsə, o əraziyə düşmən də yaxınlaşa bilərdi. Bu güman əmri vacibləşdirdi. Baş leytenant Teymur Süleymanov Məmmədov soyadlı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ilə birlikdə şəhid generalın nəşini atəş altında çətinliklə də olsa çıxarda bildi...
Əsgər idi, hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdi, sonra zabit olmuşdu. O da işğal olunmuş kəndlərimizi, ata yurdundan uzaqlarda qalanlarımızı düşünmüşdü. Batareyanın baş zabiti kimi başlamışdı. Kapitan Teymur Süleymanovun hərbi xidmətini Hərbi Nizamnamələrin tələblərinin, zabit hazırlığı kursunda öyrəndiklərinin, illərlə qazandığı təcrübənin vəhdəti tənzimləyir. Batareyada gözəl xidmət münasibəti formalaşıb. Komandirin əsgərlərə, əsgərlərin komandirə rəğbəti hərbi xidməti daha da gözəlləşdirir.
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"