Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2025 18:19

Azərbaycan və Türkiyə: Güclü Strateji Hərbi Əməkdaşlıq

Azərbaycan-Türkiyə qardaşlığı təkcə bu günümüzün deyil, keçmişimizə söykənən qardaşlıqdır. Türk xalqının milli-azadlıq hərəkatında, müharibələr savaşında Azərbaycan xalqı hər zaman qardaşın-qardaşa yardımı, böyük dəstəyi devizi ilə yanında olmuşdur. Türkiyənin şanlı hərb tarixində qürur səhifələri açan böyük Çanaqqala və Qurtuluş savaşlarında Azərbaycan oğulları türk xalqına qardaşlıq həmrəyliyi nümayiş etdirərək döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir. 1918-ci il sentyabrın 15-də Qafqazda İslam Ordusunun Bakı şəhərinin erməni-bolşevik hərbi birləşmələrindən azad edilməsi bir daha onu göstərdi ki, xalqlarımızın həmrəyliyi möhkəmdir. Bu həmrəyliyə hörmət  əlaməti olaraq Şəhidlər xiyabanında möhtəşəm Türk şəhidliyi abidəsi ucalır.
Türk xalqının ulu öndərləri Mustafa Kamal Paşa və Heydər Əliyevin səsləndirdiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", "Bir millət iki dövlət" kəlamları tarixin sınaqlarından çıxaraq bu günümüzlə, sabahımızda eyni ahəngdə səslənir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqların azad edilməsi və Ermənistanın uzun illər ərzində həyata keçirdiyi təcavüzkar siyasətinə son qoyulmasında Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Qafqaz bölgəsində sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin yenidən qurulması və region ölkələri arasında münasibətlərin normallaşdırılması məqsədilə Azərbaycan və Türkiyənin birgə atdığı addımlar bu sahədəki irəliləyişləri əyani şəkildə nümayiş etdirir. Həmçinin 44 günlük Vətən müharibəsində fəaliyyət göstərmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda sülhün davamlılığının təmin edilməsində mühüm bir mexanizm kimi diqqət mərkəzində olub. Bu iş birliyi, sülhün bərqərar olunmasında əsaslı rol oynayıb.
Belə ki, Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycanın Qurtuluş Günü - 15 iyun və Qarabağla Zəngəzur bölgəsi üçün böyük tarixi əhəmiyyət kəsb edən Qars müqaviləsinin 100 illiyi ilə üst-üstə düşməsi mühüm mənanı özündə əks etdirir. Biz artıq tarixdəki oxşar hadisələrin təkrarlanmasına dəfələrlə şahidlik edirik. Bu dəfə isə fərq ondan ibarətdir ki, regionda gedən mübarizə Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun şəkildə inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti Şuşa Bəyannaməsi barədə verdiyi bəyanatında Azərbaycan-Türkiyə qardaşlığının tarixi əhəmiyyətini vurğuladı: "Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq".
Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il əvvəlki hadisələrə istinad etməsi təsadüfi deyil, çünki bu gün baş verənlər 100 il əvvəlki hadisələrə oxşar vəziyyətləri təkrarlasa da, fərqli bir nəticə ilə Azərbaycan dövlətinin və xalqının qalibiyyəti ilə tamamlanır. Keçmişdəki proseslər Ermənistan və onun tərəfdarlarının xeyrinə başa çatmışdı, amma bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycanın zəfərini simvollaşdırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində xalqımız 100 il sonra tarixi ədaləti bərpa etmişdir.
Şuşa Bəyannaməsi Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı, bütün dünyanın qəbul etməli olduğu tarixi bir həqiqətdir. Bu saziş hər iki ölkənin ümumi maraqlarının qorunmasına imkan yaratmaqla yanaşı, regional və beynəlxalq strateji məsələlərdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini hədəfləyir. Yeni regional düzənin başlanğıcı olaraq, 200 ildən artıq davam edən geosiyasi konfiqurasiyalar dağıdılır və bundan sonra Azərbaycanla Türkiyənin rəhbərliyi altında davam edəcək yeni bir düzənin təməli qoyulur.
Azərbaycan və Türkiyə arasında mövcud olan hərbi əməkdaşlığın regional və beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyəti böyükdür. Dövlət başçısı  İlham Əliyevin dediyi kimi, “Türkiyənin marağı nədirsə, bizim də marağımız odur. Təhlükəsizliyimiz birdir, maraqlarımız birdir, gələcəyimiz də birdir”. Bu yanaşma iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından necə möhkəm bir təmələ sahib olduğunu göstərir.
Azərbaycan və Türkiyə təhlükəsizlik sahəsində qarşılıqlı maraqlarını qorumağa çalışaraq, həm regional, həm də qlobal təhlükəsizlik problemləri ilə mübarizədə birgə mövqe nümayiş etdirirlər. Bu əməkdaşlıq hər iki ölkənin ərazi bütövlüyünü təmin etmək və regional sabitliyi gücləndirmək üçün əhəmiyyətli bir addımdır. Ümumi təhlükəsizlik maraqları bu iki ölkə arasında strateji bir yaxınlaşmanı təmin edir.
Türkiyə və Azərbaycan arasında hərbi sahədəki əməkdaşlıq yalnız silah və texnologiya mübadiləsi ilə məhdudlaşmır, həm də qarşılıqlı təlim və təcrübə mübadiləsi ilə daha da güclənir. Hərbi təlimlər və birgə əməliyyatlar hər iki ölkənin ordularının müasir döyüş şəraitində daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradır. Bu əməkdaşlıq hər iki tərəfin hərbi texnologiyalarını modernləşdirməyə və qarşılıqlı dəstək verməyə imkan tanıyır.
Azərbaycan və Türkiyə arasındakı hərbi əlaqələr yalnız indiki dövrdə deyil, gələcəkdə də güclənərək davam edəcək. Bu əməkdaşlıq yalnız hərbi sahədə deyil, iqtisadi və siyasi sahələrdə də qarşılıqlı fayda əldə etməyə yönəlik genişlənəcək. Hər iki ölkə gələcəkdə daha sıx əlaqələr quraraq regionda və dünyada daha möhkəm bir güc mərkəzi yaratmağa çalışacaq.
Yekun nəticə olaraq, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq bir tərəfdən ümumi təhlükəsizlik maraqlarını qorumağa, digər tərəfdən isə güclü bir strateji tərəfdaşlıq yaratmağa xidmət edir. Bu əməkdaşlıq qarşılıqlı dəstəyi və ortaq məqsədləri gücləndirərək, həm ölkələrin, həm də regionun təhlükəsizliyini artırır. "Təhlükəsizliyimiz birdir, maraqlarımız birdir, gələcəyimiz də birdir" yanaşması ilə bu iki ölkə gələcəkdə birgə irəliləyərək daha da inkişaf edəcəkdir.
 
Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"