Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2025 18:18

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağımızı azad etdik”

Tariximizə nəzər saldıqda neçə-neçə oğullarımızın Vətən üçün canından keçməyə hazır olduğunun, qorxu bilmədən düşmən üzərinə mətin addımlarla yeridiyinin şahidi oluruq. Həmin oğullar əcdadlarımızdan bizə əmanət olan torpaqları göz bəbəyi kimi qoruyub, bu yolda əllərindən gələni əsirgəməyiblər. Sadaladığımız amillər bir daha onu göstərir ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
Qəhrəmanlığımızı qoruyub saxlayan, bizi qələbədən qələbəyə aparan, Zəfər tarixi yazdıran isə hər birimizin qəlbində olan vətənpərvərlik hissidir. Vətənpərvərlik hər bir insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Xalqımız tarix boyu öz Ana Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirib.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük haqq savaşımız zamanı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda döyüşlərə atılan, yeni qəhrəmanlıq salnamələri yazan igid oğullarımız bunu bir daha sübut etdilər.
Onlardan biri Yardımlı rayonunda dünyaya göz açan kapitan Ülvi Məmmədlidir. Ülvi orta və ali təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. O, "N" hərbi hissəsində xidmətini uğurla başa vurduqdan sonra ordu sıralarından tərxis olunub. Daha sonra hərbçi olmaq qərarına gələn Ülvi sənədlərini toplayaraq, indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən "Ehtiyat zabit hazırlığı kursu"na qatılmaq üçün müraciət edib. Kursa qəbul olaraq burada hərbi biliklərə yiyələnib. 2017-ci ildə müvafiq kursu müvəffəqiyyətlə başa vuran Ülvi gənc zabit kimi xidmətə yollanıb. Xidməti dövründə keçirilən təlimlərdə iştirak edən zabit bilik və bacarıqlarını təkmilləşdirməyə, verilən əmr və tapşırıqları yüksək peşəkarlıqla icra etməyə hər zaman səy göstərib.
Hər bir həmvətənimiz kimi, Ülvini də torpaqlarımızın işğalda olması hər zaman narahat edirdi. O da digər silah yoldaşları kimi Ali Baş Komandanımızın döyüş əmrini gözləyirdi. Və nəhayət, həmin gün gəlib çatdı. Ülvi Məmmədli Müzəffər Ali Baş Komandanın döyüş əmri ilə Vətən torpaqlarının azad edilməsi uğrunda başlayan döyüş əməliyyatlarına qatıldı.
Hərbi qulluqçumuz bildirdi ki, döyüş əmrinin verildiyi gün sevincimin həddi-hüdudu olmayıb. "Çünki mən də hər bir vətənpərvər vətəndaşımız kimi bu günü səbirsizliklə gözləyirdim. Döyüşlərə qatıldığımız andan etibarən düşməndən günahsız soydaşlarımızın, şəhidlərimizin qisasını alır, onları doğma ata-baba torpaqlarımızdan çıxardırdıq. İllərlə işğal etdikləri əzəli torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuz azad etdi. Ordumuzun qüdrəti, hərbi qulluqçularımızın peşəkarlığı sayəsində düşmən tamamilə darmadağın edildi. Çıxılmaz vəziyyətdə qalan işğalçılar isə yeganə çıxış yolunu döyüş meydanından qaçmaqda gördülər. Biz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında doğma Qarabağımızı azad etdik".
Zabit qeyd etdi ki, o, həmçinin 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatında  - ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasında da iştirak edib.
Kapitan Ülvi Məmmədli Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.


Elçin İMANOV

"Azərbaycan Ordusu"