AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dövlətlər yaranandan, dövlətlər arasına sərhədlər düşəndən qılınclar qınından sıyrılıb, çox vaxt söz qılıncdan kəsərli olub. Kəsərli sözün düzümünə siyasət deyiblər. Siyasət dünyanın nizamını gah bu tərəfə çəkib, gah o biri tərəfə. Tarix sözü kəsərliləri tanıyıb, sözü kəsərlilərin iradəsinə meyillənib. Belə kəsərli sözlülərə, qətiyyətlilərə, dünənləri sabahlar üçün xatırlayanlara, bu günü sabahlar üçün yaşayanlara tarixi şəxsiyyət deyiblər. Tarixi şəxsiyyət tarixin axarını xalqının istəyinə yönəldə bilir.
Heydər Əliyev belə tarixi şəxsiyyət idi. "N" hərbi hissəsində belə bir tarixi şəxsiyyətin xatirəsinə ehtiram kimi təşkil edilən söhbət tarixin şəxsiyyətinə sevgidir. Sevərək yaşayanlar tarixdə də, yaddaşlarda da əbədi bir nəğmə kimi qalır. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" qüruru Azərbaycanı sevənlərin hamısının qürurudur. Bu qürur yaşarı qürurdur, dünyəvi qürurdur, bəşəri qürurdur...
Ədliyyə baş leytenantı Behbud Əliyev sözarası soruşur ki, may ayında hansı tarixi günlər var. Hamısı "9 may" deyir, "10 may" deyir, "28 may" deyir. Zabitin təklifi ilə mayın 10-dan danışılacaq. Böyük tarixi şəxsiyyət Heydər Əliyevdən, Sovetlər birliyinin tərkibində olanda da, dövlət müstəqilliyi bərpa olunduqdan sonra da Azərbaycanı düşünən ən böyük azərbaycanlıdan...
Ədliyyə baş leytenantı Behbud Əliyev deyir ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə kimi Dövlət Təhlükəsizlik Komitəsində bölmə rəisi, şöbə rəisi, sədr müavini, sədr vəzifələrində xidmət edib, ona general-mayor rütbəsi verilib. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilib. Bu seçim Azərbaycanın tale seçimi olub. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunub. 1987-ci ildə Sov. İKP MK Siyasi Bürosunun baş katibi M.Qorbaçovun siyasi kursuna etiraz olaraq istefa verib.
Bu deyilənləri söhbətə başlanğıc bilirik. Əsgərlər orta məktəbdə oxuyanda müəllimlərindən, hərbi xidmət müddətində zabitlərdən böyük tarixi şəxsiyyətin ömür yolu haqqında, siyasi irsi haqqında, Azərbaycana xidmətləri haqqında çox eşidiblər. Bu gün eşitdiklərini, yaddaşlarında yaşatdıqları hadisələri, faktları birlikdə xatırlayırlar...
Əsgər Kənan Əliyev Bakıda ibtidai hərbi məktəbin necə açıldığından danışır:
- Hərbi hazırlıq müəllimimiz deyirdi ki, Heydər Əliyev azərbaycanlıların hərbçi peşəsinə marağını yüksəltmək məqsədilə Bakıda hərbi təmayüllü internat məktəb yaradılmasına təşəbbüs göstərdi. Moskva bu təşəbbüsün qarşısını almaq istədi. Moskva Naximov, Suvorov adına məktəblərin SSRİ-yə bəs elədiyini bildirmişdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev bunların da qarşısını qətiyyətlə aldı, Bakıda belə bir məktəbin açılmasının zəruriliyini əsaslandırdı. Moskva etiraz edə bilmədi. Yaradılan bu məktəbə Cəmşid Naxçıvanskinin adı verildi. Xalq bu məktəbi dərin ehtiram olaraq Heydər Əliyev məktəbi adlandırdı.
Əsgər Rəvan Muradov o illərdə azərbaycanlı gənclərin hərbi təhsil almalarından söz açır, həm də tanıdığı bir ailənin timsalında:
- Qonşumuz Telman baba da hərbçi olub, oğlu İlkin də. İlkin əmi deyirdi ki, o illərdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycandan SSRİ-nin müxtəlif şəhərlərinə ali hərbi təhsil almağa bir çox gənclər göndərilirdi. Atam da belə hərbçi olmuşdu, mən də belə hərbçi oldum. Atam yaşlaşmışdı, mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Yəni, böyük tarixi şəxsiyyət Azərbaycanın gələcəyini o vaxtlardan düşünübmüş.
Əsgərlərin dedikləri tarixdir, bu tarix Azərbaycan gerçəkliklərinin tarixidir. Heydər Əliyev haqqında deyilənlər Azərbaycanın əlli il əvvəlki tarixi kimi dinlənilir, əsgərlər bu fikirləri bu günün tarixinin başlanğıcı bilirlər...
Əsgərlər eşitdiklərindən danışırlar. Eşitdikləri olmuşlardır, gerçəkliklərdir, deyilənlər həyat həqiqətləridir. Rəvan deyir ki, babam mühəndisdir. Ali təhsil alandan sonra Bakı Məişət Kondisionerləri zavodunda işləyib. Minlərlə gənc Heydər Əliyevin təşəbbüsü ilə yaradılan zavodlarda əmək fəaliyyətinə başlamışdı. Ozon zavodunda, Elektron-hesablama Maşınları zavodunda. Bu zavodlar Azərbaycanın iqtisadiyyatında olduqca əhəmiyyətli olub. Babam deyirdi ki, o illərdə Azərbaycan İttifaqda inkişaf etmiş respublikalardan biri idi.
Heydər Əliyevin Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə böyük sevgisi vardı. Bakıda, eləcə də digər şəhərlərdə şair və yazıçıların, incəsənət xadimlərinin, mədəniyyət korifeylərinin abidələri ucaldılırdı, adları əbədiləşdirilirdi. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsinin təşəbbüskarı da "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyən Heydər Əliyev oldu.
Ədliyyə baş leytenantı Behbud Əliyev Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsindən söz açır, bu hərəkatdan narahat olan Moskvanın Bakıya qoşun yeritdiyini, 20 Yanvar faciəsini törətdiyini xatırladır. Əsgərlərə deyir ki, bunu təkcə hadisə kimi deyil, böyük tarixi şəxsiyyət Heydər Əliyevin faciəyə tarixi münasibəti kimi yada salın.
Zabit 20 Yanvar faciəsindən söz açır, yanvarın 21-də Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyi qarşısında bəyanatla çıxış etməsindən danışaraq deyir ki, bu çıxış faciəni törədənlərin ittihamı idi, qırğının törədilməsi əmrini verənlərin də, onu yerinə yetirənlərin də cəzalandırılması tələbi idi.
Bu, 20 Yanvar faciəsinə ilk siyasi münasibət idi. Sonralar bu bəyanat faciənin səbəblərinin araşdırılmasında əhəmiyyətli olmuşdu...
Moskva Bakıda faciə törətsə də, milli-azadlıq hərəkatını dayandırmaq istəsə də, xalqın iradəsi qalib gəldi, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu, SSRİ-nin dağılmasının başlanğıcı idi...
Azərbaycanda siyasi vəziyyət gərginləşəndə xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Həmişə Azərbaycanın taleyini düşünən ən böyük azərbaycanlı xalqın təkidli dəvətini qəbul etdi, 1993-cü il iyunun 15-də Bakıya gəldi. Qısa müddətdə Azərbaycanın dövlətçiliyini xilas etdi. Əsgərlər bu haqda da danışırlar.
Əsgər İbrahim Zeynalov deyir:
- Tarix müəllimimiz Azərbaycanın yeni tarixi haqqında danışanda demişdi ki, bu tarix Azərbaycanın dövlətçilik tarixində ən həssas mərhələlərdəndir. Böyük siyasi xadim olan Heydər Əliyev milli qarşıdurmanın qarşısını aldı, mövcud yerli müdafiə batalyonlarının buraxılması haqqında sərəncam verməklə nizami ordunun yaradılmasının başlanğıcını qoydu, qısa müddətdə nizami ordu formalaşmağa başladı. Horadiz əməliyyatı da, dövlət başçısı kimi səngərlərdə hərbçilərlə görüşləri də ordunun şəxsi heyətinin döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da.
Əsgər İlham İsayev böyük tarixi şəxsiyyətin təşəbbüsü ilə müasir Azərbaycanın beynəlxalq müqavilələr bağlamasından söz açır:
- "Əsrin müqaviləsi", "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Supsa" kimi neft kəmərləri Azərbaycanın iqtisadi inkişafını yüksəltməklə bərabər, onun siyasi nüfuzunu da artırırdı, ehtiramını da. Dünya dövlətləri Azərbaycanla ikitərəfli müqavilələr imzalamağa daha maraqlı olurdu. Belə müqavilələr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əhəmiyyətli amillər sırasında idi. Bu da Heydər Əliyevin Azərbaycana xidmətlərindən biri kimi tarixləşib...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətçilik ideologiyası səviyyəsinə yüksəltmişdi ki, bu da Azərbaycanın dövlətçilik tarixində son dərəcə gərəkli oldu. Bu səbəbdən siyasətçilər qətiyyətlə bildirdilər ki, Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarıdır.
Heydər Əliyev dünya azərbaycanlılarını eyni məfkurə ətrafında birləşdirmək istəyirdi. İstəyirdi ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün Azərbaycan adında bir işıq olsun, hər bir azərbaycanlının amalı, əqidəsi bu işığın səyyarəsinə dönsün. Bu məqsədlə dünya azərbaycanlılarının birliyini arzulayırdı.
Əsgər Asim Ağayev deyir:
- Milli-azadlıq hərəkatı genişlənmişdi. Xalq 1989-cu ilin dekabr ayının axırlarında Naxçıvan ərazisində İranla sərhədi dağıtdı. Ruh ruha qovuşdu, ürək ürəyə. Bu hadisə SSRİ-nin süqut ərəfəsində olduğunu təsdiqləyirdi, həm də SSRİ-nin çökməsində azərbaycançılığın da böyük təsiri olacaqdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev bu hadisəni xalqın mübarizə əzmi kimi dəyərləndirmişdi və dünya azərbaycanlılarının birliyini yaratmaq üçün dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi. Bu, böyük tarixi şəxsiyyətin xalqın mübarizə ruhuna və tarixi günə ehtiramı idi.
Əsgər yoldaşının fikrini əsgər Rəvan Muradov tamamlayır:
- Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Heydər Əliyevin azərbaycançılıq ideologiyası dövlət siyasətinin tərkib hissələrindən biri oldu. Bakıda Dünya azərbaycanlılarının qurultayı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin bu siyasi ideyasını da uğurla davam etdirir.
Əsgər Rahid Əliyev deyir ki, ən qədim eposlarımızdan biri olan "Kitabi-Dədə Qorqud" dastanı təkcə ədəbiyyatımızın tarixi deyil, həm də xalqımızın, dövlətçiliyimizin tarixidir. Böyük tarixi şəxsiyyət Heydər Əliyev ən qədim yazılı abidəmiz olan bu dastanın dünyada daha ətraflı tanıdılması məqsədilə onun 1300 illiyinin təntənəli qeyd edilməsi ilə bağlı sərəncam imzaladı. 2000-ci il aprelin 9-da keçirilən bu tədbir dastanın yaranma tarixinə, bu baxımdan xalqın xalq kimi formalaşma tarixinə aydınlıq gətirdi. Bu da böyük tarixi şəxsiyyətin Azərbaycana xidmətlərindəndir...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev tarix yaratdı. Bu tarix Azərbaycanın tarixidir, SSRİ dönəmində də belə olmuşdu, dövlət müstəqilliyi bərpa olunduqdan sonra da belə oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi daha da mətinləşdirir...
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"