Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2025 14:28

Mübariz ruhlu və nizam-intizamlı əsgər

Hüseyn Qasımov 2006-cı ilin 2 iyulunda Masallının Mahmudavar kəndində dünyaya gəlib.  Hüseyn uşaqlıqdan idmana maraq göstərib və 5 yaşından sərbəst güləşlə məşğul olmağa başlayıb. Hər məşq, hər yarış onun üçün yeni bir təcrübə, daha güclü olmağa doğru atılan addımlar idi.
Hüseynin uşaqlıq illəri Mahmudavar kəndinin yaşıllıqları içərisində, sadə kənd həyatı mühitində dostları ilə birgə keçib. O, uşaqlıqdan zəhmətə, çalışqanlığa alışıb. Güləş məşqləri onun fiziki gücünü artırsa da, ən çox iradəsini möhkəmləndirib. O, məğlubiyyətlərdən qorxmayıb, hər birinə yeni bir dərs kimi baxıb. Müəllimlərinin dəstəyi, ailəsinin sevgisi və öz əzmkarlığı ilə gənc yaşında iki dəfə yeniyetmələrarası zona birincisi olub.
2025-ci il onun üçün xüsusi bir il oldu. Keçirilən idman yarışlarının sərbəst güləş növündə birlik üzrə birinci yeri, Quru Qoşunları üzrə isə ikinci yeri tutub. Bu nailiyyətlər sadəcə medallar deyil, onun çalışqanlıq və iradəsinin nəticəsi idi. Hüseynin idman yarışlarında qazandığı təcrübə ona  həm də mənəvi güc verib.
Hüseynin həyatı yalnız idmanla məhdudlaşmır. Hazırda o, mühəndis-istehkam bölməsinin əsgəridir. Hərbi xidmət onun üçün yalnız bir vəzifə deyil, həm də məsuliyyət və nizam-intizam məktəbidir. O, burada fiziki hazırlıqla bərabər, mənəvi keyfiyyətlərini də möhkəmləndirir. Günün nizam qaydalarına əsasən başlayan təlimlər, komanda ilə birgə icra edilən tapşırıqlar və nizam-intizam ona nümunəvi əsgər olmağı öyrədib.
Hərbi xidmətdə nümunəvi əsgər olan Hüseyn burada yeni dostlar qazanıb. Onlarla birlikdə çətinlikləri aşır, müvəffəqiyyətləri birlikdə qazanırlar. Onun üçün hər gün yeni bir dərs yeni bir təcrübədir.
Əsgər Hüseyn Qasımovun həyat yolu ona həm idmanda, həm də hərbi xidmətdə uğurlar qazandırır. O, çalışqanlığı və qətiyyəti ilə özünü sübut etmiş bir əsgərdir. Hüseyn hər addımı ilə Vətənə olan bağlılığını təsdiq edir, bu bağlılıq isə onun üçün sadəcə bir vəzifə deyil, həyatının ayrılmaz hissəsidir.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"