Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2025 14:27

Vətənə xidmət, sadiqlik və inam

Masallı rayonunun Təklə kəndində 22 oktyabr 2006-cı ildə dünyaya gələn Asim Ağayev sadə bir ailədə böyüyən, mübariz və əzmkarlığı ilə tanınan bir gəncdir. O, mühəndis-istehkam bölməsində müddətli əsgər kimi xidmət edir. Hərbi xidmətə başladığı ilk gündən etibarən onu həm fiziki hazırlıq, həm də mənəvi dəyərlər gücləndirib. "Vətənə xidmətin mənası çox dərin və müqəddəsdir. Hər bir tapşırıq, hər bir təlim mənim üçün yeni bir həyat dərsidir", - deyə Asim bildirdi. 
Asimə görə hərbi xidmətin ən vacib tərəflərindən biri, nizam-intizam və komandaya olan bağlılıqdır. "Bütün hərbi təlimlərdə, həm də gündəlik xidmətimdə nizam-intizamı qorumağa çalışıram. Bu, sadəcə bir hərbi tələb deyil, həyatımı formalaşdıran bir prinsipdir", - Asim dedi. Hərbi xidmətin ona daha dərindən aşıladığı ən vacib keyfiyyətlərdən biri də dövlətinə və Vətəninə olan sadiqliyidir. Bu sadiqlik onun gündəlik fəaliyyətində, komandirlərinə və əsgər yoldaşlarına olan münasibətlərində və xidmətində özünü daha aydın şəkildə göstərir.
Asimin həyat yolunda hərbi xidmət yalnız bir vəzifə deyil, həm də gələcəyinə doğru bir addım daha yaxınlaşmaqdır. Onun üçün hər bir gün yeni bir məqsədin təcəssümüdür. "Hər bir əsgər öz vəzifəsini ən yaxşı şəkildə yerinə yetirmək üçün çalışmalıdır. Hər bir tapşırıq Vətənimizin müdafiəsi üçün vacibdir", - deyə Asim vurğuladı.
Gündəlik həyatında özü üçün tələblər qoyan Asim xidmət yoldaşları ilə birlikdə hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirməyə çalışır. "Vətənə olan sevgim və  bağlılığım hər gün məni daha da güclü edir", - deyə Asim öz fikirlərini tamamladı.
Asim Ağayev Vətənə olan övladlıq borcunu yerinə yetirmək üçün daim öz üzərində çalışır. Hər bir əsgərin üzərinə düşən vəzifə təkcə orduda xidmət etmək deyil, həm də Vətənə olan sevgisini və sadiqliyini göstərməkdir. Asim bu vəzifəni yerinə yetirmək üçün bütün gücü ilə çalışır və hər bir addımında özünü daha yaxşı, daha güclü etmək üçün mübarizə aparır.

Rauf ƏLƏSGƏROV

"Azərbaycan Ordusu"