Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2025 14:27

“İrəli atdığımız hər addım bizi tarixi Zəfərə, Böyük Qələbəyə daha da yaxınlaşdırırdı”

27 sentyabr 2020-ci il. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun bütün cəbhəboyu yerləşən mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutaraq genişmiqyaslı təxribat törətməyə cəhd göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz bu təxribatın qarşısını qətiyyətlə alaraq, əks-hücum əməliyyatına başladı. İgid oğullarımızın şücaəti sayəsində əzəli və tarixi torpaqlarımız azad olundu. Cəmi 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu döyüş meydanında şəhidlik zirvəsinə yüksələn bütün soydaşlarımızın qisasını aldı, tarixi ədaləti bərpa etdi.
Mənfur düşməndən qisasımızı alanların sırasındakı oğullarımızdan biri də Naxçıvan Muxtar Respublikasında dünyaya göz açmış mayor Anar Baxşəliyevdir. Onun kiçik yaşlarından arzusu müqəddəs peşəyə sahib olmaq, hərbi forma daşımaq və ermənilərin xalqımızın başına açdığı müsibətlərin qisasını almaq idi. Anar bunlara nail olmaq üçün əvvəlcə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsilini davam etdirib. Tədris dövründə hərbin sirlərinə dərindən yiyələnərək, bilikli zabit kimi formalaşıb. Xidmətə başladığı ilk gündən etibarən hərbi təhsil müəssisəsində öyrəndiklərini tabeliyində xidmət edən şəxsi heyətə aşılayıb. Bunun nəticəsində onun rəhbərlik etdiyi bölmə təlimlərdə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib.
Torpaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın mərd və vətənpərvər oğulları kimi mayor A.Baxşəliyev də şəxsi heyət ilə birgə Füzuli, Qubadlı, Zəngilan, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Döyüşlərin ilk günlərindən cəsarəti və şücaəti ilə fərqlənən mayor Baxşəliyev verilən tapşırıqları uğurla yerinə yetirib. Hələ uşaqlıqdan torpaqlarımızın işğaldan azad olunacağı günün həsrətilə yaşayan zabit yorulmaq bilmədən yalnız irəliyə doğru gedib. "Düşmənin mina sahəsi və müxtəlif maneələr qurduğu istehkam sədləri zərərsizləşdirilməli, qoşunlarımızın irəliləməsi üçün yol açılmalı idi. İllərdir gözlədiyimiz əmri qələbə ovqatı ilə yerinə yetirdik. Təlim və məşqlərdə öyrəndiklərimizi döyüş meydanında uğurla tətbiq etdik. Düşmənin ön xətti yarıldıqdan sonra tarixi torpaqlarımıza doğru irəlilədik. Ana Vətənimiz uğrunda döyüşmək, illərdir həsrətində olduğumuz torpaqlarımızı mənfur düşməndən azad etmək çox böyük xoşbəxtlik idi. İrəli atdığımız hər addım bizi tarixi Zəfərə, Böyük Qələbəyə daha da yaxınlaşdırırdı. Qəsbkarlar ordumuzun gücü qarşısında tab gətirə bilmədilər. Getdikcə qüvvəsi tükənən, müqaviməti qırılan, şəxsi heyətini, hərbi texnikasını itirən düşmən silah-sursatını atıb çıxış yolunu qaçmaqda gördü", - mayor  A.Baxşəliyev dedi. 
Zabitimiz döyüşlərin bitməsinə bir gün qalmış, yəni, noyabrın 9-u yaralanıb. Təxliyə olunaraq ilkin tibbi yardım göstərildikdən sonra Bakıya, hərbi tibb müəssisəsinə göndərilib. "Bu gün döyüşlərdə iştirak edən xidmət yoldaşlarım kimi, mən də qürurlanıram ki, 30 ilə yaxın işğalda qalmış doğma torpaqlarımızın azad edilməsində, xalqımıza Böyük Qələbə sevincinin yaşadılmasında payım var".
Cəmi 44 gün davam edən haqq mübarizəmizdə canını Vətən üçün qurban verən şəhidlərimizin və mayor A.Baxşəliyev kimi hərbi qulluqçularımızın sayəsində torpaq həsrətinə son qoyuldu. Şəhidlərimizin qisası döyüş meydanında düşməndən alındı. Bununla da bütün dünya Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu.
Mayor Baxşəliyev Anar Mübariz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Söhbət əsnasında öyrəndik ki, mayor Anar Baxşəliyev həm də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında da iştirak edib. Bu əməliyyat zamanı da o, peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan əmr və tapşırıqların öhdəsindən layiqincə gəlib.
Zabitimiz bu gün də tabeliyində olan şəxsi heyətə bilik və bacarıqlarını, eləcə də döyüşlər zamanı əldə etdiyi təcrübələri aşılayır, əsgərlərimizin Vətənə olan övladlıq borcunu layiqincə yerinə yetirmələrində əlindən gələni əsirgəmir.
Qalib Azərbaycan Ordusunun sıralarında bu gün də Anar kimi oğullarımız yetərincədir. Xalqımız bu cür oğullarla həmişə fəxr edib, qürur duyub, bundan sonra da fəxr edəcək və qürur duyacaqdır.

Elçin İMANOV

"Azərbaycan Ordusu"