Son illərdə Azərbaycanda səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Tibb sahəsində aparılan islahatlar həm infrastrukturun yenilənməsi, həm də kadr potensialının gücləndirilməsi baxımından mühüm nəticələr verir. Regionlarda və paytaxtda yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, mövcud obyektlərin isə təmiri və müasir tibbi avadanlıqlarla təmin olunması əhalinin keyfiyyətli tibbi yardıma əlçatanlığını artırır. Eyni zamanda, həkim və tibb heyətinin bilik və bacarıqlarının daim təkmilləşdirilməsi üçün yerli və beynəlxalq səviyyəli təlim proqramları təşkil olunur.
Bu inkişaf tendensiyası ölkənin bütün istiqamətlərində, o cümlədən hərbi tibb sahəsində də öz əksini tapır. Müasir ordu yalnız silahla deyil, eyni zamanda, sağlam və psixoloji cəhətdən dayanıqlı şəxsi heyətlə güclü sayılır. Məhz bu səbəbdən, Azərbaycan Ordusunda tibbi təminat və hərbi tibb xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet istiqamətlərdən biri kimi qəbul olunur. Hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması birbaşa onların fiziki sağlamlığı ilə bağlıdır. Bu isə yalnız sistemli tibbi nəzarət və keyfiyyətli xidmətlə mümkün olur.
"N" hərbi hissəsində yerləşən tibb məntəqəsində apardığımız müşahidələr göstərdi ki, burada bütün tibbi prosedurlar müasir tələblərə uyğun şəkildə təşkil edilib. Tibb müəssisəsi geniş, sanitar-gigiyenik normalara cavab verən otaqlarla təmin olunub və qabaqcıl tibbi texnologiyalarla təchiz edilib. Ən əsası isə bu sahədə çalışan tibb personalı yüksək ixtisaslı və peşəkar kadrlardan ibarətdir. Həkimlər, feldşerlər və tibb bacıları şəxsi heyətin sağlamlığının təmin olunması üçün üzərlərinə düşən vəzifələri tam məsuliyyətlə icra edirlər.
İzolyasiya və stasionar otaqların daim hazırlıq vəziyyətində saxlanılması, təxirəsalınmaz tibbi müdaxilələrin operativ şəkildə həyata keçirilməsi bu müəssisənin funksional imkanlarının yüksək olduğunu sübut edir. Bu şərait ordunun tibbi təminat sistemində kompleks yanaşmanın tətbiq olunduğunu və profilaktik tədbirlərin ön planda tutulduğunu təsdiqləyir.
Tibb məntəqəsinin rəisi tibb xidməti kapitanı Fərid Səmədov bu sahədə yüksək bilik və təcrübəyə malik zabitlərimizdəndir. O, 14 aprel 1992-ci ildə anadan olub, Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 1 nömrəli orta məktəbi bitirdikdən sonra hərbi həkim olmaq arzusuyla ali təhsil yoluna qədəm qoyub. Bu istəyin nəticəsi olaraq 2016-cı ildə Hərbi Tibb Fakültəsini müvəffəqiyyətlə başa vurub.
Kapitan Fərid Səmədov həm 44 günlük Vətən müharibəsində, həm də antiterror əməliyyatında iştirak edib. Onun göstərdiyi xidmətlər dövlət səviyyəsində yüksək qiymətləndirilib - "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Kapitan Fərid Səmədov bildirdi: "Hərbi həkim olmaq mənim uşaqlıq arzum olub. Çünki mənə görə əsgərin sağlamlığını qorumaq da Vətəni qorumaq qədər şərəflidir. Müharibədə yaralı döyüşçülərimizin həyatını xilas etmək üçün gecə-gündüz çalışmışıq. İndi də sülh dövründə onların sağlamlığının keşiyində dayanmaq bizim borcumuzdur".
Tibb məntəqəsində sanitar-təlimatçı vəzifəsində xidmət edən kiçik çavuş Nurlan Muradov da 9 illik xidmət dövrü ərzində bir sıra önəmli hadisələrin canlı şahididir. O da 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında iştirak edib. Göstərdiyi xidmətlərə görə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Kiçik çavuş Nurlan Muradov dedi: "Müharibə dövründə bir an belə geri çəkilmədik. Yaralı hərbi qulluqçularımızın sağ qalması üçün saniyələrlə yarışırdıq. İndi isə gündəlik xidmətimizdə onlara vaxtında tibbi yardım göstərməklə bu müqəddəs işi davam etdiririk".
Tibb məntəqəsində müayinə və müalicə alan əsgərlər söhbətimiz zamanı onlara göstərilən xidmətlərdən razı qaldıqlarını bildirdilər. Əsgər Amil Mirzəyev səhhəti ilə bağlı bunları qeyd etdi: "Özümü bir az halsız hiss edirdim. Tibb məntəqəsinə yaxınlaşdım, həkimlər ciyərlərimi yoxladılar, dərhal müvafiq prosedurlar yerinə yetirildi. Artıq səhhətimlə bağlı hər şey qaydasındadır".
Əsgər Rəhman Məmmədzadə isə tibb məntəqəsində çalışan tibbi heyətin çox diqqətcil olduqlarını vurğuladı: "Təzyiqim düşmüşdü, dərhal ölçüldü, dərman verildi. Həkimlər bizə qarşı çox məsuliyyətlidirlər".
Əsgərlər Nicat Zeynalzadə, Vilayət Rəhimli və Elcan Ələsgərli də tibb məntəqəsində göstərilən xidmətdən razı olduqlarını bildirdilər. Onlar üçün əsas olan sağlamlıqdır və bu sağlamlığın keşiyində duran tibb heyəti öz işinin öhdəsindən peşəkarlıqla gəlir.
Bütün bunlar onu göstərir ki, hərbi tibb sahəsində əldə olunan nailiyyətlər ölkəmizin müdafiə qüdrətinin tibbi təminat baxımından da etibarlı şəkildə qurulduğunu sübut edir. Necə ki, əsgər torpağın keşiyində dayanaraq Vətənin müdafiəsini təmin edir, hərbi tibb personalı da onların sağlamlığını qorumaqla həmin müqəddəs vəzifənin ayrılmaz hissəsini yerinə yetirir.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"