Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2025 14:26

“Anamın bişirdiyi xörəyin tamını burada hiss edirəm”

Şəxsi heyətin sosial-məişət şəraitindən danışarkən müasir avadanlıqlarla təmin olunan və peşəkar aşpazların çalışdığı əsgər yeməkxanalarını mütləq qeyd etməliyik. "N" hərbi hissəsinin yeməkxanasında çalışan aşpazların və digər işçilərin fəaliyyəti ilə yaxından tanış oldum. Yeməkxana müasir tələblərə uyğun tikilib, avadanlıqlarla təmin edilib. Zabit Elşən Hüseynov bildirdi ki, şəxsi heyətin bütün fəaliyyətləri və təminatları kimi qidalanması da ciddi nəzarətdə saxlanılır. Gündə üç dəfə şəxsi heyətin yüksək kalorili yeməklərlə qidalanması təmin edilir.  Bişirilən yeməklərin keyfiyyətindən, mətbəxin, zalın təmizliyindən tutmuş hər bir işçinin gördüyü iş diqqətdə saxlanılır. 
Baş gizir Nüsrət Həsənov 10 ilə yaxındır ki, xidmətdədir. Burada yaradılan səliqə-sahman, təmizlik işçilərin tələblərə uyğun geyinərək təyin edilmiş vəzifədə çalışmalarını təmin edir. Nüsrət yeməkxanada aparılan işlər haqqında danışdı. Qida rasionuna uyğun milli xörəklərin hazırlandığını  bildirdi. Həmçinin qeyd etdi ki, xörəklərlə yanaşı mövsümə uyğun olaraq təbii meyvə suları, salatlar da hazırlanır. Yeməkxanada çalışan aşpazlar Bəyim Babayeva, Mətanət Süleymanova və Mətanət Cabbarovanın bişirdikləri xörəklərin  dadından hər kəs razılıq edir. Hər biri əlindən gələnin ən yaxşısını edir ki, Vətən müdafiəçiləri üçün ləziz yeməklər hazırlansın.  
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Ağayev də bir neçə ildir ki, baş aşpaz kimi xidmətini davam etdirir. O, İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə döyüşən hərbi qulluqçulara səhra mətbəxində yeməklər bişirib. Aşpazların bişirdikləri mərci, toyuq şorbaları, küftə-bozbaş, düyü plov aşqarası ilə, kələm dolması və digər xörəklərdən hər kəsin razı olması onların peşəkarlığından xəbər verir.
Yeməkxanadan çıxan əsgərlərin də düşüncələrini öyrəndik. Hər biri bişirilən xörəklərin dadından və keyfiyyətindən ağızdolusu danışdı. Əsgərlərdən Mirəziz Bağırov dedi ki, burada bişirilən xörəklər həmişə dadlı olur. "Hərbi xidmətə gəlməmişdən buranın yeməklərinin necə olacağı məni çox düşündürürdü. Bəzən də öz-özümə sual edirdim: görəsən, nə cür xörəklər verəcəklər? Evdə anamızın bişirdiyi xörəklərin dadını, tamını verəcəkmi? Artıq bu gün tərəddüdsüz deyə bilərəm ki, anamın bişirdiyi xörəklərin tamını burada da hiss edirəm".
Yeməkxana rəisi dedi ki, şəxsi heyətin sayına uyğun səhər, günorta, axşam yeməklərinin ərzaqlarını yeməkxana növbətçisi aşpazların iştirakı ilə anbardan götürür və hazırlayırlar. Verilən ərzaqların keyfiyyəti yoxlanılır, müddəti keçən və keyfiyyətsiz ərzaqlar verilmir. Buna nəzarət də komandanlıq tərəfindən ciddi həyata keçirilir.
Beləliklə, əsgər yeməkxanasında gündəlik aşpazların, yeməkxana işçilərinin fəaliyyəti ilə yaxından tanış olub xoş təəssüratlarla ayrıldıq.
 
Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"