Hərbi xidmət yalnız silah tutmaq və sərhədləri qorumaqdan ibarət deyil. Güclü ordunun əsas xüsusiyyətlərindən biri də şəxsi heyətin fiziki cəhətdən sağlam və güclü olmasıdır. Buna görə də yuxarı komandanlıq şəxsi heyətin fiziki hazırlığını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə tədbirlər sistemli şəkildə həyata keçirilir. Hərbi qulluqçular fiziki hazırlıqlarını günün nizam qaydalarına uyğun olaraq idman saatlarında möhkəmləndirirlər. Bu da əsgərlərin sağlam, iradəli və dözümlü olmalarını təmin edir.
"N" hərbi hissəsində də şəxsi heyətin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır. Məşğələ rəhbəri leytenant İsbəndiyar Qarayev bildirdi ki, fiziki hazırlıq məşğələləri günün nizam qaydasına uyğun şəkildə həyata keçirilir. Hərbi hissəmizdə standartlara cavab verən idman şəhərciyi yaradılıb. Burada idmanın bir çox növü ilə məşğul olmağa şərait mövcuddur. Əsgərlərin döyüş hazırlığının bir hissəsi kimi, fiziki hazırlığına da xüsusi önəm verilir. Şəxsi heyətin fiziki cəhətdən güclü və dözümlü olması vacib şərtlərdəndir. Hər hansı döyüş tapşırığının yüksək səviyyədə yerinə yetirilməsi üçün fiziki baxımdan hazırlıqlı olmaq əsas amillərdəndir. Bundan əlavə, idmanla müntəzəm məşğul olmaq əsgərlərdə özünəinam və liderlik hisslərini gücləndirir, fərdi keyfiyyətlərinin müsbət yöndə inkişafına mühüm töhfə verir. Əsgərlərimizin bir çoxu ordu sıralarına çağırılanadək idmanın müxtəlif növləri ilə məşğul olublar. Bəziləri isə respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak ediblər. Hərbi xidmətdə olduqları müddətdə də müntəzəm şəkildə məşq edir və fiziki hazırlıqlarını artırırlar".
Öyrəndik ki, leytenant İsbəndiyar Qarayev də uzun illərdir cüdo ilə məşğul olur və bu sahədə bir sıra nailiyyətlərə imza atıb. O, bildirdi ki, hərbi xidmətdə tapşırıqların icrasında idmanla məşğul olması ona böyük fayda verir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zülfuqar Ələsgərov isə bildirdi ki, fiziki hazırlıq məşğələləri iradə, güc və dözümlülüyün artırılmasında əsas vasitədir. "Günə fiziki hazırlıq məşğələsi ilə başlamaq gün ərzində gümrah olmağımıza kömək edir. Burada bizim üçün hər cür şərait yaradılıb. Gün ərzində iki dəfə idmanla məşğul oluruq. Fiziki hazırlıq məşğələlərinə hər birimiz böyük maraqla qatılırıq. Həftə sonları bölmələr arasında müxtəlif idman yarışları keçirilir. Hərbi hissədə təşkil olunan yarışlarda bölməmiz bir neçə dəfə qalib olub".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xəqani Vəliyev isə qeyd etdi ki, hərbçi üçün idman sadəcə məşq deyil, bir həyat tərzidir. İdman əsgərin dözümlülüyünü artırmaqla yanaşı, Vətən qarşısında məsuliyyət hissini də gücləndirir".
Gizir Səxavət Məmmədov fiziki hazırlıq məşğələlərinin çeviklik, cəldlik və dözümlülüyün inkişafında mühüm rol oynadığını vurğuladı: "Hərbi xidmətə gəlməzdən öncə mən də idmanla məşğul olmuşam. Hərbi xidmətə başladığım gündən bu fəaliyyətimi nizami şəkildə davam etdirirəm. Bu gün biz təlimlərdən uğurla çıxırıqsa, bu, komandirlərimiz və fiziki hazırlığımız sayəsindədir. Onlar keçdikləri məşğələlərlə bizi güclü və dözümlü döyüşçü, əsl hərbçi kimi formalaşdırırlar.
Giziri Saleh Süleymanov da idmanın əhəmiyyətindən danışaraq bildirdi ki, fiziki hazırlıq həm döyüş meydanında, həm də gündəlik xidmət zamanı rahatlıq və özünəinam hissi yaradır. O, xüsusilə güləş və cüdo kimi döyüş növlərinə maraq göstərdiyini və bu növlərin əsgərə həm özünü müdafiə etməyi, həm də strateji düşünməyi öyrətdiyini vurğuladı.
Əli ABIYEV
"Azərbaycan Ordusu"