"N" hərbi hissəsində leytenant Mütəllim Əlirzayevin nəzarəti altında keçirilən sıra hazırlığı məşğələsini izlədik. Məşğələnin üsullarını öyrənən Vətən müdafiəçilərimizin ayaq səsləri bizim də diqqətimizi cəlb etdi. Əsgərlərimizin hərəkətləri düzgün yerinə yetirməsi, nizamlı şəkildə sağa-sola, geriyə dönmələri, kolon şəklində addımlayarkən ayaqlarını eyni anda yerə vurmaları, eləcə də digər sıra elementləri bizdə xoş ovqat yaradırdı.
Leytenant M.Əlirzayevin seçdiyi peşəyə ürəkdən bağlılığı elə məşğələnin gedişatını izlədikcə hiss olunurdu. Mövcud əyani vasitələrdən, tədris imkanlarından yetərincə bəhrələnən zabit məşğələ prosesində əsgərlərə sıra hazırlığının elementlərini hərtərəfli öyrətməyə çalışırdı. Keçirilən məşğələlərdə əsas məqsəd şəxsi heyətə vərdişləri aşılamaq və onlarda ruh yüksəkliyi yaratmaqdır. Zabit söhbət zamanı qeyd etdi ki, hərbi xidmətin ən mühüm və vacib şərtlərindən biri nizam-intizamdır ki, bu da sıradan başlanır. "Hər gün məşğələyə başlamazdan əvvəl hərbi qulluqçularımıza sıranın müqəddəsliyindən danışır, zamanında bu sıralarda Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın dayandıqlarını xatırladıram. Sıra hazırlığı məşğələsində şəxsi heyətə silahsız və silahla sıra hərəkətləri və yerişini, əsgəri salamlaşma qaydalarını, sıra baxışının keçirilməsini, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, habelə yerdəyişmə qaydaları öyrədilir. Şahidi olduğunuz bugünkü məşğələmizdə isə əsgəri salamlaşma, rəisə yaxınlaşma, hərəkətdə dönmələr və digər sıra elementlərini öyrədirik. Vətən müdafiəçilərimiz digər hazırlıqlar kimi, sıra hazırlığı məşğələsində də həvəslə iştirak edir, verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışırlar", - leytenant M.Əlirzayev dedi.
Sonra əsgər Murad Hüseynov ilə söhbətləşdik. - Əsgəri xidmət keçmək, ana Vətənimizi qorumaq bizim övladlıq borcumuzdur, - Murad dedi. - Bu müqəddəs borcun öhdəsindən uğurla gəlmək, qalib ordunun əsgəri adına layiq olmaq üçün keçirilən məşğələlərdə fəal iştirak edir, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetiririk. Komandirlərimizin nəzarəti altında hərbin sirlərinə dərindən yiyələnir və hər zaman intizamlı olmağa çalışır, keçirilən dərslər nəticəsində bilik və bacarıqlarımızı daha da artırırıq. Tarixi torpaqlarımızı azad edərək xalqımıza qələbə sevincini yaşatmış ordunun sıralarında xidmət etməklə qürur duyuruq. Hər zaman Müzəffər Ali Baş Komandanımızın istənilən əmrini yerinə yetirməyə, sələflərimizin yolunu davam etdirərək yeni qəhrəmanlıq salnamələri yazmağa hazırıq.
Əsgər İlkin Mustafayev də digər əsgər yoldaşları kimi Azərbaycan Ordusunda xidmət etməsindən qürur duyur. "Əsgər olmaq, Vətənə övladlıq borcunu ödəmək hər birimizin borcudur. Bizim üçün hərbi formanı geyinib, qürur və fəxr mənbəyimiz olan rəşadətli ordumuzun sıralarında dayanmaqdan böyük sevinc hissi ola bilməz. Bacarıqlı və nümunəvi əsgərlər kimi formalaşmağa, yeni döyüş vərdişlərinə yiyələnməyə çalışırıq. Bu gün sıra meydanında keçirilən məşğələdə yeni biliklər öyrənirik", - əsgər dedi.
Əsgər Səbuhi Kərimli qeyd etdi ki, xidmətə gəldiyi ilk gündən hərbi bilik və bacarıqları yüksək səviyyədə mənimsəməyə çalışıb. "Sağ olsun komandirlərimiz ki, bizim hərbi biliklərə dərindən yiyələnməyimizdə əziyyət çəkirlər. Məşğələlərdə öyrəndiklərimiz xidmətimiz zamanı bizə kömək olur".
Əsgərlərdən Fazil Həsənov, Ülvi Şahnazarov, İsa İsmayılov və digərləri də vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını, Vətənə sədaqətlə xidmət etdiklərini bildirdilər.
Söhbətləşdiyimiz əsgərlərin hər birinin ürəyi sonsuz Vətən sevgisi ilə döyünür. Bu gün onların əsas məqsədi - şəhidlərimizin qanı, canı, qəhrəman hərbçilərimizin şücaəti və fədakarlığı hesabına azad edilmiş doğma yurd-yerlərimizi göz bəbəyi kimi qorumaqdır.
Keçirilən məşğələlərə həvəslə yanaşmaları, aşılanan bilik və bacarıqları dərindən mənimsəməyə çalışmaları onu deməyə əsas verir ki, Vətən keşikçilərimiz bu müqəddəs vəzifənin öhdəsindən də 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarda olduğu kimi müvəffəqiyyətlə gələcəklər. Onlara bu müqəddəs xidmətlərində uğurlar arzulayırıq.
Elçin İMANOV
"Azərbaycan Ordusu"