Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2025 16:42

“Hərbi xidmət mənəvi ucalığa aparır...”

Orta məktəb şagirdlərini bir məqam ümumiləşdirir, "Hamımız əsgər olacağıq!" qüruru. Orta təhsil aldıqları illərdə də, ali məktəblərdə oxuyanda da bu qürur onların düşüncələrində olub. Orta məktəbi bitirdikdən sonra hərə öz yolunu seçir. Bu yollardan sonralar paralelləşəni də olur, kəsişəni də. Hərbi xidmətdə kəsişən yollar şagirdləri əsgər kimi salamlayır, onların həyat yolunun başlanğıcı olur...
Orta məktəbi bitirəndə Murad Qasımov da ali təhsil almaq istəmişdi. Sinif yoldaşları da, tanıdıqları da Muradın tələbə olacağına inanırdılar. "Yaxşı əsgər olacağına, yaxşı vətəndaş olacağına biz də əminik. Yaxşı vətəndaşlığın yolu yaxşı əsgər olmaqdan, həyatda özünü təsdiq edə biləcəyin bir işin qulpundan yapışmaqdan keçir", - ona belə deyirdilər. Murad gülümsünərək, "Mən ali təhsilli əsgər olacağam. Hərbi xidmətimi ali təhsilli mütəxəssis kimi yerinə yetirəcəyəm...", - deyirdi.
Oxudu, öyrəndi. Sınaq imtahanlarından əvvəl özünün özünə imtahanı oldu. İnandı ki, seçimində yanılmayıb. Həm təhsil alma istəyində, həm də universitet seçimində. "Türkiyədə oxumağı qərara almışdım, tanıdıqlarımdan Türkiyənin 19 May Universiteti haqqında çox eşitmişdim. Oranı seçdim. Həm də ona sevinirdim ki, tələbə olsam, Türkiyəni daha yaxından tanıyacağam", - sinif yoldaşlarına belə demişdi...
Qəbul olundu. Ali təhsilini başa vuraraq Vətənə qayıtdı. Hərbi xidmətə çağırıldı. Nümunəvi əsgərdir. Rabitəçidir. O da dedi ki, mənən kamil olmayan əsgər yaxşı əsgər ola bilməz. Onun döyüş hazırlığı yüksək ola bilər, ancaq o, döyüşdə qalib gələ bilməz. Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığı onun döyüş hazırlığını tamamlayır. İkinci Qarabağ müharibəsində qələbələr də, tarixi Zəfər də belə qazanıldı. "Biz də bu Zəfəri qazananların mənəvi davamçılarıyıq. Zabitlərimiz bu döyüşlərdən də danışırlar, bu döyüşlərin qəhrəmanlıqlarından da. Biz bu söhbətləri vətənpərvərlik dərsləri bilirik. Təlimlərdən birində komandirimiz rabitəçilərin də döyüş hazırlığını yüksək dəyərləndirdi. Onu da bildirdi ki, rabitə döyüşün idarə olunmasında son dərəcədə gərəklidir. Onda qürurlanmışdım. Əsgər olmağımla da, rabitəçi olmağımla da...", - əsgər Murad Qasımov belə dedi...
Əsgər yoldaşları kimi, o da dedi ki, biz hərbi vəzifələrimizi yerinə yetirməyə and içmişik, bu and mənəvi borcumuzun öhdəliyidir. Buna görə də əsgər hərbi xidmətdən sonra mülki həyatda da əsgəri məsuliyyətlə işləyir, layiqli vətəndaş olmağa çalışır. Bizdən əvvəl xidmət edən əsgərlərdən birinin atası kəlbəcərlidir. Kəlbəcəri görməsə də, Kəlbəcərdə quruculuq işlərinin əsgəri olmağı qərara alıbmış. Əsgər dostları deyirlər ki, indi tikintilərə getməyə hazırlaşır. Onu tanıyırdım, ancaq yaxın münasibətim olmamışdı. Tərxis edildikdən sonra onunla könül söhbəti etmədiyimə təəssüfləndim.
Əsgərin bu təəssüfü hərbi xidmətdən tərxis edilmiş əsgərin işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərində çalışacaq əsgərin Vətən sevgisinin bir çalarına yozulmalıdır. Əsgər hərbi xidmətdən tərxis edilir, onun ruhu həmişə əsgər olaraq qalacaq. Vətənə sevgisinə görə...
Əsgər Murad Qasımov bir neçə aydan sonra tərxis ediləcək. Hərbi xidmət onun da həyatının həmişə yadda qalacaq ayları olacaq. Hərbi xidmət onun da xarakterini qətiyyətliləşdirib, məsuliyyətliyini artırıb, dostluq, yoldaşlıq duyğularının ahənrübası olub.
Murad Qasımovu hərbi hissədə nümunəvi əsgər kimi tanıyırlar. "Orta məktəbdə oxudum, Türkiyədə ali təhsil aldım. Hərbi xidmətimi də başa vuracam. Əminliklə deyə bilərəm ki, ən yaxşı həyat məktəbi hərbi xidmətdir...", - əsgər Murad Qasımovun bu kəlmələri hərbi xidmətin mənəvi ucalığa aparan yol olduğunun ifadəsi kimi səslənir...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"