İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanda ordu quruculuğunun yeni mərhələsinin başlanğıcı oldu. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi ordu quruculuğunun mühüm tərkib hissələrindən biri kimi bu mərhələdə də elmi əsaslarla, digər sahələrə koordinasiya edilməklə aparılır. Yeni mərhələdə aparılan islahatlar hərbi təhsil sistemində də mühüm yeniliklər yaratdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "...milli dəyərlərimizə münasibətimiz həmişə çox yüksək səviyyədə olmuşdur. Bu gün də gənc nəslin tərbiyə olunmasında, formalaşmasında və Azərbaycanın uzunmüddətli, dayanıqlı, müstəqil ölkə kimi yaşamasında milli dəyərlərə bağlılığımız müstəsna rol oynayır...
Mən çox istəyirəm ki, bizim bütün ali məktəblərdə gənclərimiz yüksək peşəkarlıqla yanaşı, məhz milli dəyərlərimizi unutmasınlar" tövsiyəsi hərbi təhsildə də sədaqətlə yerinə yetirilir...
Ordu quruculuğunda ən mühüm islahatlardan biri də Milli Müdafiə Universitetinin yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il martın 5-də imzaladığı Fərmanla yaradılmış Milli Müdafiə Universiteti ordu quruculuğunda hərbi təhsil üzrə xidmət boyu təhsil konsepsiyasının həyata keçirilməsini, zabitlərin yeni hərbi (hərbi-elmi) bilikləri vaxtında mənimsəməsini, onların ordu quruculuğu prosesinə tətbiqinin iştirakçısı olmasını təmin etdi.
Hərbi təhsil prosesi ümumi təhsilin bir istiqaməti olsa da, mahiyyəti baxımından bilavasitə dövlətçiliyə yönəldilir. Buna görə də hərbi təhsil sistemində həyata keçirilən irimiqyaslı islahatlar bilavasitə ordunun döyüş hazırlığı üçündür. Xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətini Milli Müdafiə Universitetinin nəzdində davam etdirməsi hərbi təhsil sistemi konsepsiyasının ordu quruculuğu ilə bilavasitə əlaqələndirilməsində mühüm amillərdən biri oldu. Milli Müdafiə Universitetinin yaranması tədris prosesinin yeniləşdirilməsinə, müasirləşdirilməsinə, proqram materiallarının məzmunun genişləndirilməsinə, Türkiyənin Milli Müdafiə Universitetinin təcrübəsinin öyrənilməsinə, öyrənilənlərin yaradıcılıq formatında Azərbaycan Milli Müdafiə Universitetinə inteqrasiya edilməsinə imkan yaratdı.
Azərbaycan Ordusunun NATO-ya inteqrasiyası da bilavasitə hərbi təhsil vasitəsilə həyata keçirilir. İstər yeni, müasir silahların öyrənilməsi, istismar xüsusiyyətlərinin mənimsənilməsi baxımından öyrənilməsi Azərbaycanda hərbi təhsil bu gün də dövlət üçün prioritetdir, ordu quruculuğu prosesinin dönməzliyini əhatə edən səviyyədə təşkil olunub. Hərbi təhsil Azərbaycan Respublikası Prezidentinin, Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişləri əsasında daha da mükəmməlləşdiriləcəkdir...
Azərbaycan Milli Müdafiə Universiteti ilə Türkiyə Milli Müdafiə Universiteti arasında müxtəlif formatlı tədbirlər həyata keçirilir. Bu günlərdə keçirilən tədbir Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri arasında hərbi təhsil sahəsində Yüksək Dialoq da bu əlaqələrin davamıdır. Tədbirdə Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun dediyi bir fikir tədbirin mahiyyətinin də, universitetlər miqyasında ikitərəfli əlaqələrin də, Türkiyə ilə Azərbaycanın münasibətləri müstəvisində tarixi gerçəkliyi ifadə etdi: "Sənin olanın mənimdir, mənim olanım sənindir, mənim, sənin olanın bizim qardaşlığımızındır!". Tədbir bu qənaətlə keçdi. Bu dialoq öyrənmə, bəhrələnmə, tətbiqetmə formatında təhsil düsturunun təşkilati formasıdır.
Azərbaycan Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxışında zabit hazırlığının aktual məsələlərinin müzakirəsi olan Yüksək Dialoqun qarşılıqlı təcrübənin öyrənilməsinə, onların tədris prosesinə tətbiqi imkanlarının müəyyənləşdirilməsinə, tətbiqin mərhələlərinə və digər amillərlə koordinasiyasının imkanlarına və bu kimi məsələləri əhatə etdiyini, bu tədbirin hər iki tərəf üçün əhəmiyyətli olacağına əminliyini bildirərək qeyd etdi ki, bu tədbir də mahiyyəti baxımından Azərbaycanla Türkiyə arasında bağlanmış Şuşa Bəyannaməsinin mühüm tərkib hissələrindən biridir.
İslahatlar aparılarkən, xüsusilə qardaş Türkiyənin və digər qabaqcıl dünya ölkələrinin ən yaxşı təcrübələrindən istifadə olunduğunu, Türkiyənin xüsusi təyinatlı təhsil müəssisələrinin təcrübəsinin Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinə inteqrasiyası ordu quruculuğuna yeni məzmun gətirdiyini, Azərbaycan Milli Müdafiə Universitetində peşəkar gizir konsepsiyasının tətbiqi çərçivəsində yeni kolleclərin təsis edildiyini, hərbi idarəetmə təhsil sisteminin əsasını təşkil edən "Xidmət boyu təhsil konsepsiyası"nın tətbiqini və s. xatırladan, bunun Azərbaycan Respublikası və Türkiyə Respublikası Prezidentlərinin iki strateji tərəfdaş dövlətin inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasətin, strateji müttəfiqlik münasibətlərinin hərbi təhsil sahəsində təzahürü olduğunu bildirən general-mayor Gündüz Əbdülov dedi: "Xidmət boyu təhsil konsepsiyası" bir-birini tamamlayan sistemli təhsil və dünyada cərəyan edən siyasi, hərbi, texnoloji dəyişiklikləri zamanında tədris proqramlarına daxiletmə imkanı yaratmaqla, hərbi qulluqçuları xidməti vəzifələrinə daha keyfiyyətli şəkildə hazırlamaq məqsədi daşıyır. Bu konsepsiya hərbi təhsilin bütün xidmət müddətinə yayılmasına, daha çox hərbi qulluqçuya təhsil imkanının yaradılmasına, əhatə dairəsinin genişlənməsinə, təhsil-təcrübə-təhsil prinsipinin reallaşdırılmasına, təhsilin vəzifəyönümlü olmasına şərait yaradaraq zabitlərin karyera inkişafına ciddi töhfə verəcəkdir. Və, təbii ki, ötən il ərzində Milli Müdafiə Universitetinin tələbəsi olmaq istəyən şəxslər arasından namizəd seçimində kəmiyyətə deyil, keyfiyyətə yönəlməyimiz daha bir istiqamətdə islahatlar aparmağı zəruri etmişdir. Belə ki, əhatəliliyin artırılması, cəlbediciliyin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə universitetin qəbul prosesi tamamilə elektronlaşdırılmışdır".
Bu istiqamətdə əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərin müşahidə edildiyini də xatırladan rektor klassik müharibələrin aparılmasının artıq qeyri-səmərəli olduğunu, hərbi ixtisasını yaxşı bilən zabitlə yanaşı, bu günün tələblərinə cavab verən "Müasir milli zabit" heyətinin yetişdirilməsini mütləq zəruri etdiyini də diqqətə çatdırdı.
Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu çıxışında Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri arasında hərbi təhsil sahəsində Yüksək Dialoqun Türkiyənin də, Azərbaycanın da ordu quruculuğunun tam elmi əsaslarla aparılmasında, qarşılıqlı təcrübə mübadilələri ilə hərbi təhsildə daha yeni və gərəkli uğurların qazanılmasında əhəmiyyətli olacağına əminliyini bildirərək qeyd etdi ki, Azərbaycan Milli Müdafiə Universitetində qısa müddətdə həyata keçirilən tədbirlər müasir hərb elminin tədris prosesinə tətbiqi baxımından dəyərləndirilməlidir. “Bunlar bizim üçün də maraqlıdır və diqqəti çəkir. Bu hərbi təhsil sahəsində təcrübə mübadiləsi formatında öyrənmə tədbiridir”.
Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu çıxışında Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri arasında hərbi təhsil sahəsində Yüksək Dialoqun hər iki dövlətin hərbi təhsil sisteminin daha da formalaşmasında əhəmiyyətli olacağını bildirərək qeyd etdi ki, Azərbaycan gələcəkdə daha güclü Azərbaycan, Türkiyə gələcəkdə daha güclü Türkiyə, Azərbaycan-Türkiyə qardaşlığı gələcəkdə daha güclü qardaşlıq olacaq...
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri arasında hərbi təhsil sahəsində Yüksək Dialoq müxtəlif qruplarda qarşılıqlı fikir mübadilələri əsasında fəaliyyət istiqamətlərini müəyyənləşdirən konsepsiyaların hazırlanması ilə davam etdirildi. Bu və ya digər istiqamət üzrə hərbi təhsil sahəsində tədris proqramlarının təkmilləşdirilməsi üzrə işçi qruplarının müzakirələrində təkliflər dinlənildi, məruzələr onların ən optimalları əsasında hazırlandı.
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri arasında hərbi təhsil sahəsində Yüksək Dialoq öz işini hər iki rektorun məruzələrə müdaxiləsi ilə, bu və ya digər tezisə münasibətlər bildirilməsi ilə, məruzəçinin qeydləri, anlaşılmazlıqları dəqiqləşdirməsi ilə, əlavə şərhlərə istinad edərək təklif olunan tezisi parametrləşdirməsi ilə davam etdirdi. Məruzələrdə dialoqun fəaliyyətinə yaradıcı münasibət vardı. Məruzəçiyə ünvanlanan suallar mahiyyət baxımından hərbi təhsildə nəzərdə tutulan yeniliklərin tətbiqi imkanlarını, mümkünlüyünü, gərəkliliyini müəyyənləşdirməyə xidmət edirdi. Bu, Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri arasında hərbi təhsil sahəsində Yüksək Dialoqun son mərhələsinə elmi məruzə formatında yanaşma idi və müzakirə prosesində onun səmərəli olduğu da özünü göstərdi. Tərəflərin kiçik polemıkaları ilə təklif edilən tezislərin təshih edilməsi təmin olunurdu. Hərbi Hava Qüvvələrində tədris prosesinin təkmilləşdirilməsi üzrə dinlənilən məruzə bu baxımdan diqqəti çəkdi. Türkiyədə təcrübədə olan azərbaycanlı pilotların orada uçuşlar icra etməsinin istər vaxta, istərsə də əlavə məsrəflərin qarşısının alınmasına səmərəsi barəsində səsləndirilən təklifin dəyərləndiriləcəyi bildirildi. Hərbi-elmi tədqiqatlar üzrə tədris prosesinə də yeni yanaşmalar, tətbiq edilməsi mümkün olan yeniliklər haqqında da gərəkli münasibətlər bildirildi. Qeyd olundu ki, Türkiyədə dərc edilən hərbi jurnalın Azərbaycana, Azərbaycanda nəşr edilən hərbi jurnalın Türkiyəyə göndərilməsi gələcəkdə müştərək elmi jurnalların da nəşri elmi tədqiqatların aparılmasında əhəmiyyətli olar. Məruzədə həm də təklif edildi ki, doktorluq dissertasiyaları üzrə elmi araşdırmaçıya iki elmi rəhbər - məsləhətçi təyin olunması haqqında təklif hazırlansın, belə olarsa, elmi iş - dissertasiya hər iki dövlətin elmi nailiyyətlərinin daha əhatəli öyrənilməsinə, nailiyyətlərin koordinasiyasına, yeni elmi uğurların əldə edilməsinə şərait yaradacaq. Təklif qəbul olundu. Bu da Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri arasında hərbi təhsil sahəsində Yüksək Dialoqun uğuru hesab ediləcəkdir.
Məruzələrdə Hərbi Universitetlərdə, Hərbi Kollecdə yeni müasir tipli laboratoriyaların yaradılması, Hərbi İnstitutun yuxarı kurs kursantlarının Müdafiə Sənayesi şəbəkələrində təcrübə keçmələrinin gərəkliyi də diqqətə çatdırıldı və təklif bəyənildi...
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri arasında hərbi təhsil sahəsində Yüksək Dialoqun davamında dinlənilən məruzələrdən biri xarici dillərin tədrisini əhatə edirdi. Məruzəçi qeyd etdi ki, xarici dillərin tədrisi istiqamətində uğurlar var, artmaqdadır, ancaq perspektivi olmayan dillər üzrə kursların təşkili məqsədəuyğun deyil.
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri arasında hərbi təhsil sahəsində Yüksək Dialoq Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin mahiyyətini tarixləşdirməklə başa çatdı.
Fuad CƏFƏROV,
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"