Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2025 16:36

“Əsgərlərimizin düzgün və sağlam qidalanması bizim əsas vəzifəmizdir”

Milli-mədəni irsimizin mühüm tərkib hissələrindən biri də milli mətbəximizdir. Azərbaycan mətbəxi zəngin tariximizi və mədəniyyətimizi özündə əks etdirən kulinariya irslərindən biridir. Milli mətbəximiz təkcə dadlı yeməkləri ilə seçilmir, həm də onların hazırlanma ənənələri, süfrə mədəniyyəti və hər bir təamın daşıdığı tarixi hekayələrlə də seçilir. Həmçinin bəzi yeməklərimiz də vardır ki, onlar kulinariya nümunələri sayılmaqla yanaşı, həm də xalqımızın qonaqpərvərliyinin göstəricisidir.
Azərbaycan mətbəxinin əhəmiyyətini yalnız evlərimizdə deyil, Azərbaycan Ordusunun məişətində də görmək mümkündür. Hərbi qulluqçularımızın düzgün qidalanması onların fiziki gücü və dözümlülüyü üçün başlıca amildir. Məhz buna görə də hərbi hissələrdə əsgər yeməkxanaları müasir avadanlıqlarla təchiz edilir, peşəkar aşpazlar tərəfindən hərbi qulluqçularımız üçün milli mətbəximizin ən gözəl və ləziz təamları hazırlanır.
“N” hərbi hissəsinə gəlişimiz hərbi qulluqçularımızın nahar fasiləsinə təsadüf etdi. Fürsətdən istifadə edərək onların qidalanma prosesi ilə yaxından tanış olmaq imkanına nail olduq. Yeməkxananın ümumi vəziyyətini müşahidə etdikdə, ilk növbədə, burada olan səliqə-sahman, əl-üzyuma yerləri və müasir avadanlıqlarla təchiz olunmuş mətbəx diqqətimizi cəlb etdi.
Yeməkxana rəisi baş gizir Elnur Yusifovla söhbət edib gündəlik menyu, qidaların keyfiyyəti və hazırlanma prosesi barədə ətraflı məlumat aldıq. 20 ildir ki, xidmətdə olan hərbçimiz dedi ki, yeməkxanaya daxil olan şəxsi heyət, ilk növbədə, gigiyenik qaydalara riayət etməlidir. "Vətən müdafiəçilərimizin məişət şəraiti, düzgün qidalanması həmişə yüksək səviyyədə olmalıdır. Dadlı, keyfiyyətli, yüksək kalorili qidalar qəbul edən hərbçilərin orqanizmi sağlam, immuniteti güclü və möhkəm olur. Hər gün menyularımız yenilənir, fərqli yeməklər hazırlanır. Menyuda milli xörəklər üstünlük təşkil edir. Həmçinin qida rasionunda olan ət, toyuq, balıq məhsulları, yumurta, mövsümi meyvə-tərəvəz, kompot və təbii şirələr şəxsi heyətin istehlakı üçündür. Əsgərlərimizin düzgün və sağlam qidalanması bizim əsas vəzifəmizdir".
Yeməklərin hazırlanma prosesinin marağında olduğumuz üçün hərbi hissənin yeməkxana növbətçisi gizir Ağababa Xəlilovla həmsöhbət olduq. "Yeməklərin hazırlanması gigiyena qaydalarına uyğun şəkildə həyata keçirilir. Ərzaqların təzəliyi diqqətlə yoxlanılır. Menyuya uyğun olaraq aşpazlarımız müxtəlif növ yeməklər hazırlayır, keyfiyyətlərinə xüsusi nəzarət edirlər. Çalışırıq ki, əsgərlərimiz həm doyumlu, həm də sağlam şəkildə qidalana bilsinlər. Bugünkü menyumuz düyü supu, kələm dolması, tərəvəz salatı və alma şirəsidir. Yeməklərin dadlı hazırlanmasının da sübutu əsgərlərimizin iştahla yemələridir", - gizir dedi.
Əsgərlər də söhbət zamanı hazırlanan təamlardan və onlar üçün yaradılan şəraitdən ağızdolusu danışdılar: "Peşəkar aşpazlarımız bizə dadlı xörəklər hazırlayırlar. Həftənin günlərinə görə müxtəlif salatlar və meyvə şirələri də verilir. Burada yediyimiz yeməklər ev yeməklərindən seçilmir".
Mətbəxdə çalışan qadınlardan baş aşpaz mülki işçi Səbinə Orucova bildirdi ki, əsgər balalarımıza layiqli xidmət göstərmək hər birimizin mənəvi borcudur. "Onlar Vətənimizin mərd oğullarıdırlar. Heç birini öz övladımdan ayırmaram. Oğlum da əsgərlikdən yeni qayıdıb. Burada çalışdığım müddətdə minlərlə övlad qazanmışam. Onların iştahla yemək yemələrini, üzlərində olan təbəssümü görəndə işimə olan həvəsim daha da artır. Bizim başlıca vəzifəmiz onlara dadlı yeməklər hazırlamaqdır. Vətənini sevən, ordusuna güvənən hər bir kəs öz əsgərinə qayğı göstərməlidir. Çünki onlar müqəddəs amala xidmət edirlər".
Digər aşpazlardan Nuriyyə Əhmədova, Zəhra Binnətova da gördükləri işlərdən danışdılar. Eşitdiyimiz xoş sözlər, gördüyümüz ürəkaçan mənzərə bizi bir vətəndaş kimi fərəhləndirdi.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"