Həkimlik bəşəriyyətin ən qədim və şərəfli peşələrindəndir. Həkimlər insan həyatının keşiyində dayanan, onların sağlamlığını qorumaq və bərpa etmək üçün çalışan fədakar insanlardır. Bu peşə bilik, təcrübə, insansevərlik və böyük məsuliyyət tələb edir.
Tibb elminin dahiləri İbn Sinadan, Hippokratdan, Eskulapdan başlayaraq müasir dövrümüzədək həkimlər sağaltdıqları xəstələrin xoşbəxt təbəssümündə görüblər öz xoşbəxtliklərini. Xəstələrinin müalicəsini vicdanla, ehtiramla, humanizm və mərhəmətlilik prinsipləri əsasında peşəkarlıqla həyata keçiriblər. Həkimlik peşəsinin məxsusi cəhətlərini, zəruri etik-əxlaqi xüsusiyyətlərini məşhur şəxsiyyətlər müxtəlif epitetlərlə ifadə ediblər. Tibb elminin banilərindən olan Hippokrat bildirirdi: "Həkimlər çox şey bilməlidir, ancaq ən əsası - insanı hiss etməyi və onu dinləməyi bacarmaqdır". Bu fikir müasir dövrdə də aktualdır. Yaxşı həkim təkcə müalicə etmir, həm də xəstəsinin psixoloji vəziyyətini nəzərə alır, ona ümid və inam aşılayır.
Həkimlik bu baxımdan xeyirxahlıqdır, nəciblikdir. İnsanlığa xidmətin ən ali formasıdır. Bu sənət yalnız bilik və bacarıq deyil, onun mahiyyəti həm də şəfqətdir, fədakarlıqdır, mərhəmətdir. Həkimlik, ruhlara da şəfa verməkdir. Ağrıya məlhəm olmaq, ümidi tükənənə ümid vermək, həyatla ölüm arasındakı incə sərhəddə qalan insan üçün xilaskara çevrilməkdir. Bu, insan sevgisi və vicdanı ilə icra olunan müqəddəs bir missiyadır.
Bu sənəti seçən həm də bir ömürlük missiya seçmiş olur. Onlar insan həyatını qorumağı, ağrıları yüngülləşdirməyi, ümidsizlərə ümid olmağı özlərinə borc bilirlər. Bir insanın sağlamlığına qovuşması üçün var gücü ilə çalışan həkimlər və digər tibb işçiləri əsl qəhrəmanlardırlar. Onların əlləri şəfadır, sözləri təsəllidir, ürəkləri mərhəmətlə doludur. Bu sənəti seçənlər insan sevgisini, vicdanı və fədakarlığı həyatlarının əsas prinsipi edirlər.
Həkimliklə hərb sənətini qoşalaşdıranlar isə xüsusi diqqətə və dərin hörmətə layiqdirlər. Çünki onlar yalnız insan sağlamlığını qorumaq üçün deyil, həm də Vətənin müdafiəsi üçün and içiblər.
Bu insanlar həm silah, həm də tibbi ləvazimatlarla Vətənin xidmətindədirlər. Hərbi tibb işçiləri təkcə peşəkar biliklərinə deyil, həm də dözümlülüyə, güclü iradəyə və sonsuz vətənpərvərliyə sahibdirlər.
Bu yolu seçənlərin yalnız bir amalı var - insan həyatını xilas etmək, qorumaq, Vətənə xidmət etmək. Onlar döyüşçüdürlər, xilaskardırlar, fədakardırlar.
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Travmatologiya və bərpaedici cərrahiyyə şöbəsinin baş ordinatoru tibb xidməti polkovnik-leytenantı Rahib Cəbrayılov həm həkim, həm də hərbçi kimi Vətənə fədakarlıqla xidmət edir.
Tibb xidməti polkovnik-leytenantı Rahib Cəbrayılov 1984-cü ildə Hacıqabul rayonunda anadan olub. Tibb sənətinə xüsusi marağı səkkizinci sinifdə başlayıb. Çox yaxın bir qohumunun xəstəxanadan sağlam olaraq geri qayıtması onun yaddaşında silinməz izlər qoyub. Hətta bu xeyirxah peşəni seçməsinə vəsilə də olub. 2001-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.
- O zaman hərbi tibb fakültəsi yeni açılmışdı. Dördüncü kursda oxuyanda hərbi formada olan tibb fakültəsinin kursantlarını görəndə illərdir ürəyimin dərinliyində ümmana dönən vətənpərvərlik hissləri özünü göstərdi. Ən çox sevdiyim iki peşəni birləşdirmək üçün Hərbi Tibb fakültəsinə üz tutdum. Hərbi həkimlər haqqında araşdırmalar apardım. Dünyaşöhrətli alim, əfsanəvi hərbi cərrah Nikolay Piroqovun zamanında çox sürətli əməliyyatlar həyata keçirməsi diqqətimi çəkdi. Mən də ən yaxşısı olmaq üçün əlimdən gələni etdim. 2007-ci ildə Hərbi Tibb fakültəsini əla qiymətlərlə bitirdim. Hərbi tibb fakültəsində təhsil almaq təkcə peşəkar həkim olmaq deyil, həm də hərbi qaydalara, döyüş şəraitinə uyğun fəaliyyət göstərməyi öyrənmək deməkdir. Döyüşlərdə tibbi yardım göstərmək, yaralıları xilas etmək, ən çətin şəraitdə qərar vermək böyük məsuliyyət tələb edir. Tibb xidməti polkovnik-leytenantının fəaliyyəti onun fədakarlığını və vətənpərvərliyini sübut edir.
O zaman cəbhə bölgəsinə yaxın hərbi hissələrdən birində xidmətə başlayıb. Daha sonra ixtisaslaşma kursuna göndərilib. Ümumi cərrahiyyə üzrə ixtisaslaşdıqdan sonra xidmətini “N” hərbi hissəsində davam etdirib. 2016-cı ildə imtahan verərək təhsilini Gülhanə Hərbi Tibb Akademiyasında təkmilləşdirməyə gedib.
- Üç mərhələli imtahan verərək qəbul oldum. Amma orada travmatoloq kimi təhsil aldım. Həmin müddətdə Türkiyə Respublikasının cənub-şərqində antiterror əməliyyatları aparılırdı. O zaman mən 1000-dən çox yaralı gördüm. Əməliyyatlarda iştirak etdim. Bu, mənim təcrübəmə, həqiqətən, müsbət mənada böyük təsir göstərdi. Beş il orada tibbi təhsil aldığım müddətdə mənə verilən həftə sonu istirahətlərini, məzuniyyətlərin hamısını başqa xəstəxanalarda ixtisasımı dərindən yiyələnməyə sərf etdim. Yəni, daha çox öyrənmək arzusuyla 5 il müddətində Türkiyənin yeddi böyük şəhərində 17 xəstəxana gəzdim. Axı mən bütün güc strukturlarımızın ilk ortoped uzmanı olacaqdım. Bu, mənim çiyinlərimə daha böyük bir məsuliyyət yükləyirdi. Vətənimdə məni çox böyük bir məsuliyyətli vəzifə gözləyirdi. Və mən bunun fərqində idim. Çünki orada olanda yanında hocaların, təcrübəli həkimlər var. Onlardan dəstək alırsan. Burada isə ən yüksək kateqoriyada təhsil görmüş həkim sənsən.
2020-ci ilin 27 sentyabrında xalqımızın yaddaşında böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıcı olan Vətən müharibəsi başladı. Biz - Gülhanədə təhsil alan azərbaycanlılar raport yazaraq geri qayıtmaq istədiyimizi bildirdik. Lakin bizə cavab gəldi ki, qismən səfərbərlikdi. Bizim ürəyimiz Vətənimizlə atırdı. Doğma torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə biz də öz sahəmiz üzrə vuruşmaq istəyirdik, - tibb xidməti polkovnik-leytenantı R.Cəbrayılov dedi.
Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Rahib həkimlə söhbətləşərkən bir daha bunun canlı şahidi oldum.
- "Ehtiyac olsa çağırarıq". Amma damarlarında azərbaycanlı qanı axanlar üçün bu sözlə kifayətlənmək mümkünsüzdür. İkinci dəfə yenidən raport yazdıq. Bu dəfə cavab gəldi ki, kim istəyirsə, Vətənə qayıda bilər. Təcili olaraq geri qayıtdıq.
Tibb xidməti polkovnik-leytenantı Baş Klinik Hospitala gəldikdə döyüş gedən ərazilərə - ən yaxın Ağdam bölgəsində fəaliyyət göstərən hospitala ezam olunur. Öz sahəsi üzrə "döyüşlərə" qatılır. 300-dən çox əməliyyat həyata keçirir. Azərbaycan əsgərinin rəşadətindən, qəhrəmanlığından qürurla danışan həkim bildirdi ki, həmin günlərdə bütün orta və yüngül yaralılar müalicələrinin dayandırılmasında - döyüşə qayıtmaqda israrlı idilər. Bu, Azərbaycan əsgərinin qələbə əzminin kükrəyişi idi...
- Hospitala daxil olan müxtəlif dərəcəli yaralılar gördük. Həkimlərimiz ağır əməliyyatlar həyata keçirir, onların qısa müddətdə müalicə olunaraq xidmətə qayıtmaları üçün əllərindən gələni əsirgəmirdilər. Bu, Vətən müharibəsi dövründə tibb işçilərinin döyüşü və Zəfəri idi desək, yanılmarıq.
Zəfərdən sonra geri dönərək təhsilini davam etdirən hərbi qulluqçumuz ordumuzun ilk ortoped uzmanı kimi Vətənimizə qayıdıb. Orada əldə etdiyi bilgilərlə həm mülki, həm də hərbçi vətəndaşlarımıza şəfa bəxş edir.
- Üç ildir xidmətimi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında davam etdirməkdəyəm. Bu müddətdə antiterror əməliyyatında olduqca yüksək səviyyədə xidmət göstərərək aldığımız təhsilin, həqiqətən də, orduda nə qədər böyük müsbət təsiri olduğunu nümayiş etdirdik. Həkimlərimiz xaricdə təhsiliylə, konfranslarda, simpoziumlarda iştirakı ilə, davamlı olaraq öz üzərlərində işləyib tibbin yenilikləri ilə yaxından tanış olmaqlarıyla daha da təkmilləşirlər. Bunların nəticəsidir ki, bir sıra əlilliyə səbəb olan yaralanmalar var idi ki, biz onların əlil olmasına imkan vermədik. Bunlardan ətrafları, siniri qopanlar var idi. Əvvəllər - Birinci Qarabağ müharibəsində bu yaralanmalar əlilliklə nəticələnirdi, indi belə yaralılar - ətraf uzatmaları olsun, sinir, vətər köçürmələri, böyük əməliyyatlar keçirərək normal həyatlarına davam etdilər. Antiterror əməliyyatından sonra əlil olanların sayı, həqiqətən, minimal oldu, - Rahib həkim bildirdi.
Müharibə şəraitində, çətin döyüş şəraitində yaralılara ilk tibbi yardım göstərmək, onların həyatını xilas etmək, yaralı döyüşçüləri sağ-salamat arxaya çıxarmaq tibb işçilərinin əsas missiyası olub.
Azərbaycanın Vətən müharibəsindən Zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz Vətənə sonsuz sevgi hissinin sarsılmazlığı oldu. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ermənilərin işğal etdiyi torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.
Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşən həkim dedi ki, Ağdamda olanda bir nəfər yaralı hərbi qulluqçu - gizir gətirdilər. “Çanaq nahiyyəsindən çox ağır yaralanmışdı. Onu əməliyyat edib, reanimasiyaya yerləşdirdik. Vəziyyəti ağır idi. Sözsüz ki, onun üçün mümkün olacaq hər şeyi edirdik. Atası övladının vəziyyəti ilə bağlı soruşduqda komandirimiz ona hər şeyə hazır olmasını dedi. Ata elə ağladı ki, ay oğul, qapının ağzında onu anası, nişanlısı gözləyir, mən indi onlara nə deyim, necə deyim?
Gecəni çox narahat keçirdik. Səhər tezdən xəstəyə baxanda gördüm ki, ümidimizin son telləri belə qırılmaq üzrə olan yaralının həyati dəyərlərində müsbətə doğru dəyişikliklər var. O anda keçirdiyim hissləri sözlə ifadə etmək mümkünsüzdür. Atasına bu şad xədəri verəndə sevincdən necə qışqırdısa, sanki bina silkələndi. Bu hadisədən həkim olaraq çox qürurlandım”.
- Zəlzələ ən qəddar düşmənlə belə müqayisə olunmayacaq dərəcədə təhlükəlidir. Çünki bir anın içində yurd-yuvaları yerlə-yeksan edir, yüzlərlə, bəzən minlərlə insanın ömrünə son qoyur. 2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli təbii fəlakətdə də bunun bir daha canlı şahidi olduq. Bir millət, iki dövlət olaraq qardaşlarımızın yaşadığı bu durum hər birimizi dərindən sarsıtdı.
Mən Türkiyədə Gülhanə Tibb Akademiyasında təhsil almışdım. Orada olduğum müddət ərzində bizə olan münasibətin və sevginin daha yaxından şahidi olmuşdum. Vətən müharibəsində də qardaş dövlətin mənəvi dəstəyi danılmazdır. Fəlakətdən sonra bir həkim olaraq orada olmağı özümə borc bildim. Kahramanmaraşda olduğum müddətdə komandamız əlindən gələni əsirgəmədi. Biz tibbi yardımlardan, əməliyyatlardan fürsət olanda şəhərdə görülən işlərə də köməklik etdik - çadır qurduq, yemək daşıdıq.
Həkim insan sağlamlığının keşiyində duran, həyatları xilas edən və cəmiyyətin rifahına xidmət edən fədakar şəxsdir. O, yalnız xəstəlikləri müalicə edən bir mütəxəssis deyil, həm də ümid verən, şəfa gətirən və insanlara yeni bir həyat bəxş edən insandır.
Bütün böyük yolçuluqlar bir arzu ilə başlayır. Rahib həkimin səkkizinci sinifdə oxuyan qızı Nigarın ən böyük arzusu atasının yolunu davam etdirməkdir. O, atasının seçdiyi bu müqəddəs peşənin - həkimliyin vurğunudur və gələcəkdə cərrah olmaq istəyir. Hər bir ata üçün övladının onun yolunu davam etdirməsi dünyadakı ən böyük fəxrdir. Rahib həkim də bu hissi yaşamaqdadır. Nigar hələ kiçik yaşlarından atasının insanlara necə sevgi və fədakarlıqla kömək etdiyini görərək, bu sənətə böyük maraq göstərib. Tətillərdə atası ilə birlikdə hospitala gələrək real tibbi mühitlə, əməliyyatlarla yaxından tanış olub. Bir insanın yolunu davam etdirmək üçün eyni peşəni seçmək kifayət etmir - o ruhu da yaşatmaq istəyir.
2010-cu ildə Monteneqroda NATO-nun konfransında ölkəmizi təmsil edən Rahib həkim ölkə daxilində və xaricində keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda davamlı olaraq iştirakından söhbət açdı. Bildirdi ki, həkimlik sadəcə bir peşə deyil, insan həyatına birbaşa toxunan müqəddəs bir missiyadır. “Bu missiyanı layiqincə yerinə yetirmək üçün həkim daim öz üzərində işləməli, bilik və bacarıqlarını artırmalıdır. Tibbin sürətlə inkişaf etdiyi bir dövrdə illər öncə öyrənilən biliklərlə kifayətlənmək olmaz. Yeni metodlar, müasir texnologiyalar, fərqli müalicə protokolları hər gün dəyişir və yenilənir. Peşəkar həkim daim oxumalı, araşdırmalı, beynəlxalq təcrübələri öyrənməli və praktikasını zənginləşdirməlidir. Belə olduqda xəstəyə ən düzgün diaqnoz qoymaq, ən səmərəli müalicə üsulunu tətbiq etmək mümkündür. Özünü inkişaf etdirməyən həkim zamanla bilik baxımından geridə qalır və bunun acı nəticəsini həm özü, həm də müalicə etdiyi xəstələr çəkir”.
Uzman həkim hələ Gülhanədə oxuyarkən ortopedik sahədə müxtəlif ingilis dilində dərc olunan kitabların tərcümələrində iştirak edib. Həmin kitablarda qeydləri var, adı çəkilib. Bəzi araşdırmalar üzrə məqalələri dərc olunub. 2024-cü ildə Türkiyədə Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında 4 aylıq sümük xərçəngi üzrə ixtisasartırma kursu keçib. Bu gün həyata keçirdiyi bəzi əməliyyatlar - uşaqlarda və böyüklərdə diz qapağı çıxıqlarının rekonstruksiyası, oynaq donmalarının minevaziv minimal invaziv yolla aradan qaldırılması haqqında da elmi məqalələr dərc edəcəyini vurğuladı.
Rahib Cəbrayılov kimi hərbi tibb işçiləri təkcə peşəkar bilikləri ilə deyil, həm də böyük cəsarət və vətənpərvərlikləri ilə seçilirlər. Onlar bəzən həyatlarını belə təhlükəyə ataraq, silahdaşlarını həyata qaytarmaq üçün mübarizə aparıblar. Belə fədakarlar tarixdə hər zaman iz qoyur və unudulmaz olurlar.
Onun fədakarlığı, xidməti və peşəsinə olan sədaqəti gələcək nəsillər üçün nümunədir. Belə insanlar sayəsində həm Vətən qorunur, həm də onun uğrunda canını fəda etməyə hazır olan hərbçilərin həyatı xilas olunur. Belə ömürlər Vətən üçün yaşanılan ömürdür...
Kapitan
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"