Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2025 13:13

Vətən qoruyucularımızın fiziki hazırlığı hər zaman diqqət mərkəzindədir

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Qısa zaman kəsiyində həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan idman ölkəsinə çevrildi, idmançılarımız beynəlxalq arenalarda möhtəşəm qələbələrə imza atdılar.
Ulu Öndərin başladığı və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmiz regionun ən güclü dövlətinə çevrildi.
Azərbaycanın iqtisadi qüdrətinin gündən-günə artması bütün sahələrdə olduğu kimi, idmanın tərəqqisinə də müsbət təsir göstərdi. Bu gün də ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Nəinki Bakıda, həmçinin regionlarda bir çox müasir olimpiya komplekslərinin tikilərək istifadəyə verilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi yuxarıda sadaladıqlarımızın bariz nümunəsidir.
Bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da idmana yüksək diqqət göstərilir. Çünki fiziki hazırlıq Vətən müdafiəçilərimizin sağlam, iradəli və dözümlü olmalarını təmin edir. Məhz buna görə də bölmələrdə torpaqlarımızın müdafiəsində dayanan igid oğullarımızın digər hazırlıqları ilə yanaşı, fiziki hazırlığına ciddi nəzarət edilir.
"N" hərbi hissəsində olduğumuz zaman şəxsi heyətin fiziki hazırlıq məşğələsini izlədik. Günün nizam qaydalarına uyğun olaraq, hərbi qulluqçularla gün ərzində iki dəfə, səhər və axşam məşğələlər keçirilir. Hərbi hissədə müasir standartlara uyğun salınan idman şəhərciyi hərbi qulluqçularımızın idmanın bütün növləri ilə məşğul olmasına geniş şərait yaradır.
Məşğələ rəhbəri baş gizir Anar Əsədov söhbət zamanı bildirdi ki, əsgərlərimizin döyüş hazırlığının yüksəldilməsində fiziki hazırlıq məşğələlərinin mühüm rolu var. "Şəxsi heyətin fiziki cəhətdən hazırlıqlı olması vacib amillərdəndir. Məhz bu səbəbdən də əsgərlərin hərtərəfli hazırlığına xüsusi diqqət yetirilir. Döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqları yüksək səviyyədə və vaxtında yerinə yetirmək üçün hər bir hərbi qulluqçu fiziki cəhətdən güclü olmalıdır. Günün nizam qaydasına uyğun olaraq keçirilən məşğələlər sayəsində əsgərlərimizin özünəinam hissləri artırılır. Həmçinin Vətən müdafiəçilərimizin fərdi hazırlığına da hər zaman diqqət ayırırıq. Bir çox əsgər ordu sıralarına çağırılanadək idmanın müxtəlif növü ilə məşğul olub. Aralarında elələri də var ki, respublika, hətta beynəlxalq əhəmiyyətli yarışların iştirakçısıdır. Əsgərlərimizin fiziki hazırlığının daim yüksək səviyyədə saxlanılması, idman məşğələlərinin daha səmərəli keçirilməsi üçün bütün imkan və vasitələrdən istifadə edirik".
Hərbi qulluqçumuzun idman haqqında bu qədər biliyə malik olması məndə xoş təəssürat yaradır. Öyrənirəm ki, gizir A.Əsədov idmanın sərbəst güləş növü ilə məşğul olub, Sumqayıt şəhərində keçirilən zona birinciliyinin qalibi olub. Hərbi xidmət dövründə isə hərbi qulluqçumuz 2005-ci ildə Müdafiə Nazirliyi və 2023-cü ildə Quru Qoşunları üzrə keçirilən hər iki yarışda 3-cü yerə layiq görülüb.
Əsgər Amil Qasımov bildirdi ki, keçirilən məşğələnin köməkliyi ilə fiziki hazırlıqlarını artırırlar. "Çünki biz qalib Azərbaycan Ordusunun hərbi qulluqçusu olaraq düşməndən azad olunmuş torpaqlarımızı göz bəbəyimiz kimi qorumalıyıq. Bizə əmanət olan bu müqəddəs vəzifəni yerinə yetirməyimiz üçün isə döyüş, atəş, mənəvi-psixoloji hazırlıqlarla yanaşı, fiziki hazırlığımızı da yüksək səviyyədə saxlamalıyıq. Çünki döyüş zamanı silah-sursatla müəyyən ərazini dəf etməli və zərurət yaranarsa əlbəyaxa döyüşdə qalib gəlməyi bacarmalıyıq".
Əsgər Tuncay Quliyev dedi ki, idman iradəni, dözümü, gücü artırmaq üçün əsas vasitədir. "Hərbi qulluqçu həm döyüş, həm də fiziki hazırlıq baxımından hər zaman yüksək hazırlığa malik olmalıdır ki, döyüşdə uğur əldə edə bilsin".
Vətən müdafiəçilərimiz müddətli hərbi xidmətə çağırılanadək idmanın cüdo növü ilə məşğul olub, milli komandanın üzvü olub. 2021-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Avropa birinciliyində 3-cü yerə layiq görülüb. Hərbi xidmət dövründə isə ordu üzrə keçirilən birinciliklərdə iştirak edib.
Digər hərbi qulluqçularımız da hərbi hissədə onlar üçün yaradılan şəraitdən, komandir heyətinin onlara göstərdiyi diqqət və qayğıdan ağızdolusu danışaraq bildirdilər ki, torpaqlarımızın müdafiəsində mətin dayanır, istənilən təxribatların qarşısını almağa hər zaman hazırdırlar.

Elçin İMANOV

"Azərbaycan Ordusu"